Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2023-cü ildən Qarabağda sahibkarlar hansı vergilərdən azad olunacaq?

.

03.08.2022 12:53
50
A+
A-

Dövlət Vergi Xidməti azad edilmiş ərazilərdə dövlət və özəl sektoru təmsil edən biznes qurumlarının təklif və rəyləri əsasında səmərəli və güzəştli vergi rejiminin tətbiq olunması barədə təkliflər paketi hazırlayıb. Hökumət tərəfindən müsbət dəyərləndirilən təkliflərin qanunvericiliyə dəyişikliklər layihəsində əks olunması nəzərdə tutulur. Növbəti ildə Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişikliklər layihəsində həmin təkliflərin qəbul olunacağı istisna deyil. Beləliklə, “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı layihəyə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə yanaşı, iqtisadi fəallıq ssenariləri əsasında stimullaşdırıcı iqtisadi alətlərin tərkib hissəsi kimi vergi tətillərinin tətbiqi ilə bağlı yeni vergitutma mexanizmi həyata keçiriləcək.

Vergi Məcəlləsinə təklif olunan 227.1-ci maddədə dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazidə çalışan hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olacaqlar. Söhbət ticarət, iaşə, xidmət, sənaye, emal müəssisələri yaradan sahibkarlara 3 vergi güzəştindən gedir ki, bu da, demək olar ki, onların bütün vergilərdən azad olunması deməkdir.

Həmçinin Vergi Məcəlləsinin 227.2-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri yaratdıqları istehsal sahələri üçün lazım olan bütün növ xammal və materialların xaricdən idxalı zamanı ƏDV ödəməyəcəklər. Onlar üçün bu güzəşt 10 il müddətinə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilməsi də nəzərdə tutulur. Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək məhsulların istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirlərinin 50 faizi 7 il müddətinə vergidən azad olunacaq.

Eyni zamanda işğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən hüquqi şəxslər və səhmdarlar  əldə etdikləri dividendlərdən gəlir vergisi ödəməkdən azad olunacaqlar. 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində nəzərdə tutulan bu vergi güzəşti sahibkarların illik qazandığı gəlirlərin təkrar investisiyalara yönəldilməsi üçün fürsət olacaqdır.

Başqa bir vergi tətili turizm sektoru ilə bağlıdır. Bu, əsasən turizm obyektlərində istirahət edən adi vətəndaşlar üçündür. Belə ki, fiziki şəxs olan istehlakçılar bu ərazilərdə fəaliyyət göstərən hotellər, hostel və mehmanxana tipli xidmət obyektlərində nağdsız qaydada ödənilşər etdiyi zaman pullarının 30 faizli ƏDV-si özlərinə geri qaytarılacaq. Burada da əsas məqsəd yerli və xarici turistləri azad edilmiş ərazilərə həvəsləndirməkdir.

Vergi qanunvericiliyinə dəyişikliklərlə yanaşı, azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, rəqabət mühitinin yaxşılaşdırılması üçün digər əlverişli iqtisadi stimulların da yaradılması nəzərdə tutulur. Sənaye və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə investisiya məqsədli malların idxalına gömrük güzəştləri tətbiq olunacaq. Bununla bağlı gömrük qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlanır. İqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, məşğulluq siyasətinin təşviqi məqsədilə sosial sığorta və digər güzəştlərin tətbiqi də nəzərdə tutulur. Belə ki, müxtəlif müəssisə və təşkilatların aylıq ödədiyi sosial vergi də ləğv olunacaq.

Həmçinin bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalında da vergi-gömrük güzəştlərinin müəyyən edilməsi planlaşdırılır. Bundan başqa, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər, elektrik enerjisi, təbii qaz və su istehlakı üzrə güzəştlərin tətbiqi də gündəmdədir.

Beləliklə, hökumətin azad edilmiş ərazilərlə bağlı bütün iqtisadi hədəfləri bu bölgədə biznesin geniş iştirakının və azad rəqabət mühitinin təmin edilməsi, potensial yerli və xarici şirkətlərin bu ərazilərə daha çox cəlb olunmasının təşviqidir. Hökumət maksimum gücü ilə çalışır ki, minalanmış ərazilərin minalardan təmizlənməsi daha sürətlə aparılsın ki, bu ərazilərdə ən zəruri infrastrukturlar, yol, nəqliyyat, işıq, qaz, su, rabitə, kommunal və sosial xidmət obyektləri, logistika və bazara çıxış imkanları da ardıcıl geniş vüsət alsın. Eyni zamanda həmin ərazilərdə qurulan nəqliyyat şəbəkələrinin regional nəqliyyat qovşaqlarına reinteqrasiyası işləri də paralel aparılır. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilandakı Hava limanı da tamamlanmaqdadır, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində görülən işlər də nəzərdə tutulandan daha tez aparılır. Bütün bu amillər biznesin azad edilmiş ərazilərə gəlişini təmin etmək üçün tədbirlər planının əsas istiqamətləridir.

Bütün bu güzəşt və stimulların Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılaraq qəbul edilməsi nəzərdə tutulur.

Elbrus CƏFƏROV

ETİKETLƏR: