Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İndi də “meymun çiçəyi”...

Onun Azərbaycanda peyda olma  ehtimalı varmı?

25.05.2022 11:46
134
A+
A-

Koronavirus pandemiyasının əsarətindən qurtulmağımızın  sevincini yaşadığımız ilk aylarda xarici mətbuatda artıq Avropa ölkələrində meymun çiçəyi (monkeypox) adlı yeni epidemiyanın yaranması xəbərləri geniş yayılır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı artıq ekspertlərin fövqəladə toplantısını çağırıb. Bildirilib ki, təcili təşkil olunan görüşdə xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət müzakirə olunub. Bəs meymun çiçəyi virusu Azərbaycanda da yayıla bilərmi? Bunun ölkəmizdə yayılmasının qarşısını  almaq üçün qabaqlayıcı tədbirlər görülürmü? Xəstəlik hansı təhlükələri törədə bilər və özümüzü necə qorumalıyıq?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva bildirdi ki, artıq bir aya yaxındır ki, dünyanın bir çox ölkəsində - Mərkəzi və Qərbi Afrika ölkələrində, ABŞ-da, Böyük Britaniyada, Portuqaliyada, İtaliyada, İsveçdə, Avstraliyada meymun çiçəyi virusu yayılmaqdadır.

 Xəstəliyin kökü Afrikaya gedib çıxır və ilk dəfə 1970-ci ildə Konqodan olan 9 yaşlı bir uşaqda aşkar edilib.

Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Qonşu ölkələrdə meymunçiçəyi virusu aşkar edilərsə, o zaman ölkəmizdə də yoluxmalar olacaq.

Millət vəkili onu da qeyd etdi ki, bu xəstəlik  koronavirus ilə müqayisədə o qədər də qorxulu deyil.  Koronavirusun mənşəyi bilinmirdi, dünyanın ən nüfuzlu alimləri belə bu xəstəlik qarşısında aciz qalmışdı.   Amma meymun çiçəyi mənşəyi məlum olan virusdur və tez yoluxma xüsusiyyətinə malik deyil. İnsanlar toxunma və hava vasitəsilə yoluxa bilər. Əgər ölkəmizdə yayılarsa,   bu virusdan qorunmaq üçün vətəndaşlarımız maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdırlar.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova isə bildirdi ki, Avropa ölkələrində meymun çiçəyi virusunun yayılması ölkəmizin vətəndaşlarını haqlı olaraq təşvişə salır. Meymun çiçəyi virusu suçiçəyinə çox bənzəyir. Bu virusa  Qərbi Afrika ölkələrində, tropik meşə ətraflarında  daha  çox rast gəlinir. Virusun iki ştammı mövcuddur. Qərbi və Mərkəzi Afrika ştammı. İlk olaraq qızdırma, başağrısı, şişkinlik, bel ağrısı, zəiflik, əzələdə ağrı kimi şikayətlər ola bilər. Qızdırma azaldıqdan sonra artıq səpgilər əmələ gəlir. Səpgilər üz nahiyələrindən başlayıb daha sonra bədənin digər nahiyələrinə yayılır. Ovuclarda və ayaqlarda daha çox rast gəlinir. Çox qaşıntılı olur. Səpgilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Qaşınmaması və qoparılmaması tövsiyə olunur. Ötürülmə yolları adətən yaxın  təmasla və tənəffüs yolları ilə olur. Həmçinin yoluxmuş meymundan, dələdən, siçandan da yoluxma ola bilər. Yoluxmuş insanın paltarlarından belə təmas vaxtı yoluxma mümkündür.  Xəstəlik adətən yüngül formada keçir, bəzən 2-3 həftə ərzində öz-özünə sağala bilir.

Ekspert əlavə etdi ki, virusun aşkarlandığı ölkələrdə ölüm halları çox az qeydə alınıb, ölkəmizdə isə bu virus hazırda yoxdur. Olmaması üçün də yetərincə tədbrilər həyata keçirilir.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev isə təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslərin meymun çiçəyindən 85% sığortalandığını, yəni  1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslərin yoluxmayacağını və yoluxduğu halda yüngül keçirəcəyini vurğuladı. Əlavə etdi ki, suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymunçiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymun çiçəyi virusu isə poxovirus ailəsinə aiddir.

Meymun çiçəyi və suçiçəyi virusunun simptomları 90% bir-birinə bənzəyir. Meymun çiçəyi  xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur. Bu əlamətlər onları fərqləndirən əsas cəhətlərdir. Suçiçəyinə yoluxmuş bir çox xəstə onlarda meymun çiçəyinin olmasından şübhələnir və bu, başadüşüləndir. Çünki hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil  edilməməsidir və bu, çox təəssüfedici haldır.

Aydın həkim meymunçiçəyi virusuna  yoluxmanın  daha çox  təmas yolu ilə baş verdiyini bildirdi. Dedi ki,   hava-damcı yolu ilə yoluxma nisbətən azdır. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır. Kliniki əlamətləri təzahür edən şəxslər  özlərini təcrid etməli və heç kimlə hər hansı fiziki təmasda olmamalıdırlar.  İnfeksiyadan sonra inkubasiya dövrü 21 gündür. Yoluxan şəxslər tecovirimat preparatından istifadə edə bilər. Bu preparatın meymun çiçəyi virusuna qarşı effektli təsiri sübut edilib. Həmçinin bu virusa qarşı peyvənd də mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa, bu peyvəndin geniş istehsalı olacaq.

Ümid edirəm ki, atılacaq addımlar tibbi yöndən situasiyaya uyğun olacaq. Vətəndaşlarımızın qorxub stres keçirməyinə heç bir əsas yoxdur.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: