Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xaricdə təhsil

Yeni meyarlar müəyyənləşir

09.06.2022 17:41
28
A+
A-

Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”da bir sıra dəyişiklik edilib.

 

Bu dəyişikliklər təhsil ictimaiyyəti tərəfindən necə qarşılanır?

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, dünyada bir xarici tələbənin ölkəyə gətirdiyi illik vəsait ortalama 25 min dollardır. Türkiyədə bu məbləğ 4-30 min dollar arası dəyişir. Azərbaycanda xarici ölkədən gəlmiş bir tələbənin xərclədiyi pul illik 4-10 min dollar təşkil edir. Azərbaycana daha çox Türkiyə, Rusiya, İran kimi ölkələrdən tələbələr gəlir.  Amma xarici ölkələrdən tələbə qəbulu daha çox Pakistan, Qazaxıstan, Türkmənistan, Monqolustan və Ərəbistandan gözlənilir. Bu ölkələr bu baxımdan böyük potensiala malikdir. 

Qeyd edim ki, Prezident İlham Əliyev bu ilin fevral ayının 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün xarici Dövlət Proqramı”nın prioritet istiqamətləri proqramını imzalayıb. 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin ediləcək. Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Ekspert  dedi ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Dövlət Proqramının icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük veriləcək. Məsələn, informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi, ictimai səhiyyə, iqtisadiyyat və s.

Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək. Sənəddə o da qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək. Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq.

Təsadüfi deyil ki, ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və  proqramları reallaşdırılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 nəfərə təqaüd verilib. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə mühüm təsir göstərib.

K.Əsədov dedi ki, Prezident İlham Əliyevin 11 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi də ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramı çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılıb. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADA Universiteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar üzrə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir. Göründüyü kimi, Prezident İlham Əliyev insan amilinə xüsusi önəm verir. Belə ki, yeni proqramın icrası ölkəmizdə daha keyfiyyətli insan kapitalının formalaşmasına vəsilə olacaq. Bu, peşəkar kadrların hazırlanmasına, ümumilikdə ölkəmizin işıqlı gələcəyinə töhfə verəcək ən mühüm məsələlərdən biridir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: