Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Sosial dialoqun əsasları küçə və bazar ticarətçilərinə qarşı  zorakılığın səbəbləri”

Biz də ölkəmizin Konvensiyanı qəbul etmək üçün müəyyən tədbirlər görməsini istəyirik. 

20.07.2022 11:24
142
A+
A-

İyulun 14-də “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası tərəfindən “Streetnet İnternational” Beynəlxalq Alyansın təşkilatçılığı ilə “Sosial dialoqun əsasları, küçə və bazar ticarətçilərinə qarşı  zorakılığın səbəbləri” mövzusunda seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov əvvəlcə iştirakçıları salamladı. Qeyd etdi ki,  bütün dünyada qeyri-formal ticarətlə bağlı problemlər var. Bu sahədə çalışanlar, demək olar ki,  işçi hüquqlarından tamamilə kənarda qalıblar. Bugünkü tədbirin mahiyyəti isə onların hüquqlarının müdafiəsinə, mövcud problemlərinin həllinə yönəlmiş, Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi 190 saylı Konvensiya ilə bağlıdır.

Şərqi Avropa və Mərkəzi Asiya üzrə “Street İnternational” Beynəlxalq Alyansın koordinatoru Katerina Yarmolnik-Kroeck çıxış edərək bu sahədə mövcud olan problemlər, 190 saylı Konvensiya haqqında  ətraflı məlumat verdi. Dedi ki, qeyri-formal ticarətlə məşğul olan işçilərin üzləşdiyi problemlər dəfələrlə beynəlxalq və regional forumlarda qaldırılıb. Məqsədimiz onların əmək sferasında hüquqlarının təmin edilməsidir. Qlobal statistikaya görə, qeyri-formal iqtisadiyyatın 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Bu ölkələrdə kənd təsərrüfatı istisna olmaqla, məşğulluğun 73 faizi qeyri-formal sektora aiddir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 17 faizdir. Biz bilirik ki, küçə ticarəti ilə məşğul  olanların çörəyi gündəlik satışlarından asılıdır. Onların bu fəaliyyətlə normal məşğul olmaları üçün bir sıra problemlərinin həlli istiqamətində işlər görülməlidir. Məsələn, sözügedən ticarətçilərin  səhiyyə sisteminə əlçatanlığı, sosial müdafiələri, təhlükəsizlikləri, o cümlədən böyük marketlər şəbəkəsi ilə bərabər, topdansatış bazarlarının da fəaliyyəti təmin olunmalıdır. O dedi ki, BƏT-in 190-saylı Konvensiyasını ratifikasiya edən hökumətlərdən əmək sferasında zorakılıq və təcavüzün qarşısını almaq, eyni zamanda onlarla mübarizə aparmaq üçün lazımi qanunları qəbul etmək tələb olunacaq: “Konvensiyanın ən üstün cəhətlərindən biri də odur ki, burada bütün işçilərin hüquqları qorunur. Qeyd edim ki, artıq 19 ölkədə konvensiya ratifikasiya olunub”.

Yenidən söz alan C.İsmayılov bildirdi ki,  “Streetnet İnternational” Beynəlxalq Alyansı  yeni yarananda Cənubi Afrikada fəaliyyət göstərməyə başladı. Çünki dünya üzrə küçə ticarəti ilə məşğul olanlar arasında ən acınacaqlı vəziyyət bu bölgələrdə idi. Daha sonra Hindistan, Kamboca və s. Asiya ölkələri də daxil edildi. Statistikaya görə, Hindistanda 75 faizdən artıq əhali ticarətin bu sektoru ilə məşğul olur.  Çox yerlərdə onlar hüquq- mühafizə orqanları tərəfindən zorakılığa məruz qalırlar. Hətta bəzi hallarda məhsulları müsadirə edilir”.

C. İsmayılov platforma məşğulluğu haqqında da məlumat verdi.  Taksi fəaliyyəti ilə məşğul olanları buna misal gətirərək dedi ki, onlar heç bir işçi hüququna sahib deyillər. Öz maşınlarından taksi kimi istifadə edir, qazandıqları gəlirdən əməkdaşlıq etdikləri şirkətlərə faiz ödəyirlər. Lakin əmək müqavilələri, sosial paketləri olmur, beləliklə də, iş başında hər hansı qəza baş verərsə şirkətin heç bir öhdəliyi olmur. BƏT-in 190 nömrəli Konvensiyası bu zorakılıq hallarının aradan qaldırılması məqsədilə qəbul olunub. Biz də ölkəmizin Konvensiyanı qəbul etmək üçün müəyyən tədbirlər görməsini istəyirik. 

C.İsmayılov ölkəmizdə də bu sahə ilə məşğul olanların sayının az olmadığını,  yüzminlərlə insanın  küçə ticarətindən qazanc əldə etdiyini dedi: “Biz də onların öz məhsullarını becərib,  yığıb satmaqlarına şərait yaratmalıyıq. Onların hüquqlarının müdafiəsi yönündə  qəbul olunmuş qanunlara riayət olunmasını təmin etməliyik. Bu zaman həm təbii, qatqısız qidaların, məhsulların bolluğu müşahidə olunacaq, həm də ölkədə özünəməşğulluq fəaliyyəti ilə məşğul olanların sayı artacaq, onların rifah halı yüksələcək. Bu sahədə yerlərdəki bələdiyyələrin də üzərinə böyük məsuliyyət düşür. Biz, Federasiya olaraq,  bu sahəyə diqqət göstərən bələdiyyələri mükafatlandıracağımızı, təltif edəcəyimizi də bildirmişik.

Daha sonra Təşkilat şöbəsinin müdir əvəzi Roza Eyubova, Federasiyanın nəzdində fəaliyyət göstərən  Bazar və küçə ticarəti satıcılarının əmək və sosial müdafiəsi təşkilatının sədri Zərifə Hüseynova çıxış edərək  bu sahə ilə məşğul olan satıcıların əmək və sosial müdafiəsinin iş prinsiplərini iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə rayon həmkarlar ittifaqı komitə sədrləri,  ictimaiyyət nümayəndələri də iştirak etdilər.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: