Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


BU DOSTLUQ ƏBƏDİDİR

“Bu dəstək nə ilk, nə də yəqin ki, son deyil”,

20.07.2022 11:22
44
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov bu günlərdə Türkiyə Kooperativ Ticarət Eytim və Büro İşçiləri Sendikasının (KOOP-İŞ) Ankara şəhərində keçirilmiş qurultayında iştirak etmişdir. H.Osmanov qurultayda təbrik sözü söyləmişdir. O, çıxışına AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırmaqla başlamışdır. Demişdir ki, Türkiyə və Azərbaycan həmkarlar ittifaqlarının dostluq və əməkdaşlıq əlaqələri uzun illərdir ki, davam edir. Bu əlaqələrin qurulmasında, möhkəmlənməsində Səttar müəllimin şəxsi təşəbbüskarlığı, təşkilatçılığı mühüm rol oynamışdır. O bu gün də bu əlaqələrin inkişafı, hər iki təşkilatın maraqlarına daha yüksək səviyyədə xidmət göstərə bilməsi üçün əlindən gələni əsirgəmir.

H.Osmanov KOOP-İŞ və Azərbaycan DİİXİ həmkarlar ittifaqları arasında mövcud olan qarşılıqlı, yaradıcı münasibətdən də danışdı. KOOP-İŞ-in Rəyasət Heyətinin 2008-ci ildə Bakıda baş tutmuş geniş tərkibli iclasını xatırlatdı. O iclası əməkdaşlığın bariz nümunəsi adlandırdı. Əmin olduğunu bildirdi ki, bu əlaqələr, təcrübə mübadilələri qurultayın seçəcəyi yeni heyət tərəfindən də davam etdiriləcək.

Hikmət müəllim çıxışında 2020-ci ildə erməni işğalçılarına qarşı ordumuzun apardığı Zəfər müharibəsini də diqqətə çatdırdı. Dedi ki, həmin günlərdə biz dost və düşmənlərimizi bir daha tanıdıq. Türk dövləti siyasi, türk xalqı mənəvi dəstəyini bizdən əsirgəmədi. Türkiyənin həmkarlar ittifaqı mərkəzləri həmin günlərin həyacanını, sevincini və kədərini bizimlə birlikdə yaşadı. Bütün bunlara görə bir daha təmsil etdiyim böyük bir qurum adından sizə təşəkkür edirəm.

“Bu dəstək nə ilk, nə də yəqin ki, son deyil”, - deyə sözünə davam etdi: 104 il əvvəl rus imperiyasının əsarətindən yenicə xilas olmuş, dövlətçiliyi bolşevik-daşnak təcavüzünə məruz qalmış Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin yaradılmasında türk qardaşlarımızın göstərdiyi kömək indiyə qədər unudulmayıb. Ənvər Paşa, Nuru Paşa  xalqımızın yaddaşına əbədi həkk olunmuş qəhrəmanlardandırlar.

H.Osmanov çıxışının sonunda Türk-Azərbaycan dostluq simvolu olaraq general Nuru Paşanın portretini KOOP-İŞ Sendikasının Genel başkanı Eyup Alemdara təqdim etdi.

Tədbirdə bu sətirlərin müəllifi də iştirak etmişdir.

 

Rauf İBRAHİMLİ,

DİİXİ Hİ Respublika Komitəsinin baş texniki əmək müfəttişi

ETİKETLƏR: