Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünyanın diqqət mərkəzində olan Forum

- Prezident İlham Əliyev Forumda Ermənistan, eyni zamanda beynəlxalq aləm üçün hansı mesajları verdi?

22.06.2022 00:47
128
A+
A-

9-cu Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində oldu. Forumla bağlı suallarımızı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca ünvanladıq.

- Zahid müəllim, 9-cu Qlobal Bakı Forumunun Azərbaycan üçün beynəlxalq miqyasda əhəmiyyəti nələr oldu?

- Bildiyiniz kimi, 2011-ci ildən başlayaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tutumlu, genişmiqyaslı tədbirlər həyata keçirir. Bu forum regional təhlükəsizliyə, sülhə xidmət edən çox mühüm ideyaları irəli sürür. Daha dəqiqi, əgər Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir.

Forumda həmçinin qlobal dünya nizamını təhdid edən mühüm problemlər, artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyasına dair mövzularda səmərəli müzakirələr aparılıb. Onun legitimliyi beynəlxalq aləm tərəfindən müsbət dəyərləndirilir və Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Azərbaycan ona qadirdi ki, bölgədə mühüm ideyaları təmərküzləşdirsin, bir araya gətirsin, onu emal etsin və bu təhlilləri dünyanın müxtəlif xarakterli ehtiyacları üçün ortaya qoysun. Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan bu Forumda Albaniya, Bolqarıstan, Gürcüstan  və s. ölkələrin fəaliyyətdə olan rəhbərləri, həmçinin sabiq rəhbərlər, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak ediblər. Eyni zamanda bir sıra dövlət başçıları Foruma müraciət ünvanlayıblar. Bu isə ondan xəbər verir ki, Azərbaycan, hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə ciddi fəallıq göstərir, ev sahibliyi, təşkilatçılığı və təşəbbüskarlığı ilə beynəlxalq siyasətə töhfələrini verir.

Bu formatda tədbirlər üçün ən mühüm parametrlər ondan ibarət olur ki, onun tərkibi və gündəliyi vacib seçilsin. Yəni regional və beynəlxalq proseslər ilə ayaqlaşan müddəaları müzakirə mövzusuna çevirə bilsin, qəbul olunmuş qərarlar, bəyannamələr sonrakı dövr təhlil mərkəzləri, siyasi institutlar tərəfindən gələcəkdə hər zaman dəyərləndirilə bilsin, ona istinad olunsun və sair.

Onu da qeyd edim ki, 1990-cı illərdə Azərbaycanı beynəlxalq informasiya məkanlarından, diplomatik, siyasi müstəvidən elə sıxışdırıb çıxarmışdılar ki, obyektiv mövqelərimizi təqdim etmək üçün tribunamız belə yox idi.

Düşünürəm ki, biz yalnız hərbi vasitələr ilə - tankla, topla, dronlarla, kamikadzelərlə deyil, eyni zamanda həmin bu siyasi fikirləri irəlilədərək, müxtəlif qərarların qəbulunda önəmli rol oynayaraq, yaxud da ki, beynəlxalq aləmdə nüfuzlu qüvvələri ölkəmizə dəvət etməklə də nail olduq.

- Prezident İlham Əliyev Forumda Ermənistan, eyni zamanda beynəlxalq aləm üçün hansı mesajları verdi?

- İlk növbədə, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq təhlükəsizliyə dair olan təhdidlər əsas müzakirə mövzusu oldu. Azərbaycanın parlaq zəfərindən sonra sülh quruculuğu üçün irəli sürdüyü mühüm arxitektura planlarından, strategiyalarından bəhs edildi. Cənab Prezident ayrıca vurğuladı ki, biz indi hazırkı dövrdə hansı siyasəti həyata keçiririk və Ermənistan nələri dəyərləndirməlidir. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olduğu, bu tələblərin icra olunmadığı təqdirdə, digər məsələlərin öz həllini tapmayacağı bir daha bəyan edildi. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Çıxışda Azərbaycanın sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında məqamlara toxunulması, həmçinin ATƏT-in Minsk qrupu haqqında qəti fikirlər də diqqət mərkəzində oldu.

- Cənab Prezident Forumda çıxışı zamanı deyib ki, əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin?

- Bəli, şübhəsizdir ki, biz heç zaman hər hansı dövlətə qarşı rəsmi ərazi iddiasında olmamışıq. Baxmayaraq ki, bizim də partiyalar, hərəkatlar, siyasi qüvvələr, ayrı-ayrı parlamentarilər məhz tarixi planda bizim keçmişimizin dərk, təhlili zamanı həmişə Zəngəzurun, İrəvanın, Göyçənin və digər torpaqların da milli kimliyinə dair çox gerçək mövqelərini, hansısa əsərləri, kitabları ortaya qoyublar. Eyni zamanda xarici tədbirlərdə çox ciddi şəkildə bununla bağlı öz fikirlərini ifadə ediblər. Belə şəraitdə dövlətimiz bunu siyasi kursa çevirərək sübutlarla dərhal digər ölkəyə qarşı hərbi, siyasi vasitələrlə hər hansı ərazi iddialarında olmayıb.

Ölkə rəhbəri illər ərzində istər İrəvanın paytaxt kimi verilməsindən tutmuş, Zəngəzurun 1920-ci ildəki taleyi, Qarabağa Muxtar Vilayət statusunun verilməsi, hətta ondan əvvəl Rusiya-İran müharibəsi fonunda Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri mövzusuna da toxundu. Bu o deməkdir ki, Azərbaycan bu gün bütün dövlətin resurslarını, iqtisadi, siyasi imkanlarını və gücünü həmin ərazilərin qaytarılması uğrunda mübarizəyə yönəltsə, Qarabağ məsələsini tamamilə həll etməklə yanaşı, Ermənistanın faciəvi sonunu gətirə bilər.

 Düşünürəm ki, ölkə rəhbərinin bu açıqlamaları, təkrarən yenə də bu məsələlərə toxunması İrəvana son xəbərdarlıq, xatırlatmaq mənasında idi və çox təsirli idi.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: