Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ağır məktəbli çantaları,bel əyriliyi, əzabkeş valideynlər...

Problemin həlli yolu varmı?

30.11.2022 12:25
36
A+
A-

Məktəb şagirdlərinin çantalarının ağır olması, onları güclə daşıması, məktəblilərin bu əziyyəti çəkməsi hamıya məlumdur. Hər il ağır məktəbli çantaları mövzusu gündəmə gəlsə də, bu məsələ həllini tapmır. Valideynlər isə məktəbli çantalarının ağırlığından narazıdırlar.

 Milli Məclisin deputatı Fatma Yıldırım bildirdi ki, ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir. Azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır: “Bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün hazırlanan kitablar iki nüsxəli olur. Bu da uşağın qaldıracağı yükü azaltmış olur.

Millət vəkili dedi ki, regionlarda sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya müəssisələri, demək olar ki, yoxdur. Valideynlər bizə müraciət edərək kömək istəyirlər. Xəstəliyin müalicəsi ilə məşğul olan ixtisaslı kadr çatışmadığından rayon sakinlərinin əksəriyyəti Bakıya gəlməli olur. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.

Millət vəkili Müşfiq Məmmədli isə hazırda bu məsələnin ən böyük problemlərdən biri olduğunu vurğuladı. Əlavə etdi ki, bu problemin həlli ilə bağlı  bir neçə addım atıla bilər.  Gələcəkdə elektron kitab, ədəbiyyat və müxtəlif tapşırıqların elektron məktub şəklində göndərilməsi, yaxud birbaşa onlayn əlaqə hesabına qurulması vacibdir. Biz daha modern addımlar atmalıyıq. Düşünürəm ki, ümumiyyətlə, gələcəkdə təhsil prosesinin, bütünlüklə olmasa da, 50 faizdən çoxu elektronlaşma istiqamətinə yönələrsə, bu zaman müsbət nəticələrə nail ola bilərik. Bundan başqa, əsas məsələ isə məktəblilərin sağlam həyat tərzi, idmanla məşğul olmalarını stimullaşdırmaqdır.

Təhsil eksperti Kamran Əsədov dedi ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.

Hazırda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə, əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də ağır yükə çevrilib.

Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiniz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda isə çanta çox ağır olur. Bundan başqa, bir çox şagird özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.

Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4 kilo, 12-15 yaş arası uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. Boş çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skalioz kimi xəstəliklərə səbəb ola bilər.

Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu, 1-ci sinif şagirdləri üçün çoxdur.

Çıxış yolu kimi onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir. Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın surətini bir vərəqdə verir.

Təhsil Nazirliyi tərəfindən nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bu, olduqca müsbət bir addımdır.

Kitabın yüngülləşdirilməsi hansı formada həyata keçirilə bilər:

1. Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu, olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır.

2. Dərsliyin yazılış şriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan, ümumiyyətlə, istifadə etmək olmaz. Onsuz da orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər.

3. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxa bilər.

Dərsliyin çəkisinin azaldılması istiqamətində, hesab edirəm ki, atılmalı ən zəruri addımlardan biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar.

İkincisi, dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur.

Pediatr Günay Rəsul dedi ki, bel çantasının artan çəkisi təkcə onurğanın sağlamlığını deyil, həm də bədəndəki bütün oynaqların sağlamlığını təhdid edir. Onurğanın sağlam inkişaf edə bilməsi üçün çanta yüngül olmalıdır. Ağır kürək çantası daşımaq da uşaqlarda duruş və tarazlığa da təsir göstərir. Uşaqlıq və yeniyetməlik dövründə bel ağrısı uşaqların 66 faizində müşahidə edilir. Şagirdlərə gündə 1 saatdan artıq çanta daşımağı tövsiyə etmirəm. 15 faizdən ağır olan kürək çantalarının uzun müddət istifadə edilməsi kifoz, skalioz, müxtəlif bel və kürək ağrıları, çiyinsıxılma sindromu kimi dayaq-hərəkət sistemi problemlərinə səbəb ola bilər.

Həkim qeyd edir ki, çantanın çəkisini 2 kiloqram azaltmaq belə, bu problemlərin qarşısını ala bilər. Əlavə etdi ki, xüsusilə çantaların birtərəfli istifadəsi də çiyin nahiyəsində sinir sıxılmalarına və skalioza səbəb olur. Uşaqlarda bel ağrıları yaşa, cinsə və fəaliyyət səviyyəsinə görə dəyişir. Çantanı bir çiyində, arxada və ya əldə daşımaq əvəzinə, təkərli çantalara üstünlük vermək lazımdır. Çantaların qayış uzunluğu da çox vacibdir. Kəmər uzunluqları elə tənzimlənməlidir ki, daşınma zamanı hər iki çiyin bərabər yüklənsin.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: