Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan konkret olaraq sülh sazişinin bağlanmasını  tələb edir

.

30.11.2022 12:06
149
A+
A-

“Son zamanlar Ermənistan silahlı birləşmələri tərəfindən istər delimitasiya edilməmiş sərhəd zolağında, istərsə də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində Azərbaycana qarşı təxribat hərəkətlərinin artması, ordumuzun mövqelərinin atəşə tutulması ona dəlalət edir ki, Ermənistan sülh prosesinin yekunlaşmasında maraqlı deyil”.

 Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tural Gəncəliyev dedi.  Qeyd etdi ki, masa üzərində yekun sülh sazişinin imzalanması, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiya edilməsi məsələsi durur. Bununla bağlı Azərbaycan tərəfi artıq beynəlxalq hüquqa əsaslanan beş prinsipi Ermənistana təqdim edib. Biz konkret cavab gözləyirik. Onların manevr etmək, prosesi uzatmaq üçün əlavə imkanları yoxdur. Ermənistan artıq Azərbaycanın təklif etdiyi prinsiplərə razılığını bildirməli və sülhün əldə edilməsi üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

- Konkret deyə bilərikmi, Ermənistan üzərinə düşən öhdəlikdən boyun qaçırır?

-Bəli, təəssüf ki, Ermənistanın siyasi, hərbi rəhbərliyi tərəfindən atılan addımlar, hərbi və diplomatik cəbhədə təxribatlara yol verməsi o deməkdir ki, ilk növbədə Ermənistan üzərinə götürdüyü öhdəliklərə riayət eləmir. Daha sonra Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş qərarları heçə sayır.

 Millət vəkili qeyd etdi ki, bundan başqa, biz dekabr ayında  Brüsseldə keçirilməli olan görüşlə bağlı Fransa prezidentinin lazımsız bir ünsür kimi danışıqlara cəhd edilməsinin şahidi olduq. Ermənistan hakimiyyətinin Fransanın təlimatı ilə sülh prosesini dağıtmaq planını əvvəlcədən qurduğunu, bu istiqamətdə də irəlilədiyini görürük. Bütün bunlar Ermənistanın sülhdən boyun qaçırdığını sübut edir. Amma unutmasınlar ki, Azərbaycan Ordusu istər delimitasiya  və demarkasiya olunmamış sərhəd bölgəsində, istərsə də Qarabağda ən yüksək strateji mövqeləri  əlində saxlayır və düşmənin bütün təxribatlarının qarşısını alır və bundan sonra da belə davam edəcək.

T.Gəncəliyev vurğuladı ki, ümumiyyətlə, Ermənistan və onun havadarları olan Fransa, xüsusilə son vaxtlar bu neqativ ittifaqa qoşulmuş İran respublikamıza qarşı destruktiv fəaliyyət həyata keçirməklə Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olurlar. Təəssüf  ki, burada əsas alət, “maşa” rolunu yenə də Ermənistan hakimiyyəti, dolayı yolla xalqı oynayır. Ona görə də hesab edirəm ki, cəbhə bölgələrində atışmaların intensivliyinin, gərginliyin, təxribatların artması bununla bağlıdır. Çünki Azərbaycan konkret olaraq sülh sazişinin bağlanmasını, regionda sülhün bərqərar olmasını tələb edir, onlar isə boyun qaçırır. 

- Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülsə də, bu vəziyyətin  uzun müddət davamı,  prosesin gedişatı Azərbaycanı hansı tədbirlər görməyə vadar edir?

-Hazırda ordumuzun mövqelərinin atəşə tutulmasına qarşı Silahlı Qüvvələrimiz layiqli cavab verir. Diplomatik cəbhədə də çox yüksək səviyyədə iş aparılır. Belə ki, Ermənistanın təxribatyönümlü hərəkətləri artıq ikitərəfli deyil, geniş miqyasda ifşa olunur. Onların planları, məqsədləri, görmək istədikləri işlər müvəffəqiyyətsizliyə düçar olur. Məsələn, son zamanlar Ermənistanın Frankofoniya təşkilatında, Avropa istiqamətində  və digər beynəlxalq təşkilatlarda həyata keçirmək istədiyi təxribat hərəkətlərinin də qarşısı alınır. Frankofoniya təşkilatının Zirvə görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyi ilə sammitin yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəyə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Bununla belə, sənədin yekun layihəsində hələ də qurumun mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalıb. Vurğulanıb ki, sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, noyabrın 18-də keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin nazirlər iclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib. Düzdür, bununla belə etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan sənəd layihəsinin Zirvə görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Buradan da görünür ki, onların məkrli siyasəti aydınlığı ilə ortaya çıxıb və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyan, müdafiə edən dost ölkələrin sayı kifayət qədər artıb.

Bütün bu qeyd etdiklərimə əsasən deyə bilərəm ki,  sərhəd bölgələrində yaratdıqları gərginlik də heç bir nəticə verməyəcək. Vaxt Ermənistanın əleyhinə işləyir. Masaya oturub yekun sülh sazişini imzalamalı və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır. Bunları etməyib təxribatlara başlayacaqsa, 44 günlük müharibənin təkrarının yaşanacağı gözləniləndir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto