Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Kadr inzibatçılığı  elektron müstəviyə keçiriləcək”

- İşğaldan azad edilmiş rayonlarda özünüməşğulluq proqramı ilə bağlı fəaliyyət necə həyata keçiriləcək?

13.03.2021 14:47
17
A+
A-

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Facebook səhifəsindəki “Sosial saat”da canlı yayımda qəzetimizin əməkdaşının suallarını cavablandırıb. Sualları və onlara verilən cavabları Sizə təqdim edirik.

- İşğaldan azad edilmiş rayonlarda özünüməşğulluq proqramı ilə bağlı fəaliyyət necə həyata keçiriləcək?

-Bununla bağlı Agentliyin tərkibində işçi qrupu yaradılıb. Eyni zamanda işçi qrupu çərçivəsində xüsusi tədbirlər planı təsdiq olunmuşdur. Buna uyğun olaraq işğaldan azad olunmuş bölgələrdə, sərhədyanı ərazilərdə, düşmən terroru nəticəsində zərər çəkən Gəncə şəhəri, Bərdə və Tərtər rayonları üzrə tədbirlər planı hazırlanıb. Bu planda özünüməşğulluq, həm ictimai işlərin təşkili, kvota üzrə iş yerlərinin yaradılması  və digər aktiv məşğulluq tədbirlərinin böyük ölçüdə məhz bu regionlara yönləndirilməsi nəzərdə tutulmuşdur. Tam olaraq o sahədə təmizləmə və hazırlanma işləri həyata keçirildikdən sonra bu işlərə başlayacağıq.   

- Ölkədə əlilliyi olan şəxslər ( xüsusən müharibə əlilləri) üçün iş və təhsil imkanlarının yaradılmasına dair hansı işlərin görülməsi nəzərdə tutulur?

-Qeyd olunmalıdır ki, bizim kvota ilə işə düzəltmə deyilən bir aktiv məşğulluq tədbirimiz var. Bu çərçivədə ölkə üzrə 2800-ə yaxın iş yeri mövcud idi. Amma biz son aylar ərzində ölkə üzrə bütün işəgötürənlərin monitorinqini həyata keçirdik. Müəyyən olundu ki, 6 minə yaxın kvota üzrə iş yerlərinin yaradılması imkanımız var. Bu o deməkdir ki, biz əlillərimizin və digər həssas kateqoriyadan olan şəxslərimizin işlə təmin edilməsi imkanlarını ən azı iki dəfə artıra bilərik. Bu, kifayət qədər yaxşı haldır. Yaxın müddətdə bu prosesə başlayacağıq. İkinci tərəfdən, təhsil məsələsində bizim peşə hazırlığı istiqamətimiz var. Bu sahədə yeni bir yanaşma həyata keçiririk. Bu ondan ibarətdir ki, ənənəvi təhsil artırmadan əlavə olaraq, dövlət-özəl tərəfdaşlığı çərçivəsində istiqamətlərə uyğun ən uğurlu təhsil və təhsilartırma imkanları olan kurslarla, tərəflərlə, şirkətlərlə əməkdaşlıq edəcəyik. Əminəm ki, bu, peşə hazırlığı istiqamətində inqilabi bir dəyişiklik olacaqdır.

- Dövlət Məşğulluq Agentliyi tərəfindən tətbiq olunan Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqinin üstün cəhətləri nədir?

-Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqaməti olaraq rəqəmsal məşğulluğa keçidi əsas götürmüşük. Bu çərçivədə Agentlikdə hazırda 8 böyük innovativ layihənin həyata keçirilməsi üzərində işlər aparılır. Bunun ən maraqlısı və gözləniləni əmək münasibətləri və məşğulluq altsistemidir. İlk hissəsinin tətbiqini yaxın vaxtlarda gözləyirik. Deyə bilərəm ki, sistemin tətbiqi ilə ölkənin əmək münasibətləri sistemi kökündən dəyişəcəkdir. Ölkədə kadr inzibatçılığı tam olaraq elektron müstəviyə keçiriləcəkdir. Bütün kağız yanaşmalar ortadan qaldırılacaqdır. Biz mərhələli şəkildə əmək müqavilələrinin ortadan qaldırılmasını, həmçinin əmək kitabçalarının, sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını, kağız üzərində əmrlər, ştat cədvəli, ezamiyyə vərəqələri və bütün kağız daşıyıcıda olan məsələlərin tam elektron müstəviyə keçirilməsini hədəfləyirik. Əminəm ki, bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı sahəsində dönüş yarada biləcəyik. 

ETİKETLƏR: