Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Qayğımızı əsirgəməməyi borcumuz bilirik”

​​​​​​​Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsində Vətən müharibəsi iştirakçıları

13.03.2021 15:08
11
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsində Vətən müharibəsi iştirakçıları - Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin əməkdaşları olan Rüsif Akif oğlu İbadov və İbiş Tapdıq oğlu Əbilbəyli ilə görüş keçirildi. Görüşdə MİHİ Respublika Komitəsinin  sədri Cəmilə Səttarova Birliyin əməkdaşlarına, onların timsalında bütün müharibə iştirakçılarına minnətdarlığını bildirdi. Dedi ki, xalqımız Vətəni sevib və qoruyub.  44 günlük müharibə də göstərdi ki, əcdadlarımız kimi, bu günün gəncləri də Vətəni canından əziz tutur, uğrunda ölməyi özünə şərəf sayır. Gəncliyimizin ruhuna hopan vətənpərvərlik hisslərinin tərbiyə olunmasında, qüdrətli ordu quruculuğunda ölkə başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərini qeyd etməyə bilmərəm. Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev 44 gün ərzində əbədiyaşar tarix yazdı.

Respublikamızın Prezidenti müasir dünyamızda həm də mükəmməl diplomat olaraq tanındı. Haqq işimizi ideoloji mübarizədə  də şərəflə qorudu, əsaslandırdı. Böyük dövlətləri tutarlı faktlar qarşısında qoymağı bacardı.

Cəmilə xanım bildirdi ki, II Qarabağ döyüşlərində iştirak edən əsgər və zabitlərimiz dünya miqyasında analoqu olmayan igidliklər göstərdilər. Hətta bizi istəyən-istəməyən xarici ölkələrin jurnalistləri hazırladıqları reportajlarda heyrətlə bildirirdilər ki, azərbaycanlılar döyüş zamanı yaralı yoldaşlarını çiyinlərində daşıyır, yaralansalar belə, geri çəkilmirdilər, Vətən uğrunda ölümdən qorxmurdular.

C. Səttarova bildirdi ki, belə cəsarətli igidlərimizdən olan İbiş Əbilbəyli Vətən müharibəsinin başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı rayonlarının erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Göstərdiyi şücaətlərə görə, hərbi hissə komandirliyi tərəfindən Fəxri Fərman ilə təltif edilmişdir. Digər müharibə iştirakçımız Rüsif İbadov da könüllü olaraq cəbhəyə yollanıb, torpaqlarımızın azad olunması uğrunda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Cəmilə xanım qeyd etdi ki, şəhid ailələrinin sosial problemlərini diqqət mərkəzində saxlamağı, qazilərimizə, müharibə iştirakçıları olan üzvlərimizə  qayğımızı əsirgəməməyi borcumuz bilirik. Komitə tərəfindən dövlətimizin yeritdiyi siyasət daim  izlənilir, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış “YAŞAT” Fonduna vəsait köçürülüb, Mədəniyyət Nazirliyinin 8 şəhid və 8 yaralı əməkdaşının ailəsi üçün nazirliyin Həmkarlar İttifaqı Komitəsinə yardım edilib. Bundan sonrakı dövrlərdə də bu yöndəki fəaliyyətimiz davamlı olacaq.

Sonra Cəmilə xanım hər iki müharibə iştirakçımıza Fəxri Fərman və pul mükafatı təqdim etdi.

 

Əsli ƏHMƏDOVA