Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Poladın nəfəsinin bitdiyi yerdən başladı hər şey...

Bir gün bağçada müəllimi Poladın anasına deyir ki, uşaqların şəkillərini çəkdirəcəyik. Və bir neçə oyuncaq olacaq, hansı ki, uşaqlar həmin oyuncaqlardan birini seçib onunla şəkil çəkdirəcəklər.

06.03.2021 12:23
7
A+
A-

Bir gün bağçada müəllimi Poladın anasına deyir ki, uşaqların şəkillərini çəkdirəcəyik. Və bir neçə oyuncaq olacaq, hansı ki, uşaqlar həmin oyuncaqlardan birini seçib onunla şəkil çəkdirəcəklər.

Növbəti gün anası bağçaya gedəndə, müəllim Poladın şəklini anasına verir. Polad oyuncaq avtomatı əlində tutub şəkil çəkdirmişdi. Müəllim anaya deyir:- “Polad avtomatı götürüb şəkil çəkdirdi. İndi baxarsınız, o uşaq böyüyəndə də əlində avtomat olacaq”.

Bəli, bu balaca uşaq artıq özü də bilmədən taleyin ona yazmış olduğu yolu seçmişdi. Digər uşaqların şəkil çəkdirmək üçün əllərinə aldığı oyuncaqlar bəlkə də sonradan onların həyat yolları ilə üst-üstə düşməyəcəkdi, ancaq əlində avtomat tutan bu oğlan gün gələcək xalqının, torpağının General Polad Həşimovu olacaqdı.

Polad Həşimovun həyatda öz izi, öz zirvəsi var. Bu müqəddəs zirvəyə yol isə ancaq vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yol müqəddəs yoldur. Polad Həşimov da bu yolu seçərək adını vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazdı.

Bitməz-tükənməz qəhrəmanlıqları ilə dillər əzbəri olan generalımızı, az da olsa, yaxından tanımaq üçün ailə üzvlərindən biri ilə-bacısı Kəmalə Həşimova ilə əlaqə saxladıq.

Kəmalə xanıma bu haqda danışmaq çox çətin olsa da, danışarkən göz yaşlarına boğulsa da,  ancaq özünə borc bilib qardaşı haqda bəzi məlumatları bizimlə paylaşdı: “Bizim yaxşı insan deyəndə ağlımıza mərhəmətli, təvazökar, hər cəhətdən müsbət yönləri olan biri gəlir. Baxın, Polad da bu cür insanlardan idi. Sanki hər gözəllik onda birləşərək mükəmməllik yaratmışdı. Polad çox təmiz, vicdanlı adam idi. Bu da, təbii ki, bizim aldığımız tərbiyədən irəli gəlir. Mən uşaqlıq dövrümüzdəki xatirələrimizdən birini danışmaq istəyirəm. Polad dərsdən qayıdanda çantasından bir qələm çıxartdı. Anam dedi ki, sənin belə qələmin yoxdu, bunu hardan almısan? Dedi, ana, mən sinfə girəndə bu qələm stolun üstündə idi, mən də gördüm heç kim götürmür, dərs bitəndə çantama qoydum. Anam dedi ki, axı bu sənin də deyil, sənin olmayanı nə üçün götürmüsən? Sabah məktəbə gedəndə hardan tapmısan, ora da qoy. Kimindirsə, gəlib götürəcək. Bu hadisə onun beynində elə yer eləmişdi ki, ömrü boyu heç vaxt evinə haram tikə gətirməmişdi.

Polad cəsur, mərd zabit idi. Həm əsgərlər, həm də zabitlər arasında böyük hörməti var idi. O, daim əsgərinin yanında olurdu, onlarla komandandan da artıq doğma insanı kimi davranırdı. Hətta anam ona deyəndə ki, “oğlum, axı mən səni görmək istəyirəm, evə tez-tez gəl”, o da deyərdi ki, “sən məni istəyirsən, o uşaqları da valideynləri mənə əmanət edib. Mən onları təkbaşına qoyub gələ bilmərəm”. Bayramları belə, əsgərlər ilə birgə keçirirdi. Əgər bir əsgərin problemi var idisə, onun vəziyyətini öyrənmək üçün kiməsə göstəriş verməzdi, özü gedib şəxsən əsgərlə görüşər, problemi ilə maraqlanıb, yerində həll etməyə çalışardı.

Polad rahat yerlərdə xidmət etməyi seçməzdi heç bir zaman. Hərb həyatının təkcə 9 ilini Murovda-4 min metr yüksəklikdə xidmət etmişdi, hansı ki, ilin 5-6 ayı orada qar olur. Məlumdur ki, bu cür yüksək dağ postlarına getmək üçün xüsusi maşınlar lazımdı. Bir dəfə bizdən maşın almaq üçün ona kömək etməyimizi xahiş etdi. Ailə olaraq aramızda pul topladıq və o,     “NİVA” markalı avtomobil aldı. Üstündən təxminən bir il keçdikdən sonra başqa bir yerdən eşitdik ki, maşınını satıb. Sonradan yoldaşları dedi ki, yüksəklikdə yerləşən postların birində kazarma çox pis vəziyyətdə olub, yağış yağanda içərisi su ilə dolurmuş. Həmin kazarmanı təmir etdirmək üçün maşınını satıb. Bundan başqa, 2016-cı il Aprel hadisələrindən sonra ona dövlət tərəfindən xidmətlərinə görə ev hədiyyə edilmişdi. Özünün evi olmamasına baxmayaraq, o, həmin evi şəhid ailəsinə bağışlamışdı”.

Kəmalə xanım yarı qəhər, yarı qürur hissi ilə qardaşının mərdliyindən, qəhrəmanlığından danışaraq davam etdi: “Keçən günlərin birində Yardımlı rayonundan onun bir əsgəri bizi ziyarətə gəldi. Əsgər söyləyirdi ki, xidmət etdiyi yerdə ermənilərlə çox yaxın postlarda idik. Onlar bizim postları durbinlə izləyirdilər. Görəndə ki, Polad Həşimov ordadı, qətiyyən atəşkəsi pozmağa cəsarət edə bilmirdilər. Çünki əmin idilər ki, general onları, sadəcə, cavab atəşi ilə susdurmayacaq, daha ağır şəkildə cavablarını verəcəkdi.

Hətta hər kəsin bilmədiyi bir məlumatı da mən sizinlə paylaşmaq istəyirəm. Təxminən 10 il bundan öncə Polad təkbaşına Murovda bir post almışdı. Ordan bizim əsgərlər daim atəş altına düşdükləri üçün çox təhlükəli post hesab olunurdu. Polad da o postu ələ keçirməyi qarşısına məqsəd qoymuşdu. Və oranı heç kəsdən əmr gözləmədən almışdı düşməndən. Elə həmin posta da Poladın adını vermişdilər-Polad postu.

Onun orduya verəcəyi çox şey var idi. Hərbi strategiyası, taktikası o qədər güclü idi ki. O Vətən müharibəsində əsgərləri ilə çiyin-çiyinə döyüşməsə də, mən əminəm ki, orda döyüşən əsgərlərin hər birinin içində Poladın ruhu var idi. Könüllü orduya yazılanların əksəriyyəti Poladın qisasını almağı qarşılarına məqsəd qoyub getmişdilər döyüşlərə. Hətta Polad Şəhidlik zirvəsinə ucaldıqdan bu günə qədər 200 nəfərdən çox uşağa Polad adı qoyulub. 6 ay ərzində bu, çox böyük bir statistikadır.

 Bir onu deyə bilərəm ki, Poladın nəfəsinin bitdiyi yerdən başladı hər şey...”.

Şəhadətə yüksəldikdən sonra üzə çıxan məlumatlar, danışılanlar Polad Həşimovun adını qəlbimizdə elə ucaltdı ki, elə bir zirvəyə qaldırdı ki, bu gün bu zirvə haqqında qürurla danışırıq. Gənc nəsil hər zaman o zirvəyə-əyilməzlik, mərdlik, insanlıq, vətəndaşlıq zirvəsi olan Polad Həşimov zirvəsinə qalxmağa çalışacaqdır. Onu özlərinə örnək götürərək Vətəni, torpağı necə sevmək, onu necə qorumaq lazım olduğunu öyrənəcəklər.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: