Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhərsalma və ekologiya

​​​​​​​Bütün dünyada, o cümlədən Azərbaycanda urbanizasiya get-gedə daha çox vüsət alır.

06.03.2021 11:51
7
A+
A-

Bütün dünyada, o cümlədən Azərbaycanda urbanizasiya get-gedə daha çox vüsət alır. Yeni-yeni şəhərlər salınır, mövcud şəhərlər daha böyük ərazilər boyu inkişaf edir. Bu genişlənmə özü ilə bərabər sənaye, nəqliyyat nəhənglərinin yaranmasına, beləliklə, ekoloji tarazlığın pozulmasına səbəb olur. Şəhərsalma prosesini ekologiyaya zərər vurmadan aparmaq mümkündürmü?

Biologiya elmləri doktoru, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Yusif Zeynalovun fikrincə, qismən mümkündür. Amma bütün hallarda şəhərlərin inşası təbiətə müəyyən dərəcədə ziyan vurur. Əvvəla, tikilən binalar torpağın strukturunu pozur, bitkiləri yox edir. Ona görə də şəhərlər azverimli, florası, faunası zəif ərazilərdə tikilməlidir. Yeni ot, kol bitkiləri, ağaclar əkilməlidir. Yeni əkinlər təbii floranı pozsa da, qısa müddətdən sonra həmin ərazidə yeni, daha əlverişli flora, fauna mühiti yaranacaq. Bu mühit quşların, digər canlıların cəlb olunmasına xidmət edəcək. Beləliklə, ekoloji durum əvvəlkindən də yaxşı vəziyyətə gətiriləcək. Dediyim ölçülərlə yanaşanda, məsələn, özünəməxsus ekoloji vəziyyəti olan Abşeron yarımadası şəhərsalma baxımından çox münasibdir. Abşeronda illik yağıntı olduqca azdır. Burada yetişən bitki növləri də quraqlığa uyğun növlərdir. Şəhərlər salınanda parklar, binaətrafı yaşıllıqlar ekoloji vəziyyəti əvvəlkindən qat-qat yaxşılaşdırır.

Vaxtilə Abşeronda az sayda quş növü var idi. Lakin indi Abşeronda quşların, heyvanların növ tərkibi daha da artıb. Çünki burada quşların, digər canlıların qidalanması üçün əlverişli şərait yaranıb.

Bir qədər mövzudan kənara çıxıb deyim ki, ekologiyanı təkcə şəhərlərlə məhdudlaşdırmaq olmaz. Bir bioloq kimi ürəkağrısı ilə deyim ki, Azərbaycanda ağacların qırılması, yaşıllıqların məhv edilməsi ekoloji vəziyyəti pisləşdirib. Bitki olmayan ərazidə digər canlılar, heyvanlar da yaşaya bilməz. Vaxtilə ölkəmizdə tetra quşları, bəzi maral növləri mövcud olmuşdur. Meşələr qırılan zaman o heyvanların bir çoxu barınmağa yer tapa bilməmişdir, uzaq ölkələrə köç etmişdir. Meşələrin qırılması heyvanların qidalarının əlindən alınması ilə yanaşı, yaşaması üçün lazım olan barınmaq yerlərinin də məhv edilməsi deməkdir. Ağaclar olmasa, yaşıllıq olmasa oksigen azlığı meydana çıxır. İnsan yetərli qədər oksigen almırsa, ömrü qısalır. Təcrübəli müəllimlər, valideynlər bununla bağlı  hər zaman maarifləndirmə işləri aparmalı, hələ kiçik yaşlardan bizim gələcəyimiz olan uşaqlara təbiəti sevməyi, qorumağı öyrətməlidirlər.

Həmsöhbətim onu da əlavə etdi ki, Abşeronun yaşıllaşdırılması məqsədilə Mərkəzi Nəbatat Bağından 10 mindən çox bitki alınıb. Fabriklərin, zavodların ətrafında geniş yaşıllıq zolaqlarının salınması zəhərlənmələrin miqdarını xeyli aşağı düşürər. Yaşıllaşdırma trestinə 100 minə yaxın bitki vermişik. Hazırda da bu ənənəni davam etdiririk.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirdi ki, binalar tikilərkən əvəllər daha çox yaşıllıqlar, parklar zəbt olunur, kiçik ağaclar kəsilirdi. Sonradan bu işlər şəhərsalma komitəsinə həvalə olundu. Komitənin qəbul etdiyi son qərarlardan biri də odur ki, şəhərsalma şirkətləri bina tikdikləri ərazinin 20-30 %-ni yaşıllıq əraziyə çevirməlidirlər. Təəssüflə bildrirəm ki, ağacların çoxu sovet dövründən qalma, yaşı ötmüş kövrək ağaclardır ki, onlar da bərk külək əsən zaman qırılaraq ətraf ərazilərə, insanlara zərər verir. Onların yenilənməsi lazımdır.

Bu gün biz kənardan baxsaq görərik ki, səma bərbad vəziyyətdədir. Son illər salınmış yeni parklara nəzər salsaq, onlar mərmər və daş örtüklərlə bəzədilib. Bu da həm ekoloji cəhətdən, həm də isti havalarda insanların sərinləməsi üçün heç də əlverişli deyil. Bayıl, Badamdarda müəyyən ərazilər var ki, sürüşmə zonasındadır. Sovet dövründə bu sürüşmələrin qarşısı ağaclarla alınırdı. Xüsusən də şam ağacları ilə. Hazırda Bakıda çox əzəmətli və keyfiyyətli binalar tikilir, lakin yaşıllıqlara diqqət yetirilmir. Binaların ətrafında dekorativ ağaclar əkirlər ki, onlar da yalnız gözəllik verir, insana faydası çox azdır. Çox acınacaqlıdır ki, bu gün şəhərin mərkəzində yaşıllıq salmaq istəsələr də, boş sahə tapmaq mümkün deyil. Yaşıllıqlar əraziyə görə seçilməlidir. Əhalinin sayı, sıxlığı nəzərə alınmalıdır.

E.Fərzəliyev dedi ki, günümüzdə pilot layihələr tətbiq olunur. Sovet dövründən qalan binalar sökülərək yerinə yeniləri tikilir. Misal üçün, 5 mərtəbəli binaların yerinə 15 mərtəbəli binalar tikilir. Həmin ərazilərdə yaşayan insanların sayı üç, beş dəfə artır. Yaşıllıqlarla yanaşı, həyətlərdə uşaqların, yaşlıların dincəlməsi üçün istirahət guşələri yaradılmalıdır. Bunları artıq avtomobil dayanacaqları ilə əvəz edirlər. Əksər binaların həyəti, demək olar ki, avtomobillər üçün nəzərdə tutulub. Artıq insanlar öz evlərindən yalnız otel kimi istifadə edirlər. Avropa ölkələrində həm binaların eyvanlarında bağ salınır, həm də binaların damlarında, dibçəklərdə də olsa, yaşıllıq ərazi düzəldilir. Düşünürəm ki, tezliklə Azərbaycan da bu tendensiyaya qoşulmalıdır.

Həmsöhbətim onu da qeyd etdi ki, ən vacib məsələlərdən biri də odur ki, hazırda yeni tikili binalara nəzər salsaq, ortalama hər binada 200, 300 mənzil var. Binaların böyük əksəriyyətində mərkəzi istilik sistemi yoxdur. Ona görə hər bir vətəndaş məcburi eyvanında kombi qurur. Kombidən çıxan zəhərli qazlar birbaşa havaya qarışaraq ekologiyaya ciddi ziyan vurur. Əhalinin sayına uyğun yaşıllaşdırma olmadığına görə, bütün bunların hamısı insanların müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur.

“Biz binaların fasadlarının qaralmasının şahidi oluruq. Avtomobillərin, kombilərin zəhərli qazları binaların fasadlarını necə qaraldırsa, insanların daxili orqanlarını da həmin vəziyyətə salır. Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır. Biz sağlam gələcəyimiz üçün adambaşına düşən yaşıllıq sahələrinə dair normalara tam riayət etməliyik”, - deyə E. Fərzəliyev bildirdi.

Gülöyşə MƏMMƏDLİ