Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Böyük Qayıdış”ın yeni mərhələsi tezliklə reallaşacaq

.

02.11.2022 10:22
139
A+
A-

2020-ci il sentyabrın 27-də işğal altında olan torpaqlarımızı azad etmək uğrunda apardığımız Haqq savaşını 44 gün sonra 10 noyabrda Zəfərlə başa vurduq. Artıq iki ildir ki, işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri sürətlə davam edir.  Burada aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Vandal ermənilər tərəfindən məhv edilən tarixi abidələrimiz bərpa olunur. Yerlə-yeksan edilmiş, viran qoyulmuş şəhərlərimiz yenidən möhtəşəm şəkildə qurulur. Hazırda yeni evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur. Bu da bizi Qarabağa “Böyük Qayıdış”a müjdələyir.

Ötən müddət ərzində bir sıra layihələr başa çatdırıldı. Yenilərin isə təməli qoyuldu. İcrası başa çatan Güləbird Su Elektrik Stansiyası, 7 yarımstansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda “Ağıllı kənd” kimi nəhəng və möhtəşəm layihələr tam başa çatdırıldı. Şuşanın su və elektrik təchizatı təmin edildi, Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, həmçinin büstü, Üzeyir  Hacıbəylinin heykəli, “Xarıbülbül” və “Qarabağ” hotellərinin açılışı əlamətdar gün kimi zəfər tariximizin səhifələrinə qürurla yazıldı.

Təməli ötən ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan, Füzuli, Hadrut Rəqəmsal Yarımstansiya və İdarəetmə mərkəzləri, eləcə də 2022-ci ilin mayın 10-da istismara verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. İnşası davam edən və yekunlaşan yeni nəsil yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Hadrutda inşası davam edən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır. Şükürbəyli, Hadrut və Şuşa yarımstansiyaları arasında yaradılan qovşaq yarımstansiyası Hadrut qəsəbəsində, eləcə də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qurulacaq infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi Zəngilan Beynəlxalq Hava Limanı da qısa müddət ərzində həyata keçirilən  möhtəşəm layihələrdən biridir. Açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan heyrətini belə dilə gətirmişdi: “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”.

2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxlaq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.

    Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, qısa müddət ərzində Qarabağda ikinci beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü  göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik  tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir: “Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da, Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin  həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir”. 

    Millət vəkili onu da qeyd etdi ki, ermənilər tərəfindən ən çox dağıntıya məruz qalan şəhərlərdən biri də Ağdam şəhəridir. Ermənilər Ağdamda nəinki infrastruktura, eləcə də təbiətə böyük ziyan vurublar. Şəhərdə və ətraf kəndlərdə palıd, çinar, qoz ağacları kəsilərək məhv edilib. Hazırda Ağdamda 120-125 minlik əhali tutumu olan müasir ağıllı şəhərin salınması sürətlə davam etdirilir. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam Cümə Məscidi yenidən bərpa olunur.

    Cənab Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonuna səfər çərçivəsində Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi. Şuşada birinci məhəllənin, Laçın Beynəlxalq Hava Limanının,  Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, “Dost Aqropark”ının, Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın tikintisi yekunlaşmaq üzrədir.

     Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur.

V.Bayramov  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin Azərbaycanın daxili mənbələri hesabına reallaşdığını vurğuladı. Əlavə etdi ki, bu istiqamətdə dövlət büdcəsindən 2021-ci ildə 2.2 milyard manat, 2022-ci  ildə 2 milyard 670 milyon manat ayrılıb.  2023-cü il üçün isə 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.  Faktiki olaraq  son 3 ildə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsaitin həcmi 8 milyard manata yaxındır. Bu bizə ondan xəbər verir ki, Azərbaycan daxili maliyyə imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bununla da daha çox investisiyanın  və növbəti mərhələdə özəl xarici investisiyaların cəlb edilməsinə xüsusi töhfə vermiş olacaq. Dövlətlər var ki, bu işləri görmək üçün onilliklər sərf edir. 29 ildir ki, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız artıq öz ata-baba yurdlarına qayıtmaq üçün gün sayırlar və məcburi köçkünlərin həsrətlə gözlədiyi “Böyük Qayıdış”ın yeni mərhələsi tezliklə reallaşacaq.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: