Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Laçının həm turizm potensialı, həm aqrar,  eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var”

.

31.08.2022 12:30
208
A+
A-

Avqustun 26-da Prezident İlham Əliyev Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətində olduğunu bəyan etdi. 

İşğaldan azad olunan digər ərazilər kimi, ən böyük rayonlarımızdan olan Laçın rayonu da ölkənin gələcək inkişafında, xüsusilə də iqtisadi sferada mühüm rol oynayacaq. Bu rolun ölkə iqtisadiyyatına töhfəsi, dəyəri barədə fikirlərini bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov dedi ki, Laçın şəhəri həm geoiqtisadi, həm də geosiyasi, eyni zamanda regionda təhlükəsizliyin formalaşması baxımından ən mühüm yaşayış məntəqələrindəndir. Şəhərin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. Bununla da regionda dayanıqlı sülhün, o cümlədən növbəti mərhələdə regional kommunikasiyaların yenidən bərpası üçün xüsusi imkanlar yaranır. Laçının tam nəzarətimizə keçməsi regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Belə ki, Laçın rayonu həm də iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir. Rayonun həm böyük turizm potensialı, həm aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var.

İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Həmçinin zəngin təbii ehtiyatlara malik olan Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Millət vəkili bildirdi ki, Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur. Kəndin etnik tərkibi isə tarixən hər zaman azərbaycanlılardan ibarət olub. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. Artıq kənd işğalçılardan tam azaddır və öz halal sakinlərini gözləyir: “Sözsüz ki, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə lazımi qədər geniş güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Bura vergi güzəştləri daxil olmaqla, sosial haqlarda subsidiyanın tətbiq edilməsi kimi müasir, investisiyanın cəlb edilməsi baxımından vacib vasitələrdən istifadə daxildir. Hesab edirəm ki, daha çox sərmayənin cəlb edilməsi Laçın rayonunun tez bir zamanda formalaşmasına imkan verəcək”.

V.Bayramov qeyd etdi ki, hava limanının inşa edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyindən xəbər verir. Və gözlənilir ki, Laçında məskunlaşma, yəni böyük qayıdış prosesinin başlanması ilə biz paralel olaraq bölgənin iqtisadiyyatının inkişafını müşahidə edəcəyik.

İqtisadçı Natiq Cəfərli də mövzuya münasibət bildirərək dedi ki, Laçın rayonu tarixən iqtisadi sahədə inkişaf etmiş təcrübəsi və potensialı olan ərazilərimizdəndir. Tam Azərbaycanın nəzarətinə keçəndən sonra rayonun ərazisində ənənəvi sahələrin inkişafı üçün addımlar atılacaq. Burada ən çox böyük ekoloji və təbiət turizmi potensialı var: “Deyərdim ki, Laçın ölkənin ən gözəl guşələrindən biridir. Ona görə də hesab edirəm ki, dünyada da ən çox inkişaf edən turizm sahəsi olan ekoturizmin inkişafı burada yüksələn sektorlardan olacaq. Bu sahəyə də tələbat olduqca böyükdür. Nəticə etibarilə iqtisadi fürsətlər açıldıqca orada əhalinin sayı və məşğulluq artacaq. Bu da ölkə iqtisadiyyatına əlavə töhfə verəcək”.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: