Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əsas iş yeri üzrə əmək şəraiti zərərli olan sahədə çalışıram. Əvəzçilik üzrə də eyni əmək şəraiti olan işdə çalışa bilərəmmi?

Əsas iş yeri üzrə əmək şəraiti zərərli olan sahədə çalışıram. Əvəzçilik üzrə də eyni əmək şəraiti olan işdə çalışa bilərəmmi?

06.05.2021 10:23
16
A+
A-

Əsas iş yeri üzrə əmək şəraiti zərərli olan sahədə çalışıram. Əvəzçilik üzrə də eyni əmək şəraiti olan işdə çalışa bilərəmmi?

Səbuhi MƏMMƏDLİ, Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Lakin bəzi hallarda əvəzçilik üzrə işləməyə icazə verilmir. Həmin maddənin 5-ci hissəsinə görə, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin Siyahısı Nazirlər Kabineti tərəfindən 2004-cü ildə 175 №-li qərarla təsdiq edilmişdir.

Çalışdığınız sahə əmək şəraitinə görə zərərli sahə hesab edilirsə, eyni şəraitli başqa bir sahədə əmək müqaviləsi bağlayaraq əvəzçilik üzrə çalışa bilməzsiniz. Belə hal əmək qanunvericiliyinə ziddir.

 

İşəgötürən sınaq müddəti ərzində işçinin əmək müqaviləsinə xitam verə bilərmi?

Sevda QURBANOVA, Daşkəsən rayonu.

 

- Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.

Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmağına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilə bilər.

Bundan əlavə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndində müəyyən edilmişdir ki, sınaq müddəti ərzində üşçi özünü doğrultmadıqda, əmək müqaviləsi işəgötürən tərəfindən bu əsasla ləğv edilə bilər.

Deməli, sınaq müddəti ərzində işçinin müvafiq əmək funksiyasını icra etmək bacarığı və ya peşəkarlıq vəviyyəsi işəgötürəni qane etməzsə, onda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

 

Həyat yoldaşım vəfat edib. O, əmək müqaviləsi ilə işləyirdi. Deyilənlərə görə, onun ölümü ilə bağlı iş yerindən dəfn pulu verilməlidir. Bu, doğrudurmu?

 

Sevinc MƏLİKOVA,Bakı şəhəri.

 

-  Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə , həm də vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Bundan əlavə, işçi (sığortaolunan) vəfat etdikdə ona həm də dəfn üçün müavinət verilir. Dəfn üçün müavinət məcburi dövlət sosial sığorta ödənişləri hesabına verilən müavinətdir.

İşləyənlərə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə - “Sosial sığorta haqqında” qanunla müəyyən edilir. Bu, birdəfəlik ödənilən müavinətdir. Bu gün üçün bu müavinətin məbləği 300 manatdır. Dəfn üçün müavinətin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtaşırı tənzimlənir.

Nəzərinizə çatdırırıq ki, müavinət almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

ETİKETLƏR: