Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq Əmək Konfransı  onlayn rejimdə işə başlayıb

Beynəlxalq Əmək Konfransı onlayn rejimdə işə başlayıb

27.05.2021 07:22
13
A+
A-

COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlər səbəbindən 109-cu Beynəlxalq Əmək Konfransı ilk dəfə olaraq onlayn rejimdə keçirilib. 
Mərakeş Krallığının Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların Cenevrədəki səfiri və daimi nümayəndəsi Ömər Zniber 2021-ci il mayın 20-də keçirilmiş ilk iclasda konfransın prezidenti seçilib. O, bunu öz ölkəsi və bütünlüklə Afrika  üçün qürur mənbəyi adlandırıb. 
“Deyildiyi kimi, Beynəlxalq Əmək Konfransı üzv dövlətlərin hökumətlərinə, işəgötürənlərə və işçilərə sosial və əmək məsələləri, eləcə də iş dünyası ilə bağlı məsələlər üzrə üçtərəfli diskussiyalar aparmaq üçün unikal imkan verən qlobal işçi parlamentidir”,- deyə Ömər Zniber bildirib.
O vurğulayıb ki, hamımızın çox yaxşı bildiyimiz səbəblərdən bu il konfransımız xüsusi bir əhəmiyyət kəsb edir. Növbəti bir neçə həftə ərzində görəcəyimiz işə böyük ümidlər bəslənilir. Mən işlərimizi bu ruhda istiqamətləndirmək və konfransın uğurunu təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder Konfransa və onun yeni seçilmiş prezidentinə işlərində uğurlar arzulayıb. O deyib : “Ötən il sessiyanın təxirə salınmasından sonra, hesab edirəm ki, BƏT-in bütün üçtərəfli iştirakçıları - hökumətlər, işəgötürənlər və işçilər ümumi qətiyyəti bölüşüblər ki, konfrans bu ərəfədə davam etməlidir.  Çünki bizim mühüm iş planımız var və təşkilatımız institusional ardıcıllıqdan çox asılıdır.
Cənab Prezident, rəhbərliyiniz altında keçirilən bu Konfransın uğuru ilə BƏT irəliyə daha bir addım atacaq. Və bu, son bir ildə iş dünyasını viran qoyan COVID-19 pandemiyasının aradan qaldırılması üçün son dərəcə əhəmiyyətli bir addım olacaq. Bununla da daha yaxşı irəliləyişə həlledici töhfə verəcək”.
Sessiya zamanı təşkilati məsələlərə də baxılıb. Çad Blekman (Barbados) hökumət qrupunu, Annet Çipeleme (Zambiya) işçiləri, Ronni Qoldberq (ABŞ) işəgötürənlər qrupunu təmsil edəcək. 
Sessiya komitə və işçi qruplarının vəzifəli şəxsləri təyin edildikdən sonra bağlanıb. O, iyunun 3-də konfransın komitələrinin əksəriyyəti öz işinə başlayanda açılacaq və iki həftə yarım davam edəcəkdir.
Plenar iclas iyunun 7-dən 19-dək davam edəcək.
İyun ayının gündəliyinə COVID-19 ilə bağlı BƏT-in tədbirləri haqqında xüsusi yekun sənəd,  İnzibati Şura sədrinin və baş direktorun hesabatlarının müzakirəsi , BƏT-in 2022-2023-cü illər üçün proqram və büdcəsi , sosial müdafiənin dövri müzakirəsi, həmçinin pandemiya ilə bağlı diskussiyalar zamanı ölkələrin əmək standartlarının tətbiqi barədə hesabatlar daxildir.
Konfransın ikinci seqmenti noyabrın 25-dən dekabrın 11-dək keçiriləcək və onun gündəliyinə bərabərsizlik və əmək dünyası, həmçinin həyat boyu bacarıq və təlim haqqında tematik diskussiyalar daxil olacaq.