Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pandemiyanın yaratdığı demoqrafik problemlər

Pandemiyanın yaratdığı demoqrafik problemlər

27.05.2021 07:38
5
A+
A-

Hazırda dünyada, eləcə də Azərbaycanda pandemiya səbəbindən toy mərasimlərinin keçirilməməsi yeni qurulan ailələrin sayını azaldıb. Təbii ki, bu da əhalinin say artımına mənfi təsir göstərir. Üstəlik, karantin rejiminin tətbiqi nəticəsində yaranan işsizlik də əksər ailələri övlad sahibi olmaq fikrindən çəkindirir. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvarında 10 812 körpə doğulub, 7 972 nəfər dünyasını dəyişib. Nəticədə təbii artım 2840 nəfər olub. Belə ki, 2020-ci ilin yanvarı ilə müqayisədə təbii artımda kəskin geriləmə qeydə alınıb. Bunun əsas səbəbi ölənlərin sayının artmasıdır. Mütəxəssislər doğulan uşaqların sayının azalmasının səbəbini pandemiya dövründə toyların olmaması ilə əlaqələndirirlər.
Qeyd edək ki, ötən ilin yanvarında doğulanların sayı 11 279 nəfər, ölənlərin sayı 5177 nəfər, təbii artım 6102 nəfər olub. Müqayisədə bu il ölənlərin sayı 54,1 faiz (2795 nəfər) artıb, doğulanların sayı 5,2 faiz (467 nəfər), təbii artım isə 2,15 dəfə azalıb.
Əgər demoqrafik vəziyyət bu cür azalan templə davam edərsə, gələcəkdə nə kimi problemlərə səbəb ola bilər?
Mövzu ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı və iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq.
Məlahət İbrahimqızı dedi ki, hazırda dünya koronavirus pandemiyası ilə üz-üzədir və bütün ölkələr öz əhalisinin, vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün hər cür imkanlardan istifadə edir: “Ölkəmizdə də bu sahədə kompleks tədbirlər planı həyata keçirilir. Deyərdim ki, bu zaman ərzində Azərbaycan ən az itki verən ölkələrdən oldu. Buna baxmayaraq, statistikaya nəzər salsaq, əvvəlki illərlə müqayisədə son bir il ərzində əhali sayında azalmanı görə bilərik. Bu, təkcə pandemiyanın payına düşmür. Məlumdur ki, 44 günlük Vətən müharibəsində 3 minə yaxın şəhidimiz oldu. Təbii ki, bu da demoqrafik proseslərə təsir edən amillərdən biridir.
Onu da qeyd edim ki, hər il doğulan uşaqların statistikasında yeni evlənənlərin payı 25-30 faiz arasındadır. Tutaq ki, bir il ərzində 150 min uşaq doğulursa, onun 35-40 min nəfəri yeni evlənənlərin payına düşür. Bütün bunlar tarazlığın pozulmasına səbəb olsa da, ancaq düşünmürəm ki, ciddi demoqrafik itkilərə gətirib çıxara bilər. 
Mən bir məsələni də vurğulamaq istərdim. Tez-tez insanların toylara olunan qadağalardan narazılıq etdiklərinin şahidi oluruq. Bəli, gənclərin ailə qurması, nəsil artımı vacibdir. Lakin nəzərə almalıyıq ki, qoyulan qadağalar biz vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür. Əgər bu problemdən tez bir zamanda qurtulmaq istəyiriksə, o zaman qoyulan tədbirlərə ciddi riayət etməliyik. Əks təqdirdə uzun müddət bu virusla mübarizə aparmalı olacağıq”.
Natiq Cəfərli məsələyə fərqli aspektdən yanaşaraq bildirdi ki, ümumiyyətlə, Azərbaycanda demoqrafik vəziyyət 2015-ci ildən bəri mənfiyə doğru gedirdi, yəni doğuş sayı kifayət qədər azalırdı. Bu, iqtisadi çətinliklərlə, devalvasiyadan sonra gəlirlərin azalması ilə izah olunurdu: “Bu gün isə pandemiya bunun üzərinə gələrək daha da dərinləşdirdi. İnsanlar önünü görə bilmədikləri, gələcəkdə nələrin baş verəcəyini təxmin etmədikləri üçün uşaq dünyaya gətirməyə bir növ çəkinirlər. Bu da gələcəkdə demoqrafik vəziyyətə ciddi dərəcədə mənfi təsir göstərə bilər. Heç də təsadüfi deyil ki, BMT-nin hesabatında da Azərbaycanda əhalinin artım tempinin azalacağı proqnozlaşdırılır. Belə ki, müstəqillikdən sonra, yəni 30 il ərzində Azərbaycanda 3 milyona yaxın əhali artımı qeydə alınıb. Növbəti 30 ildə isə cəmi 1,5-2 milyon artım ehtimalı var. 30 illik tsikllar ilə götürsək, demoqrafik vəziyyətin daha da zəifləyəcəyini proqnozlaşdırmaq heç də çətin deyil”.

Aliyə SƏMƏDOVA