Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənclər daim özünü təkmilləşdirmək üçün çalışmalıdır

: “İndi bizim əleyhimizə olan ancaq vaxtdır, zamandır. Rəqibimiz ancaq vaxt olacaq. Biz zamanı qabaqlamalıyıq”.

09.06.2022 16:42
164
A+
A-

Gənc yaşlarında əmək sferasında kifayət qədər uğurlara imza atan gənclərimizdən biri də Fərid Rasim oğlu Nəsibovdur. O, 1988-ci il yanvarın 26-da Bakı şəhərində anadan olub. Binəqədi rayonu 244 nömrəli tam orta məktəbi bitirib. Artıq 5-ci sinifdən başlayaraq peşəkar səviyyədə basketbol idman növü ilə məşğul olan Fərid millimizin gənclərdən ibarət yığma komandasının heyətində bir çox yarışlarda mükafata layiq yerlər tutub. Məktəbi bitirdikdən sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub: “Elə həmin ildən könüllü olaraq ictimai-siyasi fəaliyyətə başladım. O zamandan bəri siyasi, ictimai sahələrdə təşkil olunmuş beynəlxalq və yerli tədbirlərin həm  iştirakçısı, həm də təşkilatçılarından biri oldum. Ali təhsili başa vurub 2010-11- ci illərdə həqiqi hərbi xidmət dövrünü keçdim. Xidmətdən qayıtdıqdan sonra 2012-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində Doğu-Akdeniz Universitetinin turizm və otelçilik üzrə magistratura pilləsinə qəbul oldum”.

F.Nəsibov oxuduğu müddətdə, həm də öz ixtisası üzrə otellərdə çalışmağa başlayır. Təhsilin təcrübə hissəsi sayılsa da, o, əmək fəaliyyəti ilə burada tanış olur və administrator  vəzifəsinə qədər yüksəlir. Bakıya qayıtdıqdan sonra  isə eyni ixtisas üzrə burada da magistraturanı bitirir və Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatında koordinator kimi işə düzəlir.  2014-cü ildən partiyada gənclər birliyinin layihələr üzrə koordinatoru, sonra YAP Mərkəzi Aparatında siyasi təhlil və proqnozlaşdırma şöbəsində məsləhətçi, daha sonra isə YAP Gənclər Birliyinin ofis rəhbəri olur. Fərid burada  çalışdığı dövrdə bir çox beynəlxalq tədbirlərdə iştirak edir, eyni zamanda beynəlxalq nüfuza malik olan təşkilatların ölkəmizdə qurultay və  konfranslarının təşkilində, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə kimi dövlətlərin aparıcı hakim partiyalarının gənc üzvləri ilə qarşılıqlı əməkdaşlıq memorandumlarının imzalanmasında yaxından iştirak edir. 2017- ci ildə  gənclər sektorunda fəaliyyətinə görə  həmin ildə  Gənclər və idman naziri  olan Azad Rəhimov  tərəfindən “İlin gənci” fəxri  adına layiq görülür. Eyni zamanda Almaniyanın Konard Adenauer Fondunun dəstəyi ilə keçirilən Cənubi Qafqaz ölkələrinin “gənc siyasətçiləri”  adlı siyasi məktəbdə Azərbaycanı təmsil edərək təqdim etdikləri layihələrlə Ermənistandan və Gürcüstandan olan siyasi rəqiblərə qalib gəliblər.

O həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Koreya-Azərbaycan gənclərinin mübadiləsi” proqramının iştirakçısı olub və Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib:  “Həmin proqramla biz 10 günlük Cənubi Koreyaya səfər etdik. 15 nəfər idik və biz oteldə və ya mehmanxanada deyil, iki-iki bölünərək koreyalı ailələrlə birgə yaşadıq. Koreyadan gələnlər də eynilə, günlərini Azərbaycan ailələri ilə birgə keçirdilər. Məqsəd qarşılıqlı şəkildə bir-birimizin mədəniyyətinə bələd olmaq idi. Yadımdadır ki, bir koreyalı gənc ölkəsinə qayıtdıqdan sonra bizi, türk millətini o qədər sevmişdi ki, adını dəyişdirib Səlcuq qoymuşdu. Bu hadisə bizdə maraq və o qədər də fəxr hissi doğurmuşdu”.

F.Nəsibov eyni zamanda  Azərbaycanda, Cənubi Qafqazda ilkə imza atan, audiokitabın idea müəlliflərindən biridir. Belə ki, ölkədə, hələ ki, ilk və tək olan audioredaktordur. Audiokitabın özəlliyini soruşduqda həmsöhbətim  dedi ki, məqsəd dünyanın, o cümlədən Azərbaycanın bütün klassik, orta əsr, müasir ədəbiyyatının, şair və yazıçılarının, eyni zamanda dünya klassiklərinin Azərbaycan dilində audioformatda dinləyicilərə təqdim edilməsidir. 7 ildir fəaliyyət göstəririk. Bu günə qədər 2000-dən çox bədii əsər səsləndirilib. Bu mövsüm başladığımız səs yazımlarında isə biz artıq rus və ingilis dillərində təqdim edirik.

Həmkarlar ittifaqları ilə tanışlığından danışan Fərid dedi ki, o, 2019- cu ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində işə başlayıb: “Hazırda da həmin komitədə Təşkilat işləri və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıram. Çalışdığım dövrdə, 2019-cu ildən bu günə qədər komitəmizə əmək sferasında yenilik gətirməyə çalışmışam. 154 üzv təşkilatımız var. Sənəd mübadilələri tamamilə elektronlaşdırılıb. Qanunla sənədlərin icrası təxminən 15 iş günü ərzində yerinə yetirilməlidirsə, bizdə bu 4 saat ərzində icra olunur. Yəni mənim təqdim etdiyim bu  sistemlə biz vətəndaşların müraciətlərinə artıq 8-9 iş saatı ərzində geri cavab verə bilirik. 15 gün gözləməyə ehtiyac qalmır”.

Fərid etiraf etdi ki, gənc olmasına baxmayaraq, hər bir uğuru dəyərləndirilir: “Biz gəncləri stimullaşdırmaq, daha da həvəsləndirmək üçün verilən Fəxri fərmanlar, adlar, sertifikatlar və s. hər biri qiymətlidir. Bu diqqət və qayğı mənim üzərimdəki məsuliyyəti ikiqat artırır. Stimullaşdırıcı mükafatlardan birinə də ötən ay AHİK tərəfindən layiq görüldüm. “İlin peşəkar gənci” fəxri adını verdikləri  üçün AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə və digər həmkarlar ittifaqı liderlərinə, sıravi işçilərinə təşəkkür edirəm”. 

F.Nəsibov fürsət düşmüşkən gənclərə də sözlərini çatdırmağımızı xahiş etdi: “Biz bir az  qarışıq dövrdə böyüdük.  Dünyanı dərk etməyə başladığımız uşaqlıq illərimiz müharibə dövrünə düşdü.  Yadımdadır, həmin vaxtlar atamla çörək növbələrinə gedirdik. Bugünkü şərait yox idi. Dövlətimizin daha möhkəm gələcəyi üçün indi uşaqlara, gənclərə hər cür şərait yaradılıb. Məsələn, gənclər evləri tikilir, demək olar ki, hər bölgədə idman mərkəzləri fəaliyyət göstərir. Bizim dünyaya çıxışımız daha məhdud idi, amma indi İT texnologiyaları, kompüter, internet vasitəsilə, kursa getmədən belə, şahmat dərsləri, xarici dillər öyrənilə bilir, digər ölkələrdə imtahan verib  təhsil ala bilirlər. Sadəcə, bu yenilikləri doğru istiqamətdə dəyərləndirməlidirlər. Bəzi hallarda sosial şəbəkələrdən istifadə  gənclərin inkişaf tendensiyasında mənfi rol oynayır deyən fikirlərlə də qarşılaşırıq. Amma dahi Nizami Gəncəvinin də  dediyi kimi:

Bir inci saflığı varsa da, suda,

Artıq içiləndə dərd verir o da.

Müasir informasiya texnologiyalarından qədərində və düzgün istifadə gəncləri daha da maarifləndirər. Məsələn, Bakıda “TEXNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı keçirildi. Sərgini təəccüblə və qürurla  izlədim. Bugünkü gənclər nələrə qadirdir... Necə inkişaf var. Tələbələrimizin robotlaşma texnologiyası sahəsində inkişafı bizə yaxın 5- 6 il ərzində onların  ölkəmizi  dünyada marka olaraq tanıdacaqlarının müjdəsini verir.

Yadımdadır, cənab Prezident torpaqlarımızın işğaldan azad olunmasından sonra çıxışlarının birində  dedi: “İndi bizim əleyhimizə olan ancaq vaxtdır, zamandır. Rəqibimiz ancaq vaxt olacaq. Biz zamanı qabaqlamalıyıq”. Bu o demək idi ki, indi hər sahədə daha innovativ, uzaqgörən, bir o qədər də cəld beyinlər lazımdır ki, planımızda olan layihələri qısa müddətdə həyata keçirə bilsinlər. Yəni bizim bu cür gənclərə ehtiyacımız var. Hər bir Azərbaycan gənci vətənini sevməli, doğma yurdumuzu inkişafa, tərəqqiyə aparan yolda, xırda da olsa, öz töhfəsini verməlidir. Hər birimiz Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli və ona ölkəmizin inkişafı üçün atılmış hər bir addımda dəstək göstərməliyik”.

Əsli TELMANQIZI