Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Onlarla daimi ünsiyyətdə olmalı, “problem”lərinə zamanında müdaxilə etməliyik

Valideynlər diqqətli olmalıdırlar. Övladları ilə daimi ünsiyyətdə olmalı, onların “problem”lərinə zamanında müdaxilə etməlidirlər. Əks təqdirdə problem dərinləşir və təəssüf ki, bəzən intihar hadisəsi ilə sonlanır.

11.05.2022 12:47
203
A+
A-

İntihar halları haqqında dünya, eləcə də Azərbaycan mətbuatında çox yazılıb. Çox sayda mütəxəssis araşdırmaları, tövsiyələri dərc olunub.

Statistik məlumatlara əsasən, intihara cəhd daha çox yeniyetmələr və gənclər arasında baş verir. Bir jurnalist kimi, məni də həmişə gələcəyimiz olan gənc nəslin bəzilərinin bilə-bilə öz ölümlərinə qərar vermələrinin səbəbi düşündürür. Onlar niyə bu faciəli addımı atırlar? Səbəb nədir? Onları bu qərarı verməyə kim və ya nə vadar edir?

Ürəyimi parçalayan bu suallara cavab tapmaq ümidi ilə ilk növbədə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmova müraciət etdim. Elnur müəllim ilk və başlıca səbəbi valideyn-övlad münasibətlərinin necə formalaşması ilə əlaqələndirdi. Dedi ki, uşaq və yeniyetmələrin həyata baxışının, dünyagörüşünün formalaşmasında başlıca rolu valideyn oynayır. Bu gün ailədaxili konfilikt, boşanmalar, valideynlərin gündəlik qazanc dalınca qaçması, uşaqların erkən yaşda ifrat informasiyadan, elektron cihazlardan asılı olmaları onların psixikasına, həyatlarını şəkilləndirmələrinə böyük təsir göstərir. Heç kimə də sirr deyil ki, bu gün psixoloji problemlər məhz bu ifrat informasiya səbəbindən daha da artır. Bunun təsirinə biz gündəlik həyat tərzində, valideyn-övlad münasibətlərində və digər müstəvilərdə şahid oluruq. Ona görə də mütəxəssislər haqlı olaraq həyəcan təbili çalır, qabaqlayıcı tədbirlər görməyə çağırırlar.

Valideynlər diqqətli olmalıdırlar. Övladları ilə daimi ünsiyyətdə olmalı, onların “problem”lərinə zamanında müdaxilə etməlidirlər. Əks təqdirdə problem dərinləşir və təəssüf ki, bəzən intihar hadisəsi ilə sonlanır.

Psixoloq qeyd ki, eyni zamanda günümüzdə valideyn-şagird-müəllim üçbucağı daha təkmil olmalıdır. Qarşılıqlı fikir mübadiləsi aparılsa, narahatedici məqamlar vaxtında aşkarlansa, yeniyetmələrin, uşaqların gələcəyi daha etibarlı olar.  Bu gün ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili ilə bağlı islahatlar aparılmalıdır. Hələ ki, ilk addım kimi ştat vahidi müəyyənləşdirilib - 1000 şagirdə 1 məktəb psixoloqu. 1500-dən yuxarı şagirdə 2 məktəb psixoloqu təyin olunub. Burda da mübahisələr var. Çünki Azərbaycanda əksər məktəblərdə şagird sayı 1000 nəfərdən aşağıdır. 100 və daha az şagirddən ibarət məktəblərimiz də var. Necə olur bəs, 100 şagirdə də 1 nəfər psixoloq, 1000 şagirdə də. Hesab edirəm ki, bu yanaşma doğru deyil. Gördüyünüz kimi, qaranlıq qalan məsələlər çoxdur. Bunlara aydınlıq gətirilməlidir.

Necə ki, günümüzdə təhsil fasiləsiz mərhələyə keçib, psixoloji dəstək də insan üçün yaşam boyu əlçatan olmalıdır. Bu xidmət bağçalardan başlanmalıdır. “Psixoloji yardım” və  “Təhsil haqqında”  qanunlarda da bu, nəzərdə tutulub. Lakin tətbiq edilməyir. Elm ocaqlarında mütəmadi yoxlamalar aparılmalı, psixoloji dəstəyə ehtiyacı olanlara yardım olunmalıdır. Çünki bu insanlar müalicə olunmazsa, özlərinə ziyan vurmaqla bərabər, gələcəkdə həm də sağlam təbəqəni özünə çəkib xəstə hala salır, həyatlarını puç edir, hətta bəzi hallarda cinayətə sövq edirlər. Cəmiyyətin gələcəyi üçün daha çox əqli, ruhi sağlam insanlar yetişdirmək lazımdır. Bəzən müəyyən yaş qrupunda konsultasiyaya müalicəyə gələn xəstələri danışdırarkən, onların bu hala düşməsinin kökündə ətraflarında, ailələrində özlərini sağlam hesab edib müalicə almayan psixoloji dəstəyə ehtiyacı olan adamlar durduğunu müşahidə edirik.

“Təəssüflər olsun ki, hər il ali məktəblərə qəbul imtahanlarının başlaması ilə abituriyentlər arasında intihara meyil edənlərin və bunu həyata keçirənlərin sayının çoxaldığı xəbərlərini eşidirik. Sanki imtahan verən abituriyentlər təkcə qəbul imtahanından kəsilmirlər, həm də həyat imtahanından kəsilirlər. Xoş olmayan tendensiya odur ki, əksər gənclər həyatının uğura gedən yolunu ali təhsil almaqda görür. Düşünürlər ki, həyatda uğur əldə etməyin yeganə yolu ali təhsil almaqdadır. Əlbəttə, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxs var”. Bunu isə təhsil üzrə tanınmış ekspert Kamran Əsədov bildirdi. Qeyd etdi ki, bu kimi halların baş verməsinin əsasən 3 günahkarı var. Birincisi, məktəb - müəllimlər, ikincisi, valideynlər, üçüncüsü, ətraf. Orta məktəblərdə psixoloq xidməti yetərincə deyil. Danılmaz faktdır ki, bu gün ali məktəblərə sənəd təqdim etmiş hər bir abituriyent ya repetitor yanında, ya da hazırlıq kurslarında hazırlaşır. Lakin bir çox hallarda repetitor müəllimlər, hazırlıq kursları şagirdin hazırlıq səviyyəsi ilə bağlı valideynə düzgün məlumat vermirlər. Şagirdlər də  iştirak etdikləri sınaq imtahanlarının nəticəsini gizlədir və ya şişirdirlər. Valideynlər isə  müəllim və şagirdlərin yalanlarına inanıb övladından yüksək nəticə gözləyir. Sonda qəbul imtahanları gəlir və məlum olur ki, heç də hər şey deyilən və gözlənilən kimi deyil.

Beləliklə də, valideyn təzyiqi başlayır. Əlbəttə, hazırlıq üçün kifayət qədər vəsait sərf edən valideyn etdiyinə görə övladını, necə deyərlər, sıxma-boğmaya salır. Zəif psixoloji dözümlülüyə malik olan şagirdlər isə bu çətin situasiyadan çıxış yolunu intiharda görürlər.

K.Əsədov bu tipli xoşagəlməz hadisələrin yeganə çıxış yolunu ali təhsilin əlçatan olmasında görür. Deyir ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, ali məktəblərin qəbul qapıları geniş açılmalı, amma buraxılış, çıxış qapıları ilə daraldılmalıdır. Bunun üçün ilk növbədə ali məktəblərin keyfiyyətli təhsil verməsini təmin etmək lazımdır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: