Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Novruz bayramı barədə bildiyimiz və bilmədiyimiz məqamlar

Müsahibimiz Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiyi üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovadır

13.03.2021 15:06
66
A+
A-

Müsahibimiz Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiyi üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovadır

-İlhamə xanım, Novruz bayramının atributlarına, rituallarına bir mütəxəssis kimi sizin münasibətinizi bilmək istəyərdim.

- Novruz bayramını atributlarsız təsəvvür etmək mümkün deyil. Bayramın gəlişini biz təbiətin oyanışı ilə ölçürüksə, səməni mütləq göyərdilməlidir. Səməni təbiətin oyanması, həm də ruzi-bərəkət rəmzidir. Biz səmənini cücərdəndə də deyirik ki, “səməni saxla məni, yazda cücərdərəm səni”. Yəni  səmənini bayram günü süfrəmizə qoymaqla növbəti ilin  bərəkət, bolluq içərisində keçməsini arzulayırıq. Novruzun digər atributları sayılan paxlava, şəkərbura, badambura,  qoğal müasir dövrün şirniyyat növləridir. Keçmişdə bu şirniyyat növləri yox idi. Sadəcə  şirin çörəklər, şirin kömbələr sacda bişirilirdi. Zaman keçdikcə bayram süfrəmizi bəzəyən nemətlər də, qədim dövrlərdə olduğu kimi, qida almaqla bərabər, həm də xalqın arzularının, düşüncələrinin, dünyagörüşünün daşıyıcıları funksiyasını yerinə yetirir. Məsələn, qoğal günəşin rəmzidir. Qoğalın üzünü günəş kimi qırmızı rənglə boyayaraq bunu havanın isinməsi ilə əlaqələndirirlər. Yumurta boyamaq isə qədim adətlərimizdəndir.  Hər uşağın adına yumurta boyanar, yumurtalardan hansı daha sərt olarsa, onun qalib gələcəyinə, sözünün ötkəm olacağına işarə kimi qiymətləndirirlər.  İllərdir  nənə-babalarımız qışa saxlanılan sovqatı, qozu, fındığı da süfrəmizə qoyurlar. Qozu, fındığı sındırmaqla içərisində  bizə isti olan qidanı götürürük. Bunu soyuğu qırıb, bahara, istiliyə çıxmaqla əlaqələndirirlər. Novruz süfrələrində biz mütləq şam qoyuruq. Şam od kultu ilə bağlıdır. Od çərşənbəsində qaladığımız ocaq da od kultu ilə bağlıdır.  Biz oda sitayiş etmişik, od istilik deməkdir, qazanlarımızın qaynaması deməkdir. Odu insanlar qədim zamanlarda inanc kimi qəbul ediblər. Od Allahına inanıb, oda sitayiş ediblər deyə odun rəmzini xonçamızın ətrafına düzürük. Hər insanın adına şam yandırılması insanların inamından doğur ki, ona istilik versin, od onun bütün mənfi enerjisini,  başına gələ biləcək bütün problemləri, xəstəlikləri yandırsın və yeni bir sabaha işıq versin. Yeni ilə, yeni günə  qədəm qoyarkən,  sabaha açılan günəş rəmzini versin.

Biz səməninin ətrafına qışdan qalan iydəni də qoyuruq. İydə müqəddəs ağacdır. Qədim türklərin inanc ağacıdır. İydə ağacının  altı hər zaman ruhların olduqları, müqəddəs sayılan bir yer kimi qəbul olunur. İydəni yuxusunda görənlərin yuxusu çin olar deyirlər.

- Novruz bayramı zaman ötdükcə öz mahiyyətindən çoxmu uzaqlaşıb? Əgər uzaqlaşıbsa, bunu təkmilləşmə kimi, yoxsa itki kimi qiymətləndirmək olar?

- Novruz bayramı mahiyyət etibarı ilə zaman-zaman cilalanır. Bir qədər əvvəl dediyim kimi, tərkibinə yeni-yeni atributlar, rituallar hopur. Etiraf edim ki, keçmiş zamanlarda olan Novruz bayramları daha gözəl, daha təmtəraqlı, daha milli idi. Biz, bəlkə də, mənasını başa düşmədən nəyisə sintez edirik. Təəssüflər olsun ki,  artıq  o ab-hava, o əyləncələr, şənliklər yoxdur.

Çərşənbə öncəsi təmizlikdən tutmuş, şirniyyat növlərinin bişirilməsinə qədər  müəyyən adət-ənənələrin yerinə yetirilməsində böyük dəyişikliklər var və bu sahədə itkilərimiz çoxdur. Yaşlı nəsil həyatı tərk etdikcə, onların yaddaşında olan Novruzun ənənəviliyi də unudulur. Biz o adət-ənənələri yaşlı nəsildən olduğu kimi mənimsəyib gələcəyə ötürə bilmiriksə, bunlar yalnız elmi ədəbiyyatlarda qalırsa, gələcəkdə yeni nəsil bunları icra etməyəcək. Təsəlli verən odur ki, tarixin müəyyən dövrlərində Novruz bayramının qeyd edilməsinə qadağalar qoyulsa da, müəyyən atributları sıradan çıxsa da və ya çıxarılsa da, bu bayram mahiyyətcə mənasını qoruyub saxlayır və tam əminliklə deyirəm ki, əbədi olaraq saxlayacaq da. Xalqımızın dünənindən bu gününə kimi nə çərşənbələr, nə də ki, Novruz bayramının  özü dəyişmədi. Eyni zamanda   xalqımızın  Novruza olan həyəcanı, sevgisi dəyişmədi.

-Novruz bayramı rituallarında türkçülük elementləri hansı səviyyədə qorunub saxlanıb?

-Türkün düşüncə sistemində baharın gəlişi xüsusi bir yerə sahibdir.  Qədim türklərdə Novruz bayramı quzeyindən güneyinə, batısından doğusuna qədər böyük bir coğrafi arealda yaşayan toplumların bir çoxu tərəfindən qeyd olunurdu. Bütün bayramlar dini və milli bir inancdan, toplumu maraqlandıran ortaq bir xatirədən, adətdən, duyğulardan, təbiətin insanlara təsir etdiyi  bir  xoş auradan yaranır.  İnanırlar ki, təbiət yazda insanlara daha çox təsir edir, xoş aura bəxş edir.  Türk Tarixi qaynaqlarında Novruz bayramı “Ərgənəqon” adlanırdı.  Firdovsinin “Şahnamə”əsərində, Mahmud Kaşğarinin “Divanü lüğatit-türk”əsərində, Ömər Xəyyamın “Novruznamə” əsərində və başqa bir çox elmi, bədii mənbələrdə Novruz bayramı haqqında kifayət qədər məlumatlar var. Qədim Şumerlər eposu olan  “Gilqameş” dastanında bahar bayramı yeni il, yeni gün, yazın ilk günü adlandırılır. Bolluq, bərəkət rəmzi kimi xatırlanır.  Türklərdə Novruzla əlaqədar önəmli, bu günə qədər də sevə-sevə xatırladığımız “Ərgənəqon” dastanı var.  Dastanda deyilir ki, bir gün qövümlər hiylə ilə Göytürkləri məhv etməyə çalışırlar. Türklərin çadırlarını, mallarını,  insanlarını yağmalayırlar. Böyükləri qılıncdan keçirir, kiçikləri kölə edirlər. Bu yağmadan canını qurtaran bir neçə  türk bir gecə  insanların keçə bilməyəcəyi bir dağın dibində otururlar. Burada yaşadıqları hər gün ərgənəqon, yəni tanrıya şükür edirlər. Burada məskən salırlar. Türklərin 400 il sonra özləri və sürüləri burada elə çoxalır ki, elə bu səbəbdən də oradan çıxış yolu axtarırlar. Bir dəmirçinin tövsiyəsi ilə  dağın geniş yerinə odun yığıb 70 yerdə ocaq qalayırlar. Dəmir dağ əriyir və yüklü dəvənin çıxacağı qədər yol açılır. Onlar o ayı, o günü, o saatı yadda saxlayıb yeni ilin başlanğıcı kimi qəbul edirlər.  Qədim türklərdə Yeni il o gecədən başladı və Göytürklərdə bir adət oldu.

Novruz türklərdə miladdan öncə, üçüncü yüzillikdən bəri  qeyd edilən bayramdır.  Novruzda lopaların yandırılması göyü yaradanın işığa çıxması deməkdir. Lopaların, tonqalların günün ikinci yarısı yandırılması da təsadüfi deyil. Çünki düşünürlər ki, ruhlar şər qarışan zaman evlərini ziyarətə gəlir. Gələn zaman hər ruh öz evini tapa bilsin. Gələn  ruhlar öz evində ab-havanı, şənliyi görürsə, daha çox sevinir.

- Novruzu Zərdüştlüyə bağlayanlar da var. Bu haqda nə deyə bilərsiz?

- Novruzu Zərdüştlə, dinlə bağlamaq tamamilə yalnışdır. Çox dəyərli tədqiqatçılarımız da qeyd edirlər ki, Novruzu heç zaman dinlə, Zərdüştlüklə bağlamaq düzgün deyil.  Bunu sübut edən Novruz bayramında illər boyu davam edən rituallarımız var. Bunlardan kosa -kosa oyununu misal göstərmək kifayətdir. Kosanın ölümü simvollaşdırılır. Onun kəfənsiz ölməsi heç kəsi məyus etmir. Əksinə, insanlara yumor hissi bəxş edir. Burada kosa ölür və yenidən dirilir. Bu da ölüm ilə dirimin mübarizəsidir. Qışın getməsi, yazın gəlməsi, torpağın yenidən canlanması deməkdir.

Novruz mətbəxi, adət-ənənələri, inancları, oyun və tamaşaların hamısını özündə birləşdirən bayramdır. Novruz bayramında üstünlük verilən musiqi aləti sazdır. Saz da məlumdur ki, türkün simvollarından biridir. Təəssüflər olsun ki, artıq bu adəti də  görmürük.  Bayramda xüsusi olaraq meydanlarda aşıqlarımız yer alardılar. Sinələrində saz, dastanlar, gülməli əhvalatlar danışardılar. Oxuya-oxuya evləri gəzər, insanları şənləndirərdilər. Qarabağda, Cıdır düzündə aşıqlar meydana toplaşar, qara zurnanın sədaları altında çalıb-oxuyardılar. “Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir” ifadəsi də  buradan irəli gəlir.

Novruz elə gözəl bir bayramdır ki, qapıya gələn hər kəsə, istər dostun, istər düşmənin olsun, şirniyyat uzadırlar.  Bu bayramlaşmaq, paylaşmaq mənasına gəlir. Lakin zaman keçdikcə ən gözəl adətlərimiz unudulub, sıradan çıxır.  Vətəndaşlarımız Çinin və digər ölkələrin inanclarına uyğun inanclar yaratmağa çalışırlar. 

Qərb bölgəsində bayramdan 1 gün sonra rəhmətə gedənin ili tamam olmayan ailəni ziyarət  edər, şirniyyatla çay içib onları yasdan çıxarırdılar. Son zamanlar ölkəmizdə Novruz bayramında “ellinlik “ mədəniyyətini də görürük. Ümummilli  matəm günlərimizdə şəhid olmuş vətəndaşlarımızın doğmalarını ziyarət etmək artıq ənənəyə çevrilib.

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, biz, folklorşünaslar olaraq, Novruz adət- ənənələrini yaşatmaq, daha da təkmilləşməsi üçün əlimizdən nə gəlirsə edirik və hər zaman da etməyə hazırıq.

 

Gülöyşə MƏMMƏDLİ