Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


PARŞ-ın İcraiyyə Komitəsinin 19-cu iclası keçirildi

.

02.11.2022 10:19
10
A+
A-

Oktyabrın 26-da Belçikanın paytaxtı Brüssel şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 19-cu iclası keçirildi. Avropa həmkarlar ittifaqı hərəkatının 30-a yaxın təşkilatının nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə şuranın prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili açdı. O, Avropada, ümumiyyətlə, dünyada mövcud siyasi, iqtisadi və sosial proseslərin qısa şərhini verdi. Çıxışında Ukraynada baş verən hadisələrə xüsusi yer ayırdı. Qeyd etdi ki, Ukraynada aparılan müharibə qitənin, eləcə də dünyanın iqtisadi durumuna mənfi təsir göstərməkdədir.

İ.Petriaşvili qitə həmkarlar ittifaqlarını Ukrayna xalqı ilə daha sıx həmrəyliyə çağırdı.

Pan Avropa Regional Şurasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini çıxışında Ukraynada aparılan müharibənin Avropa ölkələrində yaratdığı iqtisadi çətinliklərdən danışdı. Dedi ki, iqtisadiyyatın təməlində duran enerji daşıyıcılarının qiyməti sürətlə artır. Bu isə məhsulun maya dəyərini artırır və nəticədə inflyasiyaya səbəb olur, insanların alıcılıq qabiliyyətini qat-qat azaldır. İnflyasiya cəmiyyətlərin həssas qruplarına daha çox təsir göstərir.

Natiq çıxış yolu kimi iqtisadiyyata sərmayə qoyuluşunun həcminin və makroiqtisadiyyata diqqətin artırılmasını təklif etdi. Çıxışının sonunda beş məqamı iştirakçıların nəzərinə çatdırdı:

- Biz sülhün tərəfdarıyıq və rus qoşunları işğal etdikləri ərazilərdən qeyri-şərtsiz çıxmalıdırlar;

- Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının humanitar dəstəyi davam edəcəkdir;

- Avropa institutlarına təsiri artıracayıq ki, Ukraynadan gələn qaçqınlara daha çox dəstək göstərsinlər;

- Ukrayna həmkarlar ittifaqlarına dəstəyimizi artıracağıq;

- Bu ölkədə müharibədən sonra aparılacaq bərpa işləri, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, işçilərin əmək hüquqlarının qorunması üçün ayrılacaq 1 trilyon avronun istiqaməti üzrə xərclənməsi prosesində həmkarlar ittifaqının iştirakını təmin etməyə çalışacağıq.

Sonra Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Qriqoriy Osovoy çıxış etdi. O, Ukraynadakı vəziyyət haqqında məlumat  verdi. Bildirdi ki, 245 gündür ki, biz işğalçılara qarşı müqavimət göstəririk. Amma durum getdikcə çətinləşir. Belə ağır vəziyyətdə olduğumuz ilk gündən bəri  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası bizə dəstək göstərir, buna görə təşəkkürümüzü bildiririk.

Q.Osovoy qeyd etdi ki, müharibə başlayandan 11 milyon insan öz doğma yerlərindən köçüb. Bunlardan 5 milyondan çoxu ölkəni tərk edib. Ölkəyə təqribən 750 milyard dollar ziyan vurulub. ÜDM  30 faiz aşağı düşüb. Enerji mənbələrinin 40 faizi dağıdılıb. Həmkarlar ittifaqı üzvlərinin sayı üçdəbirə qədər azalıb. İlin sonuna işsizlərin sayının 31 faizə çatacağı gözlənilir. 270  məktəb  və 123 xəstəxana binası, demək olar ki, yoxdur.

Almaniya və İtaliyadan olan nümayəndələr ukraynalı həmkarlarına dəstək nitqləri ilə çıxış etdilər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov da çıxış etdi və bildirdi ki, Azərbaycan müharibədən əziyyət çəkən ölkələr sırasındadır. Ərazimizin 20 faizi 30 il işğal altında qalıb. Ukrayna xalqının çəkdiyi əziyyəti real olaraq Azərbaycan xalqı yaşayıb. Bütün çətinliklərə rəğmən Azərbaycan dövləti, xalqı özündə qüvvə tapıb sosial-iqtisadi durumu  düzəltməyə nail oldu və 44 günlük müharibədə işğal edilmiş ərazilərimizi azad etməyi bacardı.

İcraiyyə Komitəsində Belarusda və Qazaxıstanda həmkarlar ittifaqları hərəkatının durumu da müzakirə olundu. Belarus Demokratik Həmkarlar İttifaqları Konqresinin liderlərinin həbs olunması qətiyyətlə pislənildi. Onların tezliklə azadlığa buraxılması tələb olundu.

Qazaxıstanda həmkarlar ittifaqları hərəkatı ilə bağlı durum barədə PARŞ-ın icraçı katibi Anton Leppik ətraflı məlumat verdi. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) missiyasının sentyabr ayında bu ölkədə monitorinq apardığı barədə bilgiləri paylaşdı. Bu məsələ ətrafında müzakirələrdə missiyanın tərkibində olmuş A.Dadaşov da geniş çıxış etdi və hamını Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının BHİK üzvlüyünün bərpasına yardım etməyə çağırdı.

İclasda BHİK-in noyabrın 17-də Avstraliyanın Melburn şəhərində işinə başlayacaq qurultayına hazırlıq məsələsinə də baxıldı. Hazırlıqla bağlı materialları BHİK-in Baş katibinin müavini Ouen Tudor təqdim etdi. BHİK-in seçkili orqanlarında təmsilçilik, gender və regional tarazlığın təmin edilməsi zərurəti ilə bağlı müzakirələr aparıldı.

 

Anar MAHBALIYEV,

AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini

ETİKETLƏR:

Foto