Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Quruculuq işlərində çalışan əhalinin və  “Böyük qayıdış”ın qarşısındakı ən böyük təhlükə...

.

22.09.2022 11:22
237
A+
A-

İşğaldan azad olunan ərazilərimizin bərpa-quruculuq işlərində çalışan və orada yaşayan yerli əhalinin təhlükəsizliyi necə təmin olunur? Əhaliyə erməni təxribatlarından, minalardan qorunmaq üçün xüsusi tapşırıqların verilməsinə ehtiyac yaranırmı? Hazırda sözügedən rayonlarımızda yenidənqurma işləri davam edirmi?

12-14 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi qarşıdurmada Azərbaycan tərəfindən yaralananlar arasında iki nəfər də mülki şəxsin olması və orada aparılan yenidənqurma işlərinə ermənilərin hər hansı formada əngəl törətməyə çalışdıqları barədə yayılan xəbərlər bu suallara yenidən aydınlıq gətirmək istəyimizə  səbəb oldu.

Mövzu ilə bağlı sualları Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavablandırdılar.

Millət vəkili Zahid Oruc dedi ki, artıq savaşın başlanmasının ikinci ildönümünə yaxınlaşdığımız dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə azad olunmuş torpaqlarda bir neçə mərhələli, xüsusi hədəflərə yönəlmiş “Böyük qayıdış” dövlət proqramı çərçivəsində misilsiz tarixi işlər görülür. Bu işlər bizim üçün müqəddəs məkan olan Şuşadan başlayır və  Kəlbəcərdən Zəngilana qədər davam edir. Diqqət isə ilk növbədə ərazini tam təhlükəsizlik vəziyyətinə gətirmək üçün minalardan təmizlənmə prosesinə yönəlibdir. Xatırlatmaq istəyirəm ki, dünya dövlətləri arasında həm keçmişdə, həm indi müxtəlif xarakterli qanlı savaşlar olub və nə qədər bəşəriyyət, insanlıq varsa, bu belə də davam edəcək. Amma işğaldan azad olunan torpaqlara monitorinqdən sonra mərkəzi Almaniyada yerləşən minatəmizlənmə üzrə komitələr, beynəlxalq qurumlar və üçüncü sektor təmizləyiciləri bu yaxınlarda öz rəylərini bildirdilər. Qeyd etdilər ki,  bu sıxlıqda, belə səviyyədə minalanmış torpaqlar dünyanın heç bir ərazisində olmayıb. Bu, metafora deyil, xüsusi bir yanaşma kimi qəbul edilməməlidir. Gerçəkdən də müqayisəli təhlillər aparılıb və nəticədə belə rəy verilib. Təəssüflər olsun ki, düşmən bu illər ərzində infrastruktura, insanlarımızın əsrlər boyu yaratdıqları sərvətlərə, obyektlərə, məbədlərə, kilsə və yaxud məscidlərə zərbə vurmaqla yanaşı, eyni zamanda  torpağın altına doğru gedərək xalqımızın əbədi, əzəli ilahi varlığını, qəbirlərini  dağıdıblar.

İndi burada quruculuq işlərində çalışan əhalinin və  “Böyük qayıdış”ın qarşısındakı ən böyük təhlükə minadır. Minalarla mübarizə xüsusi proqram əsasında baş verir, müxtəlif xarici donor təşkilatlarından, ayrı-ayrı dövlətlərdən də yardım edilir. Lakin bununla belə, 10 milyardlarla dollar vəsait aparır. Əhalinin təhlükəsizliyi üçün gecə-gündüz iş gedir. Təəssüf olsun ki, sonuncu əməliyyatda da bizim ordumuz mina müharibəsinə tuş gəldi. Düşmən ərazilərimizi və təminat yollarını minalamışdı. İki mülki insanımızın da zərər görməsi sübut edir ki, elə bir qayıdış, məskunlaşma həyata keçirilməlidir ki, onların həyatı bir daha işğallara, təxribatlara məruz qalmasın. Ona görə də “Böyük qayıdış”  asta-asta, mərhələli və planlı şəkildə aparılır.

Z.Oruc dedi ki, düşmən təxribatları bu gün də davam edir. Çünki yol infrastrukturunda 900 kilometrdən artıq nəhəng layihələr işlənilir. Bu, yalnız iqtisadi, siyasi mahiyyətli deyil,  həm də hərbi məqsədlər daşıyır. Əvvəllər Qarabağın tarixində çox da əlverişli, bizim mənafelərə dayanan, əksər coğrafi ərazilərimizlə harmonik bağlanan yollar olmayıb. Yol infrastrukturunun yaradılması o məkanlarda böyük qəsəbələrin, şəhərlərin, məktəblərin, xəstəxanaların  yaradılmasını təmin eləməklə yanaşı, düşmən tərəfi də bu hadisələrdən narahatlıq keçirməyə sövq edir. Ona görə də hazırda Amerika turnesində olan və bununla beynəlxalq qanunları pozan, Rusiyanın himayəsindən yetərsiz qalıb müxtəlif siyasi ünvanlardan dəstək gözləyən Raman Babayan bəyan edir ki, Azərbaycan ermənilərə qarşı yol savaşı aparır.

Millət vəkili Vüqar Bayramov dedi ki, sentyabr ayının 15-də Zəngilanda 29 ildən sonra ilk zəng çalındı. Ağalı kəndində məktəblilər məktəbə yola düşdü. İşğaldan azad olunmuş digər rayonlarımızda da işlər davam edir. İkinci ağıllı kənd Füzuli rayonunun Dövlətyarlı kəndində olacaq. Ermənistanın hərbi siyasi hakimiyyəti də çalışır ki, bu ərazilərimizdə gedən bərpa işlərinə hansısa bir formada təsir göstərsin.  Düşmən nə qədər təxribat aparsa da, görülən işlərə mane olmağa çalışsa da, infrastruktur layihələrinin reallaşdırılması həyata keçirilir. Xüsusən də nəqliyyat infrastrukturunun genişləndirilməsi ilə bağlı işlər də davam etdirilir. Bütün bunlar  yenilməz Azərbaycan Ordusunun sayəsində həyata keçirilir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: