Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Hər bir azərbaycanlının borcudur ki, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşsın”

AHİK 76 şəhər və rayondakı 3900 aztəminatlı ailəyə ərzaq sovqatı göndərib

18.03.2021 11:21
8
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 2021-ci il martın 11-də keçirilmiş iclasının qərarına əsasən, xüsusi yardıma və qayğıya ehtiyacı olan şəhid ailələrinə, aztəminatlı ailələrə sosial dəstək çərçivəsində növbəti dəfə 3900 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınmışdır.

Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maddi və mənəvi yardımlar göstərilməsi istiqamətində keçirdiyi tədbirlərə müvafiq olaraq təşkil etdiyi maşın karvanları ərzaq sovqatlarının ünvanlarına çatdırılması məqsədilə  ölkənin 76 şəhər və rayonuna yola düşmüşdür.

Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə də, 2020-ci il aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aztəminatlı ailələrə maddi və mənəvi yardım məqsədilə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərmişdi.

Azərbaycan həmkarlar ittifaqları tərəfindən cəmiyyətimizin həssas kateqoriyadan olan insanlarına maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.

Ərzaq sovqatlarının yola salınması mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev jurnalistlərə müsahibə verib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb. AHİK də Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir: “Hazırkı pandemiya dövründə işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, onların sosial problemlərinin həlli, imkansız və ehtiyacı olan ittifaq üzvlərinə maddi dəstək göstərilməsi həmkarlar ittifaqlarının əsas vəzifələrindən biridir”.

AHİK sədri vurğulayıb ki, həmkarlar ittifaqı təşkilatının əsas iş xüsusiyyəti hər bir insanın sosial rifahının yaxşılaşdırılması üçün çalışmaqdan ibarətdir. Həmkarlar ittifaqı yaranan andan bu günə qədər quruma daxil olan ərizə və şikayətlərin həllinə həmişə diqqətlə yanaşılıb, onların  çox hissəsi müsbət həllini tapıb.

S.Möhbalıyev deyib ki, Vətən müharibəsi bitdikdən sonra respublikamızda fəaliyyət göstərən bütün dövlət və ictimai qurumlar kimi Qarabağın dirçəldilməsi və qazilərin sosial problemlərinin həllində yaxından iştirak etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da müəyyən addımlar atmışdır. Pandemiya dövründə, həmçinin II Qarabağ müharibəsi zamanı Azərbaycan həmkarlar ittifaqları tərəfindən 11 milyon 850 min manat dəyərində həm fondlara, həm də vətəndaşlarımıza yardımlar göstərilib. 538 min manat “Yaşat” Fonduna, Silahlı Qüvvələrə 1 milyon 300 min manat, Qarabağ Dirçəliş Fonduna 600 min manat, aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrə ərzaq sovqatlarının verilməsi məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705 min manat köçürülüb. Eyni zamanda AHİK və onun üzv təşkilatları tərəfindən yüz mindən çox insana ərzaq yardımı göstərilib.

İndi keçirilən bu tədbirdə də  xüsusi yardıma və qayğıya ehtiyacı olan şəhid ailələrinə, aztəminatlı ailələrə ərzaq sovqatının göndərilməsi qərara alınmışdır. Sosial dəstək çərçivəsində ərzaq sovqatının, Bakı şəhəri daxil olmaqla, Azərbaycanın bütün rayonlarında 3900 ailəyə çatdırılması nəzərdə tutulur. Yardımlar yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və bizim nümayəndələrimiz vasitəsilə paylanacaq. Çalışacağıq ki, cəmiyyətimizin həssas kateqoriyadan olan insanlarına maddi və mənəvi yardım göstərilməsini gələcəkdə də davam etdirək.

Azərbaycan həmkarlar ittifaqları Qarabağda quruculuq işlərində öz töhfəsini verməyə hazırdır. Konfederasiya tərəfindən Qarabağ Dirçəliş Fonduna mütəmadi olaraq vəsait köçürülür, bu, gələcəkdə də davam etdiriləcək. İşğal altında olan rayonlarda çoxlu sayda sanatoriyalarımız, istirahət mərkəzlərimiz, idman qurğularımız var. İmkanımız daxilində onların yenidən qurulmasında, təmir olunmasında iştirak edəcəyik.

Millət vəkili qeyd edib ki, hər bir azərbaycanlının borcudur ki, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşsın. Bu gün belə bir tədbirin keçirilməsində də məhz biz onlara borcluyuq. Otuz ilə yaxın idi ki, torpaqlarımız işğal altında qalmışdı. Hər iclasda deyirdik ki, gələn il torpaqlarımız azad olunsun, növbəti iclasımızı Qarabağda keçirək. Bizim hər birimizin ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi altında, “Dəmir Yumruq” sayəsində biz erməniləri 44 gün ərzində məğlubiyyətə uğratdıq, erməni ordusu haqqında uydurulan illüziyaları darmadağın elədik. Azərbaycan xalqının, Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdik. Bütün dünyada dövlətimizin imicini daha da yüksəklərə qaldırdıq.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Millət vəkili xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Azər MUSTAFAYEV

ETİKETLƏR: