Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu

13.03.2021 15:16
6
A+
A-

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza platformaları olacaq.

 

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmlənməsində oynadığı tarixi rolundan bəhs edən deputat bildirib ki, məhz 1992-ci ilin noyabrında gənc və hələ çox zəif Azərbaycan üçün real inkişaf perspektivləri yaranmış oldu. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, müdrikliyi, xalq qarşısında göstərdiyi xidmətlər, bütün dövrlərdə nümayiş etdirdiyi əsl sarsılmaz vətənpərvərlik ruhu və öz xalqına, Azərbaycan dövlətçiliyinə olan sadiqliyi səbəbindən ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində yaradılıb. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı. Biz bu tarixi yaxşı bilməliyik və gələcək nəsillərə də olduğu kimi çatdırmalıyıq. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Əgər Heydər Əliyev ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı. Lakin bunların heç biri baş vermədi. Xalqın təkidi və tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin səyləri ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Ölkə beynəlxalq təcriddən çıxdı. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və ölkəmizə böyük investisiyalar cəlb edildi. Məhz həmin illərdə ordu quruculuğuna start verildi. Bütün bu başlanğıclar isə son 17 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil, öz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir.

Səttar Möhbalıyev 2003-2020-ci illər ərzində həyata keçirilmiş hazırlıq işləri sayəsində Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi və torpaqlarımızın işğaldan azad edilməsini Azərbaycanın bu günə qədər əldə etdiyi ən böyük tarixi nailiyyət olduğunu vurğulayaraq bunları deyib: “Dövlət başçımızın da qeyd etdiyi kimi, 2003-2020-ci illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi məqsədilə həlledici addımların atılması üçün, bütün bu dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə biz bunu həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq, Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində, ilk növbədə, daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. İşğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər quruldu. Həmçinin digər ölkələrlə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında münasibətlər quruldu. Ölkə rəhbərliyi tərəfindən beynəlxalq təşkilatlarda iri miqyasda işlər aparıldı. Nəticədə 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər.

Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu”.

Deputat YAP-ın VII qurultayında müzakirə olunan konsepsiyaların Azərbaycanın müharibədən sonrakı dövrdə inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “Dövlətimizin başçısı qurultayda etdiyi çıxışında, əslində, ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu. İlk növbədə qeyd olundu ki, ölkədə son illər ərzində əldə olunmuş siyasi dialoq yeni dövrdə daha da dərinləşdirilməlidir. Çünki ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.

İqtisadi sahəyə gəldikdə, burada şəffaflığın və dürüstlüyün təmin olunması, inhisarlara son qoyulması yeni dövrün əsas tələb və şərtləri kimi önə çıxarıldı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının bundan sonrakı inkişafının məhz bu əsaslar üzərində təmin olunmasının zəruriliyini vurğuladı.

Həmçinin dövlət başçısı qeyd etdi ki, xarici siyasət kursu dəyişməz olaraq qalacaq. Həqiqətən də bu kurs özünün yeganə düzgün konsepsiya olduğunu artıq dəfələrlə sübut edib və məhz bu kursun nəticəsi olaraq Azərbaycan bir çox tarixi nailiyyətlər əldə edib.

Əminliklə demək olar ki, bu konsepsiyalar ölkəmizin bundan sonrakı inkişafını daha yüksək dinamika ilə təmin edəcək və Azərbaycan yeni dövrdə daha böyük tarixi qələbələrə öz imzasını atacaq”.

ETİKETLƏR: