Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gələcək sosial rifahın qarantiyə alınmasına imkan yaradan qərar

Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda dəyişiklik edib

06.03.2021 12:16
22
A+
A-

Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən,  artıq kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq və təsərrüfat üzvləri gəlirlərinə uyğun vergi verəcəklər. Bəs kənd təsərrüfatı ilə məşğul olanlar əmək stajlarının hesablanması üçün  nə etməlidir?

Deməli, ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir. Onun və təsərrüfat üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir və aşağıdakı məlumatlar göstərilməlidir:

- ailə kəndli təsərrüfatının adı və ünvanı;

- ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;

- ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).

Daha sonra bələdiyyə orqanı ərizəyə,  5 gündən gec olmayaraq, baxmalıdır.

Həmçinin bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə vəsiqə artıq “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə təqdim ediləcək.

Millət vəkili Vüqar Bayramov deyir ki, yeni qaydaların tətbiqi kənd təsərrüfatı ilə məşğul olan ailə kəndli təsərrüfatı üzvlərinin stajlarının hesablanmasına və gələcəkdə  pensiya almaq imkanı verəcək. Uçot sisteminin təkmilləşdirilməsi sayəsində ailə kəndli təsərrüfatının üzvləri gəlirlərinə uyğun vergi də verəcəklər. Nəticədə dövlət büdcəsinə daxil olan vergi və sosial ödənişlər artacaq. Eləcə də uçotun aparılması həmin məlumatların elektronlaşmasına və elektron şəbəkəyə inteqrasiyasına imkan yaradacaq ki, bu da ailə kəndli təsərrüfatının üzvlərinin, subsidiyalar da daxil olmaqla, dövlət dəstəyindən daha geniş istifadə etməsinə şərait yaradacaq.

Kənd təsərrüfatında işləyənlərə əmək stajının hesablanacağı barədə qanuna aydınlıq gətirən iqtisadçı-ekspert Vahid Məhərrəmli qeyd etdi ki, apardığımız hesablamalar göstərir ki, hazırda ölkə üzrə 1 milyon 700 mindən  artıq insan kənd təsərrüfatı ilə məşğul olur. Bu sahədən il ərzində əldə olunan gəliri isə onların sayına böləndə ayda təxminən bir nəfərə 36 manat düşür. Bu, çox aşağıdır. Hesab edirəm ki, kəndli bu məhsuldarlıqla gəlir vergisi verməkdə maraqlı olmayacaq. Həyata keçirilən islahatlar kənd yerlərində məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərməlidir. Bunun üçün bəzi məqamlar var ki, öncə onlar mərhələli şəkildə həllini tapmalıdır.  Məsələn, elə illər olur ki, kəndli məhsuldan gəlir əldə edə bilmir və ya bu gəlir çox az olur. İlk növbədə məhsuldarlığın artırılması istiqamətində addımlar atılmalıdır ki, məhsulun maya dəyəri aşağı olsun. Satış qiyməti istehsalçıları qane etsin.  Məsələn, ən başlıca problemlərdən biri  ailə kəndli təsərrüfatında kəndlinin istehsal etdiyi məhsulu saxlamaq üçün anbarların olmamasıdır.  Buna görə də onlar məcburiyyət qarşısında qalıb məhsulu ucuz qiymətə arada olan vasitəçilərə satmalı olurlar. 

V.Məhərrəmov bildirdi ki, ailə-kəndli təsərrüfatında hər ailənin istehsal etdikləri məhsulun maya dəyəri, bacarığı, işə yanaşma tərzi, istehsal vasitələrinin təminatı və çox sayda faktorlar var ki, qazancın əldə olunmasına təsir göstərir, bütün bunların hamısı fərqlidi. Bunların əsasında, təbii ki, qazanc da müxtəlif olur.  Burada qazancın göstərilməsinin düzgün tənzimlənməsi labüddür. 

Kənd sakini Vaqif Səfərov isə 20 ildən artıqdır kənd təsərrüfatı ilə məşğul olduğunu dedi. Bildirdi ki, taxıl əkini zamanı verilən subsidiyalar xaricində indiyə kimi  təsərrüfatçıya heç bir dəstək olunmurdu. Sərf olunan əmək də staj kimi qeydə alınmırdı. Dövlət tərəfindən belə bir addımın atılması həm kənd təsərrüfatının inkişafına, həm də  ailə-kəndli təsərrüfatı ilə məşğul olan vətəndaşların gələcək sosial rifahının qarantiyə alınmasına imkan yaradacaq, onlar üçün stimul olacaq.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: