Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Naftalan şəhəri 1 saylı tam orta məktəbdə 1989-1990-cı ildən bu vaxta kimi müəllim işləyirik.

.

25.05.2022 13:39
16
A+
A-

 

1996-cı ildən öz ərizəmizlə könüllü olaraq həmkarlar təşkilatının üzvlüyündən azad olmuşuq. 1.02.2022-17.02.2022-ci il tarixlərində koronavirusa yoluxmuşuq və iş yerinə bülleten təqdim etmişik. Həmkarlar təşkilatının üzvü olmadığımız üçün xəstəlik vərəqəsini qəbul etmirlər  və bülletenin pulunu ödəmirlər. Həmkarlar təşkilatının üzvü olmayan işçiyə xəstəlik vərəqəsinə görə müavinət ödənilməli deyilmi?

 

Roman ƏLİYEV və Rəsmiyyə ƏLİYEVA, Naftalan şəhəri.

 

-“Sosial sığorta haqqında” qanuna əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikası vətəndaşları məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərdir (mad.12). Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət də belə ödənclərdəndir.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaolunanın vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 25-ci bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

-məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

Qeyd olunan hallardan başqa bütün hallarda sığorta ödəyən şəxs xəstəlik vərəqəsini təqdim etmək və əmək qabiliyyətinin itirilməsi zamanı müavinət almaq hüququna malikdir. Əsasnaməyə əsasən, müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu) yerdə müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Vətəndaşa yaşı, ailə vəziyyəti, əqidəsi, siyasi baxışları, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyəti, qulluq mövqeyi və sair bu kimi hallara görə müavinətin hesablanıb ödənilməməsi qanunazidd hərəkətdir.

 

İnternet vasitəsilə hər hansı şəxsi saxta addan istifadə etməklə təhqir edən, böhtan atanlar üçün məsuliyyət nəzərdə tutulubmu?

 

Qulu MƏMMƏDOV,

Yevlax şəhəri.

 

- Bəli, Cinayət Məcəlləsinin 148-1. maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmin maddənin “Qeyd” hissəsinə əsasən, maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.    

ETİKETLƏR: