Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq görüş: Azərbaycan nümunə göstərildi

 BHİK-in və PARŞ-ın vitse-prezidenti,  AHİK-in sədri, millət vəkili S.Möhbalıyevin Pan Avropa Regional Şurasının onlayn qaydada keçirilən rəhbər komitəsinin görüşündə ÇIXIŞI

13.03.2021 15:18
15
A+
A-

 BHİK-in və PARŞ-ın vitse-prezidenti,  AHİK-in sədri, millət vəkili S.Möhbalıyevin Pan Avropa Regional Şurasının onlayn qaydada keçirilən rəhbər komitəsinin görüşündə
ÇIXIŞI

Hörmətli görüş  iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından salamlayır, hamınıza cansağlığı, sülh və səmərəli iş arzulayıram. Həmkarlar ittifaqı hərəkatının aktual mövzularından biri olan COVID - 19 pandemiyası dövründə təhlükəsiz və sağlam əmək şəraiti üzrə sizin qarşınızda çıxış etmək imkanı verdiyinizə görə təşəkkür edirəm.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibinin əməyin mühafizəsi və təhlükəsizliyinə dair hökumətlərə məktubunda qaldırılan məsələlər lobbiçiliklə əlaqədar çağırışlar həmkarlar ittifaqları olaraq  bizim üçün çox vacib və aktual təşəbbüsdür. COVID-19 infeksiyası, Beynəlxalq Əmək Təşkilatının 8 əsas Konvensiyasında olduğu kimi, əmək sahəsində BƏT-in əsas prinsipləri və hüquqları çərçivəsində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün lazım olan qərarlar qəbul olunmasını tələb edir.

Pandemiya şəraitində sağlamlıq və təhlükəsizlik hər bir işçi üçün əsas hüquq olmalıdır. Bu virus hazırda bütün bəşəriyyəti təhdid etməkdədir. Həmkarlar ittifaqları sağlamlığın və iş yerində təhlükəsizliyin təmin edilməsi məsələsini hökumətlər qarşısında qaldırmağa məcburdur. Çünki bu gün COVID-19-dan və ya xərçəng xəstəliyindən, yaxud istehsal xəsarətindən və istehsal xəstəliklərindən hər bir işçi müdafiə olunmalıdır.

Bir sözlə, işləyən heç bir işçi layiqli əməkhaqqı qazanmaq üçün ölməli, zərər çəkməli və ya əziyyət çəkməli deyil. Məhz bu baxımdan həmkarlar ittifaqları  öz hökumətləri qarşısında işçilərin sağlamlığının və əməyinin mühafizəsinin həyata keçirilməsi ilə bağlı məsələ qaldırmalıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına gəldikdə isə bildirmək istəyirəm ki, həm BHİK-in Baş katibinin müvafiq məktubunda, həm də bu qurumun “Peşə sağlamlığı və təhlükəsizliyinin qlobal idarəçiliyinə yeni yanaşma” kampaniyası ilə əlaqədar tövsiyəsini nəzərə alaraq müvafiq məktub hazırlamışıq. Məktubda BƏT-in 155 saylı “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiya edilməsinin sürətləndirməsi; 184 saylı “Kənd təsərrüfatında əməyin  təhlükəsizliyi, gigiyenası haqqında”, 187 saylı “Əməyin təhlükəsizliyi və gigiyenasının təyin edilməsinin əsasları haqqında” konvensiyalarının prioritet konvensiyalara aid  eidilməsi məsələsini dəstəkləmək və ratifikasiyaya hazırlanmasına səy göstərmək vəzifə kimi ortaya qoyulmuşdur. Məktubda həmçinin “İstehsalat avadanlıqlarına olan ümumi təhlükəsizlik”, “İstehsal proseslərində ümumi təhlükəsizlik tələbləri”, “Elektrik təhlükəsizliyinə olan ümumi tələbatlar və mühafizə növlərinin nomenklaturası”, “İşləyənlərin mühafizə vasitələrinə olan ümumi tələbləri” üzrə Milli standartların işlənib hazırlanması və təsdiq edilməsi işlərinin həyata keçirilməsinin təmin edilməsi :

- Epidemik (pandemik) göstərişlərə görə məcburi profilaktik peyvəndlər tələb olunan yoluxucu xəstəliklərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 noyabr tarixli 209 nömrəli qərarı ilə “Epidemik göstərişlərə görə məcburi profilaktik  peyvəndlərə cəlb olunan yoluxucu xəstəliklərin siyahısı”na bioloji təhlükəsizlik və yoluxucu xəstəliklərə yoluxanların əlavə edilməsi tələbi əksini tapmışdır.

Hesab edirəm ki, hökumətimiz və işəgötürənlər, konstruktiv əlaqələrimizə əsaslanaraq, məktubda qaldırdığımız məsələlərin həllinə yardımçı olacaqdır.

Hörmətli görüş iştirakçıları!

Mən pandemiya ilə bağlı Azərbaycan hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən bir sıra tədbirləri də nəzərinizə çatdırmaq istərdim.

2020-ci ilin fevral ayından başlayaraq bütün dünyanı çətin sınaq qarşısında qoyan COVID-19 infeksiyasının ən azı yayılma miqyasının qarşısının alınması Azərbaycan hökumətinin və həmkarlar ittifaqlarının qarşısında duran ən vacib məsələlərdən biridir. Bu gün vaxtında çevik tədbirlər görə bilmədiklərinə görə bəzi dünya ölkələri bu xəstəliyin bir növ əsirinə çevrilmişdir. Bunun əksinə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa  imkan vermişdir. Cənab Prezidentin 2020-ci ilin mart ayında verdiyi sərəncama uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planı bu gün uğurla yerinə yetirilməkdədir. Tədbirlər planında ilk növbədə məşğulluğa və sosial-iqtisadi rifaha dəstək olmaq üçün çox istiqamətli proqramlar müəyyən edildi. Tədbirlər planında nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi məqsədilə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası koronavirus infeksiyasının yayılması ilə bağlı dövlət başçısının qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız azaldılmasının, işdən çıxarılmasının, işdən azad edilməsinin qarşısının alınması məqsədilə, AHİK daxil olmaqla, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə bildiriş göndərmişdir. Konfederasiyanın COVID-19 infeksiyası ilə bağlı məsələ AHİK-in ayrıca İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılıb, müvafiq qərarlar qəbul edilmişdir. 

Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 6.252.748 manatdan çox vəsait xərclənmişdir.

COVID-19 infeksiyasının aradan qaldırılması məqsədilə respublikada həyata keçirilən tədbirlərlə bağlı, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 458.920 manat, mobil qruplar tərəfindən 55.756 aztəminatlı ailəyə 1.617.825 manatlıq, ehtiyacı olan 49.339 nəfərə 3.239.375 manat məbləğində maddi yardım göstərilmişdir. Karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır.

Bütün bunlarla yanaşı, pandemiya dövründə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in texniki dəstəyi ilə “Azərbaycanda COVID-19 pandemiyası müddətində zərərçəkmiş sahələr üzrə Durum Təhlili və həmkarlar ittifaqlarının mövqeyi” adlı kitab, “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf sahəsində Əməkdaşlıq və Layiqli Əmək üzrə gündəliyi”, “COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına və qeyri-formal məşğulluğa təsiri ilə bağlı cari vəziyyətin təhlili” və s. metodiki vəsaitlərin hazırlanmasına nail olmuşdur.

Respublikamızda pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı, dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istifadəyə verilməsi, özəl klinikaların əks-epidemik tədbirlərə cəlb olunması, bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi  istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi yoluxma səviyyəsini kifayət qədər aşağı salmışdır. Ölkəmizdə COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası hazırlanmış və qəbul edilmişdir. Hər şeydən əvvəl bildirməliyəm ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi və artıq respublikada 500.000-dən çox vətəndaşımız peyvənd olunmuşdur.  Vaksinasiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət və əməkdaşlıq prinsiplərinə söykənir. Bu gün əhalinin vaksinasiyası uğurla davam etdirilir.

Hörmətli görüş iştirakçıları!

Azərbaycan Prezidenti İlham Əliyev koronavirus əleyhinə    (COVID-19) vaksinin ölkələr arasında ədalətli bölüşdürülməsinə tərəfdar olduğunu bildirərək qeyd edib ki, məlumata görə, Kanada öz ölkəsinin vətəndaşları üçün 154 mln.doz vaksin sifariş edib. Nəzərə alsaq ki, Kanadanın əhaləsinin sayı 38 milyondur, yəni 4 dəfə çox sifariş edilib. Beləliklə, digər ölkələrdən 120 milyon insana vaksin çatmayacaq. Bu insanlar vaksin almayacaqlar, deməli, xəstələnəcəklər və öləcəklər. Lakin, təəssüf ki, kanadalılar dərman bölgüsünə biganə yanaşırlar və öz eqoist maraqlarını rəhbər tuturlar.

“Bu halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalət və insan hüquqlarından  danışmaq olar? Belə çıxır ki, yoxsul ölkələrdən olan sakinlərin hüquqları sıxışdırılır, onların sağlamlığı riskə məruz qalır. Eyni zamanda zəngin ölkələr yalnız özlərini təmin etməkdə maraqlıdırlar”, - deyə Prezident Əliyev bildirib.

Prezidentin sözlərinə görə, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil etdikləri halda, bu ölkələr artıq bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş etmişlər. Bu, yenə də ədalətsizdir və qeyri-bərabər paylanmanın göstəricisidir. Bu məsələ işçilərin hüquqlarının müdafiəçiləri olan və onların sosial problemlərinin həllinə kömək edən həmkarlar ittifaqlarını narahat etməlidir. Hesab edirəm ki, müvafiq tədbirlərin görülməsi üçün Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına müraciət göndərməlidir.

ETİKETLƏR: