Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Avropa bazarlarına çıxış vacibdir ölkədə məhsul istehsalı ilbəil artır

.

07.12.2022 11:53
3
A+
A-

Son illərdə Azərbaycanda nar istehsalında artım qeydə alınır. Ötən il ölkədə toplam 185 min ton nar yetişdirilib. Bu il bəzi  kənd təsərrüfatı məhsullarının (nar, xurma) məhsuldarlığı yüksək olsa da, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar xarici bazarlara çıxarılması çətinləşib. Bu da onların qiymətlərinə ciddi təsir göstərib. Ukraynaya nar aparılması üçün müddət 5 gündən 20 günə qədər artıb. Ona görə də istehsalçılarımız Azərbaycan narının Ukraynaya ixracına bir o qədər də səy göstərmir. Rusiyada isə alıcılıq qabiliyyəti aşağı düşüb. Avropaya ixrac etmək üçün sertifikat tələb olunur. İxracla bağlı problemi həll etmək üçün dövlət qurumları nə edəcəklər?

Bu sualla Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevə müraciət etdik.

Millət vəkili davam edən Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlarla yanaşı, yerli istehsalçılara da təsir etdiyini vurğuladı. Dedi ki, hər iki ölkə Azərbaycanın ixracında mühüm yer tutur. Hər il Ukraynaya birbaşa 25-30 min ton xurma ixrac edilirdi. Lakin Rusiya-Ukrayna münaqişəsinə görə Ukrayna bazarını, demək olar ki, itirmişik. Həmçinin Azərbaycanın ixrac etdiyi narın 15 min tonu, yəni 70 faizi Rusiya bazarlarına göndərilir. Lakin müharibə ucbatından bu il Azərbaycanın Rusiyaya nar ixracı 47 faiz azalıb. Nar ixracatçılarının fikrincə, Rusiyanın müharibə aparması və bununla bağlı səfərbərlik etməsi alıcılıq qabiliyyətini azaldıb. Ölkə sanksiyalara məruz qaldığı üçün bu, iqtisadiyyata da güclü təsir edib. Üstəlik, nar premium məhsuldur və burada qismən səfərbərlik elan olunduğu üçün əhali tərəfindən strateji meyvə sayılmır. Xaricə satılmayan məhsulun isə daxili bazara təklif edilməsi gəliri xeyli azaldır. Bağlarda nar israfı baş verir ki, bu da fermerlərin rifahının pisləşməsinə səbəb olur.

Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi ixracı çətinləşdirsə də, Azərbaycanda kənd təsərrüfatı məhsullarının məhsuldarlığı bu il daha da artıb. Amma, çox təəssüflər olsun ki, bizim kənd təsərrüfatı məhsullarının əksəriyyəti bu 2 ölkəyə ixrac olunur. Misal üçün, ilk 9 ayda nar ixracından toplam 3 milyon 727 min dollar gəlir götürülüb. Ötən ilin eyni dövründə bu rəqəm 5 milyon dolları aşırdı. Yəni bir il ərzində nar ixracından əldə edilən gəlirdə 47 faiz azalma qeydə alınıb.

Keçiddəki tıxaclar, məhsulların qiymətinin orada aşağı düşməsi müharibə ilə əlaqələndirilsə də, Azərbaycan hökuməti, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar vəziyyətdən çıxmaq üçün tədbirlər görürlər. Ancaq reallıqları nəzərə almaq lazımdır ki, əgər müharibə davam edirsə, qorxulu zonaya girmək çox çətindir. Sözsüz ki, insanların alıcılıq qabiliyyəti də aşağı düşüb. Əgər məhsul maya dəyərini ödəməyəcəksə, əziyyət çəkib həmin ölkələrə ixrac etməyə dəyməz.

- Tahir müəllim, bu məhsulları digər ölkələrə ixrac etmək olarmı? Bu bazarları qazanmaq üçün hansı addımlar atılmalıdır?

- Bəli, sözsüz ki, ixrac coğrafiyasını artırmalıyıq. Xüsusilə Avropa bazarlarına çıxış vacib sayılır. Bunun üçün “Global Gap” sertifikatı alınmalıdır. Yəni fermerlər üçün standartlara cavab verən ortam qurulmalı və bütün texniki şərtlər Avropa bazarlarına uyğun olmalıdır. Nar istehsalçıları bir müddət tətbiq olunmuş 3 faizlik ixrac təşviqinin də yenidən tətbiq edilməsini təklif edirlər. Cənab Prezident İlham Əliyevin xarici ölkələrə bu məsələ ilə bağlı səfərləri, həmçinin Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən bu sahədə çox böyük planlar hazırlanır. Azərbaycanda məhsul istehsalı ilbəil daha da artır, xarici bazarlara çıxış əldə etmək üçün isə müəyyən dövr lazımdır. Lakin imzalanan müqavilələr onu deməyə əsas verir ki, bu, tezliklə reallaşacaq.

Biz digər xarici ölkələrə neft-qaz ixrac ediriksə, eləcə də kənd təsərrüfatı məhsulları həmin ölkələrə ixrac edilə bilər. Misal üçün, hazırda İtaliya, Rumıniya, Macarıstan və sairə ölkələrlə münasibətlərimiz çox yaxşıdır. Elə məhsullar var ki, Azərbaycanda yetişmir, onları  xarici ölkələrdən idxal edirik. Ona görə də bu qarşılıqlı əməkdaşlığın artması ildən-ilə sürətlənməlidir. Nəinki Rusiya-Ukrayna, digər xarici ölkələrə də bizim yerli məhsullar ixrac edilə bilər. Amma yolun uzaqlığı, xərclərin çox olması buna imkan vermir. Hazırda həmin məhsulları dəmiryolu vasitəsilə ixrac etmək çox çətindir. Amma müəyyən qiymətli kənd təsərrüfatı məhsulları var ki, onlar xarici ölkələrə təyyarələrlə və digər nəqliyyat vasitələri ilə aparılır. Lakin düşünürəm ki, Şərqi Zəngəzur dəhlizi açılandan sonra ixrac ilə bağlı problemlər qat-qat asanlaşacaq. İndiki dövrdə ölkə rəhbərimizin gündəmində olan əsas məsələlərdən biri də budur ki, həmin dəhlizin açılması reallaşsın. Onu da vurğulayım ki, bu dəhliz Avropa ilə əlaqə üçün ən mühüm xətt olacaq. Bundan sonra ixrac məsələləri xeyli asanlaşacaq. Çünki bu gün sahibkar maraqlıdır ki, onun yetişdirdiyi məhsul xaricdə baha qiymətə satılsın. Əgər maya dəyərini, yol və orada qalmaq xərclərini ödəmirsə, sahibkara da məhsulunu xaricdə satmaq maraqlı olmur.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: