Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Öhdəliklərin yerinə yetirilməsiüzv təşkilatlarla sıx əlaqə şəraitində mümkün olacaqdır

Beynəlxalq tədbirdə Azərbaycanın da təcrübəsi təqdim olundu

29.04.2021 12:02
26
A+
A-

 

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi (TAHİK) ilə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan təhsil işçiləri həmkarlar ittifaqları rəhbərləri arasında Zoom platforması üzərindən yüksək səviyyəli görüş keçirilmişdir.

Görüşün gündəliyinə TAHİK-in yeni seçilmiş prezidenti Larri Flanaqanla tanışlıq, pandemiyanın təhsil və həmkarlar ittifaqlarının fəaliyyətinə təsiri, regional əməkdaşlıq və digər cari məsələlər daxil edilmişdi. Birinci məsələ ilə bağlı Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin direktoru Susan Flokenin çıxışı dinlənildi. Yeni seçilmiş prezidentin təqdimatını etdikdən sonra dedi ki, pandemiya Beynəlxalq Təhsil Birliyi, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi qarşısında yeni öhdəliklər yaradıb. Bu öhdəliklərin yerinə yetirilməsi üzv təşkilatlarla sıx əlaqə şəraitində mümkün olacaqdır.

Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev geniş məruzə etdi. Bildirdi ki, təmsil etdiyi qurum TAHİK və onun üzv təşkilatları ilə geniş əlaqələrə malikdir. Ümidvar olduğunu söylədi ki, bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

Hümbət müəllim son vaxtlar respublikamızın həyatında baş verən mühüm hadisələrə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycan ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 44 gün ərzində düşməndən geri almağı bacardı. Bu müharibədə Ermənistan tərəfinin qeyri-humanist hərəkətləri nəticəsində 100-ə yaxın dinc sakin həlak oldu. Həlak olanların arasında təhsil işçiləri və onların ailə üzvləri də var idi. 21 nəfəri təhsil işçisi şəhidlik zirvəsinə yüksəldi. Təşkilatımız şəhidlərimizin ruhuna ehtiramla yanaşır, ailələrinə qayğı göstərir. Erməni vandalları tərəfindən evləri dağıdılmış təhsil işçilərinə köməklik göstərilir.

COVID-19 pandemiyası ilə bağlı danışan H.Nağıyev qeyd edib ki, Azərbaycan pandemiya dövründə ən uğurlu strategiya seçən ölkələrdən biri olmuşdur. Çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın geniş yayılmasına imkan vermədi. O, vurğulamışdır ki, COVID-19 pandemiyası təhsil sahəsinə, o cümlədən də həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə təsir göstərmişdir. Hazırda, yaş məhdudiyyəti olmadan,  ümumtəhsil müəssisələrinin müəllim və texniki heyətinin vaksinasiya prosesi davam etdirilir. Bu günədək 60 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunmuşdur. Natiq məlumat üçün bildirdi ki, Respublika Komitəsi koronavirusun yayıldığı ilk günlərdən infeksiyanın qarşısının alınması, ittifaq üzvlərinin bu çətin günlərdə sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlamışdır. İnfeksiyaya yoluxmuş həm təhsil sahəsində çalışan, həm də təhsil alan hər bir ittifaq üzvünə, onların ailələrinə müntəzəm olaraq maddi yardımlar edilmişdi. Onlayn formada layiqli iş şəraitinin təmin edilməsi, müəllimlərin əməkhaqlarında gecikmələrin olmaması, əmək fəaliyyətindən kənarlaşdırılmaması tərəfimizdən xüsusi nəzarətə götürülmüşdür.

Bununla yanaşı, imkanımız daxilində, təhsil müəssisələrinə tibbi maskalar, qoruyucu və dezinfeksiyaedici vasitələr paylamışıq. Ölkədə ilk koronavirusa yoluxma halı qeydə alındıqdan dərhal sonra Respublika Komitəsi də məsafəli iş rejiminə keçmiş, bütün mədəni-kütləvi tədbirlər ləğv edilmiş, ilk təşkilatlarla Respublika Komitəsi arasında çevik onlayn əlaqənin qurulması üçün təxirəsalınmaz addımlar atılaraq maddi-texniki baza formalaşdırılmışdır. Vaxtaşırı olaraq ilk təşkilatlarla onlayn konfranslar təşkil edilərək yerlərdəki vəziyyət analiz edilmişdir.

Tədbirdə digər iştirakçı ölkələrin nümayəndələri də çıxış edərək mövzu ilə bağlı məlumat vermişlər.

 

ETİKETLƏR: