Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yem sənayesinə vergi  güzəştləri

ət məhsullarının bahalaşmasını dayandıracaq

20.07.2022 12:54
35
A+
A-

Məlum olduğu kimi, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı fərmana əsasən, ölkəyə idxal olunan bir sıra mallar əlavə dəyər vergisindən (ƏDV) azad edilib. ƏDV-dən azad edilmiş malların böyük bir qismi ölkədə ərzaq təhlükəsziliyi komponentinin tərkib hissəsi olan xammal və yarımfabrikantları əhatə edir. Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin əməkdaşı Elvin Maqsudovun sözlərinə görə, ötən dövr ərzində heyvandarlıq məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlar son aylarda xarici ölkələrdən gətirdikləri yem və yem əlavələrinin bahalaşması səbəbindən onların xərclərinin artmasını bildirərək həmin xammalların vergilərdən azad edilməsini istəyiblər. Vergi Xidməti vergi ödəyicilərindən daxil olan sorğu və müraciətləri təhlil edildikdən sonra hökumət qarşısında bu məsələ qaldırılıb. Nəticədə hökumət sahibkarların bu müraciətlərini məqbul hesab edərək vergi güzəştlərinin edilməsinə qərar verib. Heyvan və bitki mənşəli yem və yem əlavələri idxal vergisindən azad edilib. 

ƏDV-dən azad edilən mallar sırasında soya paxlaları, maya kulturaları, quru çörəkçilik və aktiv mayaları, hazır çörəkçilik tozları, soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr, günəbaxan toxumlarının cecələri, digər bərk tullantılar və digər bitkiçilik məhsullarıdır. Həmçinin vergi güzəştləri heyvandarlıq və quşçuluq məhsullarının istehsalı və emalı üçün tələb olunan xammalı nəzərdə tutur. Həmin mallara heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar, yem və yem əlavələri daha çox üstünlük təşkil edir.

Elvin Maqsudovun fikrincə, ümumilikdə hökumətin vergi-gömrük güzəştləri 72 növdə yem və yem əlavələrini əhatə edir. Həmin məhsulları ölkəyə idxal edən sahibkarlar 2022-ci il dekabrın 31-dən 15 faiz vergi ödənişindən azad edilib.

Vergi orqanı hesab edir ki, ölkəmizdə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu qərar heyvandarlıq və quşçuluq təsərrüfatlarının xərclərinin sabitliyi, hətta aşağı düşməsi üçün yeni motivasiya deməkdir. Həmin 72 məhsulun ən azı 60-70 faizi quş əti və yumurta, mal ətinin, süd və yağ istehsalında, digər heyvandarlıq məhsullarının emalında əsas xərc komponentidir. Mütəxəssislərin fikrincə, yem və yem əlavələri istehsal xərclərinin maya dəyərində təxminən 70 faiz paya malikdir.

Dövlət Vergi Xidməti hesab edir ki, kənd təsərrüfatı mallarının istehsalı və emalında əsas xərc tutumlu xammalın və digər məhsulların vergilərdən azad edilməsi davamlı olaraq yürüdülən səmərəli vergi siyasətinin nəticəsidir. Belə ki, vergi orqanları müvafiq dövlət qurumları və sahibkarlarla müntəzəm şəkildə qida bazarını təhlil edərək ərzaq məhsullarının istehsalı və satışında biznesə dəstək məqsədilə müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir. Bu siyasətin tərkib hissəsi kimi, ötən illərdə heyvandarlıq təsərrüfatlarına vergi güzəştləri tətbiq edilib, vergi stimulları verilib. Belə ki, 2020-ci il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətinə ƏDV-dən azad edilib. Həmçinin Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət və gəlir vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Buna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.

Yem və yem əlavələrinin vergilərdən azad edilməsi ölkənin kənd təsərrüfatına, heyvandarlıq və quşçuluq sektoruna hansı təsirlərə səbəb olacaqdır?

Vergi Xidməti hesab edir ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi ölkədə qida bazarında qiymət sabitliyinin qorunmasına xidmət etməklə yanaşı, bu sahənin əsaslı şəkildə inkişafına və investisiya qoyuluşlarının artırılmasını təşviq edir. Sahibkarlar və fermerlər yem məhsullarına çəkdikləri xərclərə qənaət etməklə həmin vəsaitləri bu sahənin inkişafı üçün əlavə sərmayə kimi istifadə edə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin apardığı təhlillərə görə, yem sənayesi heyvandarlıq məhsullarının istehsalçılarının dəyər zəncirində xüsusi yer tutur. Azərbaycan hazırda yem və yem əlavələrinin böyük bir qismini xaricdən gətirir, çünki ölkədə yerli yem sənayesi bazarı formalaşmayıb. Respublikamızda yem emalı üzrə ixtisaslaşmış zavodlar yem bazasının möhkəmləndirilməsində kiçik paya malikdir. Yerli zavodlar əsasən arpa və qarışıq yem emal edir. Ölkəmizdə intensiv quşçuluq və maldarlıq fermaları əsasən sənaye üsulu ilə istehsal olunmuş yemdən istifadə edirlər. Həmin yemin istehsalı üçün lazım olan xammal və əlavələr, xüsusilə soya və günəbaxan yağı xammalı xaricdən idxal olunur. Statistikaya əsasən, il ərzində xaricdən 115-120 milyon dollar dəyərində yem və əlavələri idxal olunur. Ölkənin illik yem tələbatı 1,5 milyon ton təşkil edir ki, onun təxminən 80 faizi xaricdən idxal olunur. Təkcə soyaya olan tələbat 200 min tona bərabərdir, həmin məhsulun 150 min tonu quşçuluq sənayesinin istehlakına yönəlir. İri südçülük təsərrüfatlarında, həm də quşçuluq təsərrüfatlarında dünya bazarında qeyd edilən məhsulların qiymətinin artması ilə bərabər, daxili bazarda da 77 %-ə qədər müvafiq qiymətlərdə dəyişikliklər olub. Soyanın idxal dəyəri bazarda 3-4 dəfə, təqribən 300-400 manatdan 1200 manata çatıb. Geosiyasi vəziyyətlə əlaqədar olaraq bir sıra yem məhsullarının idxalı ilə bağlı müəyyən çətinliklər yaranıb. Ümumiyyətlə, bu siyahı üzrə 18 % ƏDV-nin götürülməsi həm sənaye yönümlü emal müəssisələrində, həm də bəzi təsərrüfatların özlərinin daxilində balanslaşdırılmış yem istehsalında maya dəyərinin aşağı düşməsində və dəyər zəncirində öz rolunu göstərəcəkdir.

Kənd təsərrüfatı üzrə ekspertlərin qənaətinə görə, hökumətin idxal vergisindən azadolunma ilə bağlı qərarı həm quşçuluq, həm də heyvandarlıq təsərrüfatlarında istehsal-emalın artmasına da mühüm təsir göstərəcəkdir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: