Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub

.

12.10.2022 09:35
3
A+
A-

Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.

Prezident Sadır Japarov bildirib ki, biz bu gün Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirak edirik.

Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.

Xüsusi vurğulamaq istəyirəm ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib. Tutduğu vəzifədən asılı olmayaraq - respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni - Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyük ürəkli insanı olub.

Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.

Mən ümidvar olduğumu bildirirəm ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq. Gənclərə gözəl təhsil, tərbiyə almağı, tələbedilən olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayıram.

İnanıram ki, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbləri Qırğızıstan və Azərbaycan arasında əməkdaşlıq körpülərinə və dostluq mərkəzlərinə çevriləcək, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə layiqli töhfəsini verəcək.

Prezident Sadır Japarov deyib ki, bu il Qırğız Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin fəallaşmasında və strateji tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu var.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Qırğızıstan Prezidentinə bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə təşəkkürünü bildirib.

Prezident  İlham Əliyev deyib ki, bu, Bişkekin ən böyük məktəblərindən biridir. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk. Bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir.

Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxan görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə - istər Sovet dövründə Azərbaycanın rəhbəri olaraq, Azərbaycan Respublikasını sosial-iqtisadi inkişaf üzrə son yerlərdən keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxaranda, istər SSRİ-nin iqtisadiyyat, sənaye potensialının nəhəng istiqamətlərinə rəhbərlik edəndə, istər hökumət sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın tələbi ilə gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağırıldığı vaxt, gənc Azərbaycan dövləti üçün ən çətin dövrdə ona rəhbərlik edəndə Azərbaycanın maraqlarını müdafiə edib.

Prezident  İlham Əliyev bildirib ki, biz uçurum kənarında idik, qonşu ölkənin işğal, hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik. Ən ağır müharibə vətəndaş müharibəsidir. Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib. Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna çıxardı, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu. Bu səbəbdən də biz deyəndə ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir, biz tamamilə haqlıyıq. Biz onun davamçılarıyıq, əlbəttə, vəziyyətin spesifikliyi nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə etdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik.

Dövlətimizin başçısı deyib ki, bilik, təhsil - bu, o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır. Fikrimcə, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə, gənc nəslə örnək daha çox təsir göstərir. Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun “dörd” yoxdur, bütün qiymətlər “beşdir”. Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə “beş” ən yüksək qiymət idi. Bax, o, ən kiçik yaşlarından - həm məktəbdə, daha sonra institutda əla oxuyub. O, yerinə yetirilməli olduğu hər bir işə belə tam məsuliyyətlə yanaşıb. Onu da deməliyəm ki, azərbaycanlıların müasir nəslinin tərbiyəsində Heydər Əliyevin rolu öz mənbəyini hələ sovet vaxtlarından götürür. O vaxt Azərbaycan keçmiş SSRİ-də yeganə respublika idi ki, Heydər Əliyevin təkidi ilə minə yaxın azərbaycanlı gənc oğlan və qızı SSRİ-nin ali məktəblərinə göndərmək hüququna malik idi. Sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işi də bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etmək imkanı verir. Məhz onun qərarı ilə 1970-ci illərdə Bakıda general Cəmşid Naxçıvanski adına uşaqları hərbi xidmətə hazırlayan məktəb yaradıldı. Bu, Heydər Əliyevin uzaqgörənliyi, gələcəyə istiqamətlənən fəaliyyəti idi. Sanki o, qabaqcadan görürdü ki, Azərbaycan gözəl bir gündə müstəqil dövlətə çevriləcək, bizə ordu lazım olacaq, bizə mütəxəssislər lazım olacaq. Belə də oldu və biz hər bir situasiyaya hazır olmalıyıq.

Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması üzrə işlərə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı zənginləşdirəcək. Bütün Azərbaycan xalqına bugünkü belə gözəl hədiyyənizə görə təşəkkür edirəm. Qardaş Qırğızıstan xalqına sülh, firavanlıq arzulayıram. Sağ olun.

ETİKETLƏR: