Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük”

.

20.10.2022 22:17
8
A+
A-

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Sonra hər iki ölkənin dövlət başçıları Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Komplekslə tanışlıq zamanı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırdılar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə “Made in Qarabağ” etiketlərinin ilk nümunələrini vurdular.

Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak etdilər. Açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət etdilər.

Sonra tədbirdə dövlət başçıları çıxış etdilər.

Daha sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verdi.

Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimindən sonra hər iki ölkənin prezidentləri arasında  təkbətək görüş olub.

Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

- Əziz qardaşım, hörmətli  Cümhurbaşqanı.

Əziz qonaqlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, “Xoş gəlmisiniz!” demək mənim üçün böyük şərəfdir. Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik.

Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gündür. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.

Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da - “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.

Bu gün bizim rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi. Əslində, Cəbrayıl şəhəri yoxdur, çünki bax burada, oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma erməni işğalı dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Cəbrayıl şəhərindən bax bu dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.

Əziz Qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.

İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat - bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır.

Əziz Qardaşım, bu əziz gündə bizimlə bərabər olduğunuz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə xalqına xoşbəxtlik, sülh arzulamaq istəyirəm. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

x x x

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli cənab Prezident, əziz Qardaşım.

Hörmətli nazirlər.

Sizləri ən səmimi hisslərimlə,    məhəbbətlə salamlayıram.

Əvvəlcə, Can Azərbaycanın iki gün əvvəl qeyd etdiyi Müstəqilliyin Bərpası Gününü bir daha təbrik edirəm.

İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir. İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.

Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.

Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.

Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir.

Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlamaları da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyasına uyğun inşa edilən Ağalı kəndində məskunlaşmaları ilə Vətən həsrətlərinin, İnşallah, başa çatdığını görürük. Ağalı kəndini gördük, oraya bundan sonra artıq kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir.

Onun yanında “Dost Aqropark”ı gördük, orada kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılmışdır. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə çox fərqli bir ərazi idi. Amma indi kənd təsərrüfatı sahəsində çox ciddi iş görülərək bu ərazinin necə dirçəldildiyini gördük. Burada təxminən üç min baş cins qaramalın olması, bu imkanın da dəyərləndirilərək bir tərəfdən onların kəsimi, digər tərəfdən bəslənməsi, artırılması - bu istiqamətdə görülən işlərlə bu addım həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir.

Yolda gələrkən hörmətli Qardaşım bəzi məsələləri də mənə izah etdi. Misal üçün, burada ən önəmli məsələ sudur. Su məsələsinə gəldikdə, qısa müddətdə burada su anbarının inşası ilə bu problem də aradan qaldırılacaq. Beləliklə, bu tarlalarda kənd təsərrüfatının inkişafı sayəsində çox ciddi nəticə əldə edəcəklərini söylədilər, həqiqətən bizim də gördüyümüz və inandığımız budur.

Çox qısa müddətdə burada kənd təsərrüfatı sahəsində də ciddi nəticələrin əldə edilə biləcəyini gördük. Ot bağlamalarının düzülüşü bizə o nəticəni göstərir. Biz də tədbiri ot bağlamalarının üzərində oturaraq izlədik. Buna görə də təbrik edirik. Yəni, minaların yerini artıq bunlar alıb. İnfrastruktur problemini tamamilə aradan qaldırmağa çalışırlar. Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Burada da “Cengiz”, “Kalyon” şirkətlərinin müştərək fəaliyyəti ilə bu addımlar da atılmışdır. Ötən səfərimdən bir il sonra burada asfaltlanma işlərinin aparıldığını, körpülərin inşa olunduğunu, bu gün təməlini qoyduğumuz dəmir yolu ilə bağlı addımların atıldığını gördük. Dəmir yolunun buraya gətirilməsi buradakı inkişaf hərəkatının həqiqətən böyük bir layihə olaraq necə sürətlə həyata keçirilməsinin nümayişi baxımından böyük önəm daşıyır.

Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır.

Artıq həmrəylik əsasında atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, mühüm addımlardan daha biri olan - Cəbrayılda təməlini qoyduğumuz “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi də həmrəyliyimizin rəmzidir.

Hörmətli media nümayəndələri, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib, 30 ildir verilməyən haqqını geri alıb. Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir.

Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır.

Hörmətli media nümayəndələri, Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq. Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik.

Sözlərimi bu düşüncələrlə yekunlaşdırarkən şəxsən mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə xüsusilə millətim adından minnətdarlığımı ifadə edir, təşəkkürümü bildirirəm.

Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

x x x

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın    20-də başa çatıb.

ETİKETLƏR:

Foto