Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sərnişindaşıma qatarlarının fəaliyyəti niyə bərpa olunmur?

V.Bayramov onu da diqqətimizə çatdırdı ki, Milli Məclisdə o və daha bir neçə deputat bu problemin tez bir zamanda aradan qaldırılması təklifini irəli sürüblər.

18.05.2022 13:01
38
A+
A-

Artıq iki ildən çoxdur ki, ölkədaxili sərnişin qatarları işləmir. Əvvəllər bunun pandemiya ilə bağlı olduğu bildirilirdi. Lakin şəhərlərarası avtobus reysləri işə salınandan sonra məlum oldu ki, sərnişin qatarlarının işləməməsi pandemiya ilə əlaqəli deyil. Bəs əsl səbəb nədir?

Sualımıza cavab tapmaq məqsədilə ilk nöbədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova müraciət etdik.

Millət vəkili də sərt karantin rejiminin aradan qaldırılmasından sonra dəmiryol xətlərinin bərpa ediləcəyini gözlədiyini söylədi. Güman etdiyini bildirdi ki, yay mövsümündə bölgələrə gedənlərin sayında ciddi artım olacağını nəzərə alaraq sərnişindaşıma qatarları fəaliyyətini  bərpa edər... Bu həm iqtisadi baxımdan, həm də sosial aspektdən vacib məsələdir. Həm də digər ölkədaxili nəqliyyat  vasitələrinin yükünün azaldılması və vaxta, xərcə qənaət edilməsi aspektindən də önəmlidir.

V.Bayramov onu da diqqətimizə çatdırdı ki, Milli Məclisdə o və daha bir neçə deputat bu problemin tez bir zamanda aradan qaldırılması təklifini irəli sürüblər.

Sualımızı ünvanladığımız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) isə bildirdilər ki, ölkəmizdə pandemiya dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə də mənfi təsir göstərdi.  Eləcə də ölkədaxili və beynəlxalq sərnişindaşımalarında müəyyən məhdudiyyətlərin tətbiq olunmasına səbəb oldu. Həmin təsirlər nəticəsində iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxardı. Buna baxmayaraq, pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam əməkhaqlarının ödənilməsi təmin edildi.

- Əməkhaqqından söz düşmüşkən, QSC-də nə qədər işçi var. Son iki ildə onların əməkhaqlarının ödənilməsi mümkün olubmu?

- “Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi var.  Pandemiya müddətində yalnız 2000-ə  yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə on milyon manatdan artıq vəsaiti əhatə edən əməkhaqqı verilib.

 

- Hazırkı mühit  yaranmış əvəzi ödən

ilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib. Bununla bağlı Əmək Məcəlləsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdəiki hissəsi məbləğində ödəniş tətbiq edilir. Qeyd edək ki, bütün bu tədbirlər əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilir.

Bununla bərabər  fəaliyyətsiz qalmış və ixtisar riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb. Bu əməkdaşların “DOST” İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib. Yəni bu sahədə narahatlığa ehtiyac yoxdur.

ADY-dən onu da bildirdilər ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma müddətində almalı olduqları əməkhaqlarına yaxın məbləğin ödənilməsi də təmin ediləcək. Eyni zamanda sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların “DOST” İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.

-Bəs dəmir yolu sərnişindaşıma nəqliyyatı əhaliyə nə zaman xidmətə başlayacaq?

-Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi davam etdirilir. Hazırda müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlər tamamlandıqdan sonra qatarların ölkədaxili fəaliyyəti bərpa ediləcək. Çünki dəyişən cərəyana keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına və qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək. Məhz bunun üçün keçid bu qədər önəmlidir.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: