Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yayı azad keçirmək

 vətəndaşların məsuliyyətindən asılıdır

20.05.2021 07:08
43
A+
A-

 

Yay mövsümünün gəlməsi ilə əlaqədar  insanları düşündürən əsas məsələlərdən biri də koronavirus infeksiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasıdır.  Açıq hava şəraitində ilk növbədə insanları maska taxmaq narahat edir. Çünki maska taxmaq məcburiyyəti artıq insanların sağlamlığı baxımından təhlükə yaradır. Qapalı məkana(evə, iş yerinə, çayxanaya, kafeyə) girəndə hamı maskasını çıxarıb ya cibinə, ya çantasına, ya da stolun üstünə qoyur. Maskalar həmin yerlərdəki mikrobları öz üzərinə toplayır, sonra isə açıq havaya çıxanda cərimələnməyin qorxusundan o maskaları üzümüzə taxırıq və bayaq hansısa səthdə olan mikrobu nəfəsimizlə içimizə çəkirik. Bu və ya digər qadağaların yumşaldılması ilə bağlı millət vəkili, həkim Müşfiq Məmmədli fikirlərini bizimlə bölüşdü.

Millət vəkili dedi  ki, hazırkı dinamikaya baxsaq, pandemiya ilə mübarizədə Azərbaycanda kifayət qədər uğur qazanılıb. Vaksinasiyanın da sürətli şəkildə  aparılması artıq yoluxmaların sayının azalmasına, sağalanların sayının artmasına gətirib çıxarır. Biz vaksinasiya prosesində sürəti bir az da  artırsaq, təbii ki, digər məhdudlaşmaların da aradan qalxmasını müşahidə edəcəyik.  Bu, hər birimizin arzusudur və dövlət strukturları da bu istiqamətdə mümkün olacaq bütün yumşalmalara gedilməsinin  tərəfdarıdır. Vaksin olunmuş insan sayını kifayət qədər artıra bilsək, maska qadağası, ictimai nəqliyyatın müxtəlif sahələrində olan qadağalar, ticarət mərkəzləri, idman zalları, muzeylərin və sairənin fəaliyyətinə olan qadağalar tezliklə aradan qaldırılar və biz əvvəlki normal həyatımıza qayıdarıq.

M.Məmmədli onu da əlavə etdi ki, digər ölkələrin  praktikasına diqqət yetirəndə  görürük ki,  açıq hava məkanlarında  maska tətbiqi qadağasının bir qədər yumşaldılması mərhələli şəkildə həyata keçirilir: “Artıq Avropa ölkələrində ictimai məkanların açılmasının, müxtəlif ictimai tədbirlərin keçirilməsinin və tədricən normal həyata döndüklərinin şahidi oluruq. Misal üçün, Amerika Birləşmiş Ştatlarında  açıq havada maskadan istifadə qadağası artıq aradan götürülüb. Yunanıstan isə  turizmlə əlaqədar müsbət addımları intensivləşdirməyə başlayıb. Bu mənada bir çox ölkəni misal gətirmək olar. Çünki artıq qabaqcıl Avropa ölkələri vaksinasiya prosesində istədikləri nəticəni əldə ediblər. Bütün dünyada olduğu kimi, Azərbaycan da daha uğurlu taktikaları analiz edir və yoluxma sayının azalması üçün məqsədəuyğun addımlar atır. Vaksin olunmuş insanların sayına uyğun, ilk əvvəl açıq hava məkanlarından başlayaraq, mərhələli şəkildə müəyyən məhdudlaşdırıcı tədbirlər aradan qaldırıla bilər. Ən mühümü isə vaksinasiya prosesində istədiyimiz uğurlu nəticəyə nail olmaqdır. Biz vaksinasiya prosesində yaxından iştirak etsək, həm öz həyatımız qaydasına düşəcək, həm də turizm sektorunun inkişafına təkan verəcəyik. Bu da iqtisadiyyatın digər sahələrinin inkişafına gətirib çıxaracaq. Həmçinin ölkələrarası aviasəfərlərin tətbiqindəki məhdudiyyətlər tamamilə aradan qaldırıla bilər.

Bir həkim kimi deyə bilərəm ki, yayı azad keçirmək vətəndaşların məsuliyyətindən asılıdır. Havalar istiləndikcə, maska geyinmək hər birimiz üçün daha da çətinləşir. Sizin də az əvvəl qeyd etdiyiniz kimi, vətəndaşların maskalardan yanlış istifadə etməsi elə maskaları əsl virus mənbəyinə çevirir. Bütün bunların yeganə həll yolu isə bütün vətəndaşlarımızın peyvənd olunmasıdır. İndiyə kimi Azərbaycanda 1 milyon 800 minə yaxın vətəndaş vaksinasiya olunub.  Vaksinasiya olunmayan hər bir vətəndaşın bu prosesdə iştirak etməsi vacibdir”.

 

Gülöyşə MƏMMƏDLİ