Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qiymət artımına qarşı mübarizə

 amansız və güzəştsiz olmalıdır

07.12.2022 12:06
245
A+
A-

BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının məlumatına görə, bütün dünyada qlobal ərzaq məhsullarının qiyməti 6 aydır ki, ucuzlaşır. Ölkəmizdə isə  istər idxal, istərsə də yerli məhsulların qiyməti artan tempdə davam edir. İş o yerə çatıb ki, orta aylıq gəlirli əhali gündəlik tələbatı qarşılamaqda çətinlik çəkir. İşbazların bayram ərəfəsində qiymətlərlə yenidən oynaması isə problemin daha da dərinləşəcəyinə şübhə yaratmır. Bu istiqamətdə hansı alternativ addımlar atılmalıdır?

Mövzuya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev və iqtisadçı-ekspert Natiq Cəfərli  münasibət bildirdilər.

Millət vəkili dedi ki,  BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının məlumatı ilə mən də tanış oldum. Bir sıra məhsulların qiymətlərində azalma cüzidir. Ancaq ümumi tendensiya, təbii ki, belədir. Məsələn, dünyada ətin qiymətində ucuzlaşma var. Bununla bağlı Milli Məclisdə, komitə iclasındakı müzakirələr zamanı çıxış da etmişəm. Son iki ayda Azərbaycanda ətin qiymətində 5 manat bahalaşma olub. Özü də ət bölgələrdə bir qiymətə, paytaxtda başqa qiymətə satılır. Fərq də ki, kifayət qədər. Mənə də maraqlıdır, nədir bunun səbəbi?

Bu müqayisəni biz digər məhsullara münasibətdə də apara bilərik. Məsələn, qeyd etdiyiniz hesabatda bitki yağının dünyada qiymətinin düşdüyü qeyd olunur. Bizdə isə bunu demək çətindir. Ümumiyyətlə, bizdə ərzağın qalxan qiyməti sanki bir daha enmir. Bu yaxınlarda hamımız bir məlumatla tanış olduq, Pakistandan gətirilən düyü vergidən azad olundu. İndi baxaq, bunun düyünün qiymətinə təsiri olacaq, ya yox.

Təbii ki, sualınızda qeyd etdiyiniz kimi, işbazlar amilini unutmamalıyıq. Üstəgəl, ilin sonu, bayram ərəfəsi. Qiymətləri süni şəkildə artırırlar. Ancaq bu, bizim üçün bir yenilik də deyil.

Elnur müəllim qeyd etdi ki, problem bütün bunlara nəzarətdədir: “Fikrimcə, dövlət bu sahəyə nəzarətini gücləndirməli və sərtləşdirməlidir. Bu mübarizə amansız və güzəştsiz olmalıdır. Çünki dövlət özəl sektora bu qədər dəstək durur, güzəştlər edir. Xüsusilə pandemiya və postpandemiya dövründə. Bunun qarşılığı süni qiymət artımıdırmı? Fikrimcə, belə olmamalıdır. Eyni zamanda hesab edirəm ki, dövlətin bir sıra sahələrdə islahatları davam etdirməsi olduqca vacibdir, misal üçün, gömrükdə. Gömrüyün şəffaflaşdırılması da, şübhəsiz ki, qiymətlərə öz təsirini göstərəcək”.

“İlin əvvəlində ölkənin rəsmi nümayəndələri Azərbaycanda ərzaq məhsullarındakı qiymət artımını dünya bazarındakı qiymət artımı ilə izah edirdilər. Məsələnin obyektiv  tərəfi odur ki, doğrudan da ölkədə ərzaq istehlakının 75 faizi xaricdən asılıdır”.

Bunu iqtisadçı- ekspert Natiq Cəfərli bildirdi. Dedi ki, amma indi məntiqli sual yaranır ki, dünyada ərzaq qiymətləri ucuzlaşırsa, bu tendensiya ölkədə niyə müşahidə olunmur?! Deməli, ölkəmizdə bu sahədə spesifik problemlər var. Hansılar ki, həllini tapmır. Hesab edirəm ki, bu, üç əsas amillə- inhisarçılıqla, bazarın təkəlləşməsi, vergi və gömrük siyasəti ilə bağlıdır. Çünki Azərbaycan əhalisinin 80 faizi gündəlik ərzaq tələbatını şəbəkə marketlərdən ödəyir. Şəbəkə marketlərinin hər biri də əlavə dəyər vergisi ödəyicisidir. Həmin 18 faiz əlavə dəyər vergisi (ƏDV) isə kassalarda ödəniş zamanı bizim etdiyimiz bazarlığın üzərində alınır. Yəni birmənalı olaraq ƏDV və gömrük rüsumlarının son ödəyicisi vətəndaşdır, biznes deyil. Ona görə də artıq ölkədə bununla bağlı lazımi qərarların verilməsinin vaxtı yetişib. Hesab edirəm ki, bu problemin həllinin  ən başlıca yolu  ölkədə ərzaq məhsullarının, dərman preparatlarının əlavə dəyər vergisinin 18 faizdən 2 faizə salınmasıdır. Bir çox sahələrdə isə, ən əsas da dərman preparatlarında gömrük rüsumu tamamilə sıfırlanmalıdır. Çünki daxildə bu sahədə istehsal yoxdur. Hansı məhsullara ki, tələbat  96 faiz  idxal hesabına ödənilir, deməli, ona gömrük rüsumunun tətbiq olunması məntiqsizlikdir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto