Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2023-cü ildə hansı vergi güzəştləri nəzərdə tutulur?

.

22.09.2022 13:04
56
A+
A-

Məlum olduğu kimi, 2023-cü il dövlət büdcəsi layihəsi ötən həftə Nazirlər Kabinetinə təqdim edilib. Növbəti ilin büdcə zərfində gəlirlər üzrə siyasətin başlıca hədəflərindən biri vergi daxilolmalarının optimallaşdırılması və vergi daxilolmalarında qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artırılmasıdır. Belə ki, gələn il Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların ÜDM-ə nisbəti 13,4 milyard manat olmaqla, dövlət büdcəsi gəlirlərinin 43,6 faizini təşkil edəcək. Bu, 2022-ci ilin dürüstləşdirilmiş proqnozundan 1,7 milyard manata yaxın çoxdur. Daha doğrusu, verginin büdcədəki payı 14,2 faiz artırılacaq. Beləliklə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq təkcə vergi daxilolmalarının büdcədəki həcmi neft transfertlərini üstələmiş olacaq. İndiyə qədər Dövlət Neft Fondundan hər il büdcəyə 12 – 12,5 milyard manat həcmində transfert yönəldilirdi və vergi gəlirləri adətən 9 milyard, yəni 3 milyard manat az olurdu. Ancaq növbəti ildən Dövlət Neft Fondundan transfertin məbləği 11,2 milyard olacaq ki, bu da verginin proqnozundan 2,2 milyard manat azdır.
2023-cü ildə vergi orqanlarının xətti ilə 8,4 milyard manata yaxın qeyri-neft gəlirlərinin toplanması nəzərdə tutulur. Bu isə olduqca böyük rəqəmdir və onu əsaslandırır ki, növbəti ildə biznes sektorunda daha fəal işgüzarlıq gözlənilir, həmçinin kiçik və orta sahibkarlığın payının artması, eləcə də “kölgə iqtisadiyyatı” ilə mübarizə tədbirləri çərçivəsində dövriyyədən kənarda qalan vergilərin də büdcəyə cəlb olunması ilə bağlı siyasət təşviq ediləcək. Eyni zamanda əmək bazarında qeyri-leqal məşğulluğun qarşısının alınması tədbirlərinə uyğun olaraq bu sahədən sosial vergilərin həcminin artırılacağı, bəzi sahələrdə əməkhaqlarının artımı sayəsində gəlir vergisi üzrə də daxilolmaların həcmində artımın olacağı gözlənilir.
2023-cü ildə vergi gəlirləri üzrə növbəti güzəştlərin və azadolunmaların tətbiqi nəzərdə tutulur. Azadolunmalar həm iqtisadi, həm də sosial xarakterli olmaqla 2 yerə bölünür. İqtisadi xarakterli güzəştlər üzrə siyasətin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə rezidentlərə münasibətdə vergi güzəştlərinin müəyyən edilməsidir. Bu məqsədlə yaxın günlərdə Milli Məclisdə büdcə paketinə daxil olan sənədlərin müzakirəsi zamanı Vergi Məcəlləsində dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, işğaldan azad edilən ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın təmin olunması məqsədilə həmin ərazilərdə dövlət-özəl sektor tərəfdaşlığı və əlverişli biznes mühiti əsasında iqtisadi stimulların tətbiqi planlaşdırılır ki, onlardan ən başlıcası vergi, sosial sığorta və digər güzəştlərdir. Bu məqsədlə vergi qanunvericiliyində işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiqi ilə bağlı dəyişikliklər olunacaq.
Gələn il kənd təsərrüfatı məhsullarının istehsalçıları üzrə əlavə vergi güzəştlərinin müəyyən edilməsi də nəzərdə tutulur. Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Bu güzəştlər 2024-cü ilədək qüvvədədir. Həmçinin mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçılarının istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Ölkədə ərzaq təminatının mühüm prioritet məsələyə çevrildiyi bir vaxtda hökumət qida istehsalı fəaliyyəti ilə məşğul olan kənd təsərrüfatı mülkiyyətçilərinə əlavə vergi güzəştləri də vermək niyyətindədir.
2023-cü il yanvarın 1-dən əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirin vergidən azad olunması da nəzərdə tutulur. Bu güzəştlər külək, günəş, termal sular və digər bioenerji istehsalşılarına aid olacaq.
Bundan başqa, gələn il yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən orqan tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsinin ƏDV-dən azad olunması nəzərdə tutulur. Belə ki, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən vətəndaşların ipoteka qaydasında aldığı mənzilllərin başqasına kirayəyə verilməsi vergi öhdəliyi yaratmayacaq və həmin kirayə evlərin sahiblərindən vergi tutulmayacaq.
Növbəti ildə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da ƏDV-dən azad olunacaq. Burada məqsəd paytaxtda və bölgələrdə ekoloji mühitə zərər verən ənənəvi yanacaqla işləyən köhnə avtomobil parkını yeni elektroavtomobillərin sayının artırılması hesabına tənzimləməkdir.
Digər bir vergi güzəşti yeni özəlləşdirmə strategiyasına start vermək və bu prosesdə səhmdarların aktiv fəaliyyətini təmin etmək məqsədilə özəlləşdirilən müəssisələrə stimulların verilməsini nəzərdə tutur.
Sosial xarakterli vergi güzəştlərdən biri 20 Yanvar şəhidlərinin övladlarına əməkhaqqı gəliri ilə bağlı güzəştlərin verilməsidir. Güzəştlərə əsasən, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat azaldılması planlaşdırılır.
Nağdsız  ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması da vergi qanunvericiliyinə dəyişikliklər sırasındadır. Bu dəyişiklik də vətəndaşlara xidmət etdiyindən sosial təmayüllü hesab olunur. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə dəyişikliklər ediləcək və 2023-cü il yanvarın 1-dən etibarən nağdsız qaydada ödənilmiş ƏDV-nin geri ödənilən hissəsi 5 faiz artırılaraq 20 faiz təşkil edəcək. Yəni marketlərdə kartla alış-veriş zamanı vətəndaşa daha çox ƏDV məbləği qaytarılacaq.
Növbəti ildə vergidən azadolunma ilə yanaşı, bəzi güzəştlərin verilməsi də gəlirlər siyasətində mühüm yer tutur. Belə ki, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbinin ləğv edilməsi və hesabların vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılması nəzərdə tutulur ki, bu da birbaşa vergi yükünün azalmasına xidmət edir. Bu, həm də vergi optimallaşmasının artmasına yönəlmiş tədbirlərdən biridir. Nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi, ƏDV məbləğinin alınmış malların dəyəri ödənilən gün ödənilməsi barədə tələbin yumşaldılması, vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının təqdim edilməsi mexanizminin təkmilləşdirilməsi də vergi siyasəti ilə bağlı güzəşt paketlərinin tərkib hissəsidir.

Elbrus CƏFƏROV

ETİKETLƏR: