Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi əsas amalımızdır

.

02.11.2022 10:20
14
A+
A-

Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilib. Əsas vəzifəsi işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərinin təmsil olunması, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi olsa da,  həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir. Bu mənada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib.

Azərbaycan həmkarlar ittifaqları həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək Şanlı Ordumuza, döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrə, o cümlədən əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirib. Milli həmrəylik nümayiş olunub.

Müharibədən sonrakı dövrlərdə də Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib.  AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyon  manatdan artıq vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına  1 milyon 36 min 890 manat ianə edilib. Qarabağ Dirçəliş Fonduna 1 milyon 218 min 200 manat vəsait köçürülüb, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 milyon 329 min 704 manat, “YAŞAT” Fonduna 669 min 876 manat ianə edilib. Şəhid və qazi ailələrinə 4 milyon 120 min 034 manatlıq birdəfəlik yardım göstərilib.

Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat köçürülüb.

AHİK həmişə şəhid ailələrinin qayğıları ilə maraqlanır, üzləşdikləri problemlərin həllində yardımçı olur, hüquqlarını müdafiə edir, eyni zamanda davamlı olaraq onlara maddi və mənəvi dəstək göstərir.

Bu ənənəyə sadiq qalaraq 201 şəhidin 346 övladı himayəyə götürülüb. Onların hər birinə 18 yaşına çatanadək hər ay 150 manat ödəniləcək.

Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə, istəklərinə uyğun olaraq, sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin edilirlər. Sahə həmkarlar ittifaqları tərəfindən bu günə qədər şəhid və qazi ailələrinə 1790 yollayış verilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 min manat vəsait ayrılıb.

 

Azər MUSTAFAYEV

 

ETİKETLƏR: