Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yay həm də ilanların mövsümüdür

İlansancmalardan qorunmaq üçün nə etməliyik?

27.05.2021 07:34
43
A+
A-

Qarşıdan yay mövsümü gəlir. Bu mövsümdə əsasən kənd rayonlarında ilan, əqrəb  sancmaları təhlükəsi yaranır. Belə təhlükə yaranan təqdirdə insan ilk növbədə nə etməlidir?
Müxbirimizin bu sualını cavablandıran 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Azər Maksudov dedi ki, hadisə baş verən zaman zərərçəkəni hərəkətsiz vəziyyətdə xəstəxanaya çatdırmaq lazımdır. Çünki hərəkət etdikdə qan dövranı yüksəlir və zəhər çox sürətlə qana sovrulur. İlan sancan yerə yod vurmaq lazımdır ki, infeksiyalaşmış yaraya çevrilməsin. Sonra isə buz qoymaq məsləhətdir. Bağlamaq, çərtmək, su vurmaq, hansısa alətlə yandırmaq, qatıq, sarımsaq çəkmək olmaz. Yaranın özünə müdaxilə etməyi, zəhəri sovurmağı qətiyyən məsləhət görmürük. Xəstəxanada həkimlər ilk növbədə xəstənin həssaslığını yoxlayır. Xəstənin adətən  qan təzyiqi düşür, başgicəllənmələr, iltihab, güclü susuzluq hissi, şok, psixoloji pozğunluqlar, ürək ritminin pozulması, tənəffüs  çatışmazlığı kimi hallar olur. Xəstənin vəziyyətini nəzarətdə saxlayıb, daha sonra ilan zəhərinin həssaslığını yoxlayırıq və vurulacaq məhlul təyin edilir.
- Tibb məntəqələrində, kənd və rayon xəstəxanalarında zəhərə qarşı zərdablar yetərli saydadırmı?
- Biz bu məsələni ilin əvvəlində müzakirə edib, lazımi orqanlara müraciət etdik. Zərdab məsələsi operativ şəkildə həll olundu. Artıq şəhər, rayon mərkəzi xəstəxanalarına, tibb briqadalarına zərdablar vaxtında çatdırılır.  Ola bilər ki, kənd məntəqələrində  az olsun. Lakin onlar daim rayon mərkəzi xəstəxanaları ilə əlaqə saxlamalı, zərdablar qurtaran zaman yenilərini istəməlidirlər. Yəni məsuliyyətli olmalıdırlar,  gözləməməlidirlər ki, xəstə ağır vəziyyətdə gəlsin, sonra zərdab istəsinlər.
- Əqrəb, ilansancma hallarını illər üzrə müqayisə etsəniz artım, yoxsa azalma ortaya çıxar?
- Toksikologiya Mərkəzinə daxil olan məlumata görə, respublika üzrə keçən il 130 nəfəri gürzə ilanı sancıb. Onlardan 17-18-i  azyaşlı olub.  Əqrəb isə yalnız insan ona toxunduğu an qorxusundan sanca bilər və qəsdən insana hücum etmir. Əqrəb sancması və ölüm hadisəsi baş verməyib. Bir neçə xəstə koma vəziyyətində xəstəxanalara çatdırılıb,  onlara da dərhal müdaxilələr edilərək sağaldılıb.
- Sancmalardan qorunmaq üçün nə məsləhət verərdiniz?
- Yay mövsümünün gəlməsi ilə əlaqədar insanlar şəhərin səs-küyündən uzaqlaşıb,  meşələrə, çaykənarı istirahət zonalarına üz tuturlar. İlanlar çay kənarlarında, daha çox daşlıq ərazilərdə yuva salırlar.  Əsas tövsiyələrimiz bunlardır ki, ilanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək, uzaqlaşmağa başlayın. İlanın sizi fərq etməməsi üçün qəfil, kəskin hərəkətlər etməyin. İlanı vurmağa, öldürməyə cəhd etməyin.  İlan insandan təhlükə gəldiyini hiss etdikdə ona hücum edir. Ona yaxınlaşmasanız, ilan yoldan çəkiləcək. Meşələrdə sayıqlığınızı itirməyin. Gəzdiyiniz sahələrdə diqqətli olun, rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün sıx otluqlara qətiyyən əlinizi salmayın, bu məqsədlə əl ağaclarından istifadə edin.  Qumsallıqda ayaqyalın gəzməyin. Səyahətə çıxan zaman tibbi yardım çantası düzəldib mütləq özünüz ilə götürün. 

Gülöyşə MƏMMƏDLİ