Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


ƏDV-nin tətbiqi vergidən yayınmanı məhdudlaşdırdı

ƏDV-nin tətbiqi vergidən yayınmanı məhdudlaşdırdı

27.05.2021 07:40
81
A+
A-

2020-ci ilin may ayından etibarən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən ümumilikdə  60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. Həmçinin bu müddət ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir. 
ƏDV-nin geri qaytarılması mexanizmi hazırlanarkən əsas məqsəd nədən ibarət idi? Layihənin icraatı  istənilən nəticəni verirmi? Mexanizmin daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi  üçün hansı tədbirlər görülməlidir? Bu prosesin tətbiqinin kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə təsiri necə olacaq? 
Bu və ya digər suallarımıza iqtisadçı Rəşad Həsənov aydınlıq gətirdi. Dedi ki, ƏDV-nin geri qaytarılması prosesində  iqtisadiyyatın müəyyən dərəcədə leqallaşdırılması istiqamətində istehlakçıların iştirakının təmin olunması əsas şərt idi. Çünki çek və qəbzlər tələb edildikdə sahibkar hesabatdan yayına, o cümlədən vergiyə cəlb olunmalı dövriyyəni gizlədə bilmir. Dünya təcrübəsindən yola çıxaraq deyə bilərəm ki, bu mexanizm 80-90-cı illərdə Avropa ölkələrində, 2000-ci ildən isə Türkiyədə tətbiq olunur. Hesab edirəm ki, bizdə son innovasiyaların,rəqəmsal  texnologiyanın  imkanları ilə bu, daha rahat şəkildə həyata keçirilir.  Amma məqsəd digər ölkələrlə eynidir, yəni istehlakçıların prosesdə iştirakına nail olmaq və onların  təsiri ilə sahibkarı məcburən öz dövriyyəsini leqallaşdırmasına səy göstərtməkdir. 
Həmsöhbətim vurğuladı ki, nəticənin tam ürəkaçan olduğunu demək çətindir: “Düzdür, bu tətbiqdən istifadə edən insanların sayında, pandemiya dövrü olsa belə,  müəyyən artımlar  var. Amma bu  proses nisbətən dar çərçivəni əhatə edir.  Məsələn, iqtisadiyyatın inkişafında mühüm rol oynayan  tikinti materialları kimi seqmentlər bura aid deyil. ƏDV-nin qaytarılmasının bu sahələr üzrə də genişləndirilməsi daha məqsədəuyğun olardı.  Burada əsas nöqsanlardan biri  faizlərin aşağı olmasıdır. Düşünürəm ki,vətəndaşa  nağdsız ödənişlər zamanı  15 faiz deyil 35 faiz, nağd ödənişlər zamanı isə 10 faiz deyil 25 faiz ƏDV təklif olunsun.  Bu zaman insanlar alış-veriş zamanı çeklərin alınmasında daha maraqlı olacaqlar, eyni zamanda leqallaşma daha sürətlə gedəcək. Pandemiyanın əhalinin gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərdiyini nəzərə alsaq, ailə büdcəsinin daha qənaətlə və səmərəli istifadəsi üçün də faizlərin artırılmasına ehtiyac var. Belə halda dövlət də ciddi itkiyə getməyəcək, çünki tətbiqdən istifadə edən insanların say çoxluğu dövriyyənin leqallaşması prosesini artıracaq. Bu da vergi bazasının genişlənməsinə, dolayısı ilə dövlət büdcəsinin lehinə istiqamətlənəcək. 
İqtisadçının sözlərinə görə, başqa bir narahat edən məqam ondan ibarətdir ki, bu sistem istehlakçıları müəyyən qədər  iri sahibkarlıq subyektlərinə yönləndirir və beləliklə də, kiçik sahibkarlığa zərbə vurulur: “İnsanlar iri supermarketlərə, iaşə müəssisələrinə təşviq olunur, belə olduğu təqdirdə də digər mikro sahibkarlıq subyektlərinin dövriyyəsi azalır. Belə  vəziyyətin yaranmaması üçün mövqe ortaya qoyulmalıdır. ƏDV ödəyicisi kimi fəaliyyət göstərməyən müəssisələrdə də  dövriyyədə “cash-back”in verilməsi ilə bağlı müəyyən mexanizm tətbiq edilə bilər.  Əks halda çox sürətlə təbəqələşmə gedəcək. Kiçik və orta sahibkarlıq obyektləri, iaşə və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən  müəssisələr məhv olacaqlar. Eyni zamanda bu özünü daha sərt, qabarıq şəkildə bölgələrdə göstərəcək. Bu, çox vacib məsələdir. Hansı formada olur olsun,  kiçik və orta sahibkarlıq subyektləri də bu mexanizmdən kənarda qalmamalıdır. Onların da dövriyyəsi leqallaşdırılmalıdır. Məsələn, iaşə müəssisələrinin ƏDV ödəyicisi olmadan 8 faizlik sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmək seçimi vardır. Vergi Məcəlləsi onlara bu hüququ verib. Hətta dövriyyəsi 200 min manatı keçsə belə. Lakin  bu halda da bir tərəfdən vətəndaşlar “cash-back” qazanma imkanından, digər tərəfdən isə müəssisənin özü ƏDV-nin yaratdığı üstünlüklərdən kənarda qalır. Bu problemləri aradan qaldırmaq üçün sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərən müəssisə tərəfindən verilən qəbz və ya kassa çekində hesablanan verginin cəminin  20-30 faizinin vətəndaşa qaytarılması mexanizminin   tətbiq edilməsi, hesab edirəm ki, yaxşı effekt verə bilər. Təbii ki, digər üsullar da fikirləşib tapmaq olar. 

Əsli TELMANQIZI