Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yerli kadrlara investisiya qoymaq lazımdır

Yerli kadrlara investisiya qoymaq lazımdır

05.05.2021 10:01
21
A+
A-

“2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün oldu. Bu müəssisələrə on milyonlarla manat sərmayə qoyulub.  Növbəti mərhələdə isə burada əlavə 5 müəssisə yaradılacaq”.   Bunu Respublika Prezidenti         İlham Əliyev  aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı zamanı qeyd edib. Həmçinin bildirib ki,  Hacıqabul rayonu əhali baxımından elə də böyük rayon deyil, 77 min əhalisi var, ancaq burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir:”Bütövlükdə 50 -yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı 7 mini ötüb”.

 “Ölkəmizdə zəruri bölgələrdə müxtəlif sənaye məhəllələri yaradılıb. Bunlara ardıcıllıqla fəaliyyətə başlayan Neftçala və Masallı, bir neçə gün əvvəl ölkə başçısının açılışını etdiyi Hacıqabul, hazırda tikintisi gedən Sabirabad və Şəruru misal göstərmək olar. Zamanla bu müəssisə birliklərinin sayı artır”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Müşviq Cəfərov dedi. Qeyd etdi ki, son illər həyata keçirilən islahatlar həm ölkənin sosial-iqtisadi inkişafında, həm də iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasında mühüm rol oynayır.  Respublika  Prezidentinin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə sənaye müəssisələrinin, aqroparkların  yaradılması geniş vüsət alıb. Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edəcək bu aqroparkların yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük həcmdə artır. Bununla da ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq.

M.Cəfərov bildirdi ki,  sənaye müəssisələri həm də hər bir bölgənin infrastukturuna yeni töhfələr verir. Həmin rayonların iqtisadi potensialının möhkəmlənməsində  mühüm əhəmiyyət kəsb edir.

Bilirik ki, bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektorun yeni infrastrukturu, ölkəmizdə texnopark modelinin yeni forması olan aqroparkların əsas işi kənd təsərrüfatı məhsullarının istehsalı, qablaşdırılması, logistikası və satışından ibarətdir. İqtisadçı- ekspertlər də hesab edirlər ki, yaxın onillikdə kənd təsərrüfatında ən mühüm layihələr aqroparkların yaradılması ilə bağlı olacaq. Hər kəsə bəllidir ki, kənd təsərrüfatı məhsulları tez xarab olduğuna görə, realizasiya prosesi sürətli olmalıdır. Əksər hallarda məhsulların fermerlər tərəfindən vaxtında satılması mümkün olmur və bunun nəticəsində yararsız vəziyyətə düşərək zərər gətirir. Bu, həm maddi itkiyə səbəb olur, həm də bazarda məhsul qıtlığına gətirib çıxarır. Nəticədə daxili istehsal hesabına tələbat ödənilmir, idxal məhsullarına üstünlük verilir. İdxal edilən məhsulların çoxu isə geni dəyişdirilmiş olur. Məhsulların yerli və xarici bazarlara çıxarılmasında, onların saxlanma və daşınmasında müəyyən çətinliklər də olur. Bu baxımdan aqromüəssisələr ,müasir texnologiyaları tətbiq etməklə, istehsal, emal və logistika xidmətlərini mərkəzləşdirilmiş vahid ərazidə yaratmaqla yüksəkkeyfiyyətli məhsulların alınmasına səbəb olur. İndi böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması günün tələbidir.

Prezident sahibkarları bu işlərə dəvət edir, dövlətin də dəstəyini əsirgəməyəcəyini, kreditlər ayıracağını, bütün lazımi infrastrukturu təşkil edəcəyini bildirir. Çünki ixracın artması üçün böyük logistik mərkəzlərin yaradılması vacibdir.

Vətəndaşların Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov dedi ki, sovet planlaşma sistemində istehsalın yerləşdirilməsinin 7 prinsipi var idi.  Bu  prinsiplərdən birincisi, istehsalın xammal , enerji mənbələri , kommunikasiya, nəqliyyat vasitələri yaxınlığında yerləşdirilməsi, ikincisi, həmin ərazidə ixtisaslı kadrların, mütəxəssislərin olmasıdır. Bu prinsiplər hələ də məcburidir. Vacibdir ki, ixtisaslı kadrlar hazırlansın, istehsal  o yerdə yerləşdirilsin ki, orda xammal var. Həmin ərazidə nəqliyyat, kommunikasiya olmalıdır ki, istehsal olunan məhsullar daşınsın.

S.Məmmədov bildirdi ki, Hacıqabul Bakıdan çox uzaq məsafədə yerləşmədiyindən şəhərdən də ora işçi qüvvəsi gedib -gələ bilər, işçilərin daşınması üçün servis təşkil edilə bilər. Lakin müəssisələrin regionda yerləşdirilməsində əsas prinsip, ölkə Prezidentinin qoyduğu tələblər regionların inkişafı, yerli əhalinin şəhərlərə axının qarşısının alınması, insanların öz yaşayış yerlərinin yaxınlığında onların layiqli əməyinin təmin olunmasıdır. Burada hazırda tikilb istifadəyə verilən 4-cü nəsil sənaye üçün nəzərdə tutulan yüksəktexnologiyalı müəssisələrdir  və yerli kadrlardan istifadə etmək bir qədər çətinləşib. Amma burada yaradılan arqoparklar üçün dövlətin güzəştləri çox olur. Sahibkarların da borcudur ki, bunun müqabilində yerli kadrların yetişdirilməsinə şərait yaratsınlar. Onların qısamüddətli kurslara göndərilməsi təmin olunsun. İşçiləri əvvəlcədən toplayıb xarici ölkələrdə həmin analoji  zavodlarda təcrübə üçün göndərən müəssisələr də var. Yəni yerli kadrlara investisiya qoymaq lazımdır. Çünki kənardan gətirilən işçilərin yerləşdirilməsi, yol xərcləri və yaxud da yaşayış yeri ilə təmin olunması daha baha başa gəlir. Həmçinin hər bir biznesin yerləşdiyi yerdə cəmiyyət qarşısında operativ sosial məsuliyyəti var. Məsələn, Hacıqabulda sənaye müəssisələrinin 5-inin  açılışı oldu, 5-i də yaranacaq. Burada müəyyən profillər üzrə elanlar verilməlidir, işaxtaranlar,  mümkün olsa, tikinti işlərindən tutmuş, müəyyən peşə vərdişlərinə yiyələnməlidir. İslahatlarda tələb olunan əsas prinsip budur.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto