Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələləri və qazilərimiz daim diqqət mərkəzindədir

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

13.03.2021 14:44
18
A+
A-

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Bu günə kimi Fond 2 775 nəfər şəhid ailəsini ziyarət edib. Fondun hesabatına görə, müraciəti qeydə alınmış yaralı sayı 2 029 nəfər, öhdəliyə götürülmüş şəxslərin sayı 4 796 nəfər, ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların ümumi sayı isə 13 588 nəfər təşkil edib.

Fonddan əldə etdiyimiz məlumata görə, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyədən həkim heyəti ölkəmizə dəvət olunub. Heyətin tərkibində  ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var. Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində müharibədə ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçiriblər.

Eyni zamanda Türkiyəyə göndərilən qazilərimiz də var. Artıq 4 qazi sağalaraq Vətənə geri dönüb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. Daha 20 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Bundan başqa, “YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib. 8 gün ərzində həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan  31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb. Hətta israilli qadın 55 yaşlı rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb. Qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib.

Həmçinin Fond Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün də yeni layihəyə başlayıb. Belə ki, layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunacaq. Şəhidlərimizin yeni doğulacaq övladlarının adına isə bankda depozit hesabı açılacaq və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürüləcək.  Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara bilər. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Artıq müharibədən sonra dünyaya gələn şəhid övladları üçün bu layihə də həyata keçirilməkdədir.

 

Aliyə SƏMƏDOVA