Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Taxıl qıtlığının yaranması gözlənilmir

.

10.08.2022 13:23
33
A+
A-

Sentyabr-oktyabr aylarında taxılın qiymətinin artacağı, bunun da dolayısı ilə un məmulatlarının, xüsusilə də çörəyin qiymətinə təsir edəcəyi haqda xəbərlər bir neçə vaxtdır ki, səngimək bilmir. Bu da haqlı olaraq vətəndaşların narahatlığına səbəb olur.

Qiymət artımı ilə bağlı yaranan narahatlığın əsası varmı?

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov dedi ki, hazırda bu narahatlıq üçün əsas yoxdur. Ölkədə taxıl qıtlığının yaranması gözlənilmir. Əsasən qonşu ölkələrdən məsafə yaxın olduğuna görə, aldığımız məhsul bizə nisbətən ucuz başa gəlir: “İdxal etdiyimiz taxıl məhsullarının tərkibində ərzaqlıq buğdanın həcmi daha böyükdür. Çünki ölkəmizdə istehsal olunan ərzaqlıq buğda daxili tələbatımızın cəmi 25-30%-ni ödəyir. Tələbatımızın  qalan hissəsi, təxminən 95%-i Rusiyadan gətirilir. Rusiyadan taxıl idxalı ilə bağlı bir çətinliyimiz yoxdur. Narahatdoğurucu məqam dünya bazarlarında taxılın qiymətinin kəskin artmasıdır. Düzdür, Rusiyadan aldığımız taxılı dünya bazarı qiymətindən müəyyən qədər ucuz əldə edə bilirik. Amma onu da yaddan çıxartmamalıyıq ki, taxılın qiyməti sürətlə artmaqdadır. Məsələn, cari ilin yarım illiyinin orta idxal qiyməti ilə keçən ilin qiyməti arasındakı fərq 100 dolları keçmişdir”.  

A.Badamov bildirdi ki, hökumətin tərkibində yaradılmış müvafiq komissiya ərzaqlıq buğda ehtiyatı ilə bağlı mütəmadi monitorinqlər keçirir və ehtiyatlarımızın azalmasına imkan vermir: “Hətta alternativ idxal mənbələri də araşdırılır. Onu da deyim ki, Qazaxıstan və Ukraynadan da idxal etmək imkanlarımız mövcuddur. Hesab edirəm qarşıdakı dövr ərzində ərzaqlıq buğda ehtiyatı ilə bağlı hər hansı bir çatışmazlıq yaranmayacaqdır”.

“Bu il yığılan məhsul tələbatın təxminən neçə faizini ödəyə biləcək?” sualını cavablandıran deputat dedi ki, cari ildə yığılan ərzaqlıq buğda ilə tələbatımızın təxminən 30%-ə qədərini ödəyə bilirik: “Qarşıda duran məsələlərdən ən əsası ərzaqlıq buğda ilə idxaldan asılılığımızın aradan qaldırılmasıdır. Bununla əlaqədar iri buğda istehsalçılarına dəstək proqramları həyata keçirilir. Fermerlərə istehsal xərclərinin müəyyən hissəsinin qarşılanması, texnikaların alınması və yüksək məhsuldarlığı olan  toxum növlərinin əldə edilməsi üçün dövlət tərəfindən subsidiyalar verilir. Prezident ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2022-ci il 19 iyul tarixində “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalamışdır. Bu fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayaraq  istehsal sahələri innovativ suvarma sistemləri ilə təmin edilərək qarşıdakı 5 ildə ərzaqlıq buğdanın istehsalı ilə məşğul olacağı öhdəliyi götürmüş fermerlərə təhvil verilmiş buğdanın hər tonuna görə əlavə subsidiyalar ödəniləcəkdir. Ərzaqlıq buğdanın tədarük qiyməti hökumət tərəfindən müəyyənləşdiriləcəkdir. İdxal olunan ərzaqlıq buğdanın maya dəyəri ilə dövlət tədarük qiyməti arasında yarana biləcək uyğunsuzluq da dövlət tərəfindən tənzimlənəcəkdir. Hesab edirəm ki, dövlət başçısının son fərmanının icrası qarşıdakı 5 ildə ölkədə ərzaqlıq buğdanın idxaldan asılılığının minimumlaşdırılmasına imkan verəcəkdir. Hazırda 600 min hektara yaxın ərazidə ərzaqlıq buğda istehsal olunur. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə də ərzaq buğdası istehsal edilən iri fermer təsərrüfatların yaradılması və istehsal olunan məhsulun orta məhsuldarlığının artması daxili tələbatı ödəməyimizə imkan verəcəkdir”.

Azər müəllim bu gün unun qiymətinin artacağı ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu da vurğuladı: “Vətəndaşlarımızı ən çox narahat edən zavod çörəyinin qiymətinin artması məsələsidir ki, hesab edirəm hökumətimiz insanların istehlak etdiyi zavod çörəyinin qiymətini, hətta idxal olunan qiymət artsa belə, müxtəlif mexanizmlərlə tənzimləyəcəkdir. Bu gün dünyadakı əsas çağırış qiymət artımı ilə yox, qıtlığın yaşanmasına qarşı mübarizə ilə bağlıdır. Dövlətimizin kifayət qədər iqtisadi resursları var ki, daxili bazarlarımız un və çörəklə  stabil təmin olunsun. Əks təqdirdə qiymətlər artarsa, əhalinin gəlirləri də artmalıdır ki, insanlar əziyyət çəkməsin”.

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzunu şərh edərkən bildirdi ki, məsələyə iki istiqamətdən baxmaq lazımdır: “Taxılın qiymətinin bahalaşacağı ilə bağlı verilən proqnozların, yayılmış xəbərlərin hansı formada həqiqəti əks etdirdiyini söyləmək doğru deyil. Çünki mövcud situasiya ilə iqtisadi göstəricilər arasında təzadlı vəziyyət müşahidə olunur. Baxın, buğdanın qiyməti may ayında özünün maksimum həddinə çatmışdı. Bir ton buğdanın qiyməti mayın 1-nə olan göstəricidə 403 dollar idi. İyunun 1-də 380 dollar, iyulun 1-də 334 dollar, bu ayın əvvəlində isə 328 dollar olub. Yəni qiymət azalmaqda davam edir. Təbii ki, Ukrayna taxılının Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması (Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması) dünyanın taxıl böhranını nisbətən yüngülləşdirə bilər. Ölkəmizdə olan vəziyyətə gəldikdə isə, Azərbaycan hökuməti son nəticədə çörəyin qiymətinin qalxmaması üçün, düşünürəm ki, alternativ yollardan istifadə etməklə bunun qarşısını alacaqdır”.

Ekspert fermerlərə verilən subsidiyaların məbləğinin artırılmasına da toxundu. Dedi ki, bu il subsidiya məbləği artırılaraq 210 manat müəyyən edilib: “2023-cü ildən başlayaraq yeni subsidiya növü müəyyən edilib. Bu, məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdursa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bundan əlavə, Dövlət Ehtiyatlar Agentliyi hər il qiymət artımlarına uyğun olaraq fermerlərdən aldığı buğdanın qiymətini qaldırır, yəni baha qiymətə alır. Belə ki, 2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16% artım deməkdir”.

E.Əmirov bildirdi ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO  (Food and Agricultural Organization of the United Nations) ərzaq qiymətləri indeksini açıqlayıb: “İndi baxaq, dünyada vəziyyət necədir? FAO-nun açıqlaması son müddətdə bu indeksin 8,6 faiz aşağı endiyini göstərir. Yəni loru dildə desək, qiymətlərdə ucuzlaşma baş vermişdir. Bu nə deməkdir? İyun ayında 154,1 faiz olan bir göstərici iyulda artıq 140,9 faizə enmişdir. Bu da 8,6 faizlik bir eniş deməkdir. Bir sözlə, həm FAO-nun bu gösrtəricisi, həm də yuxarıda da qeyd etdiyim kimi, taxılın dünya bazarında qiymətinin enməsi əslində nikbin proqnoz verməyə əsasdır.  Ümumiyyətlə, iqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi məhv edir, tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha da güclənir. Beləcə, qiymət qorxunu, qorxu da qiyməti yüksəldir”.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR:

Foto