Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Cəmi 23 ay fəaliyyət göstərsə də, böyük uğurlara imza atıb 

Cəmi 23 ay fəaliyyət göstərsə də, böyük uğurlara imza atıb 

27.05.2021 07:57
27
A+
A-

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov qəzetimizə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, o dövrün siyasi reallığı, müstəqilliyimizə qarşı olan təhdidlər barəsində müsahibə verib. 
K.İsmayılıov bildirib ki, 1918-1920-ci illər Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edən bir dövrdür. Azərbaycan məhz bu dövrdə ilk dəfə olaraq dövlət müstəqilliyini qazanaraq dünya birliyində layiqli yer tutmuşdur. 1918-ci ildə AXC-nin yaranması iki mühüm amillə əlaqədardır. Cümhuriyyətin təşəkkül tapması həmin dövrdə dünyada və regionda cərəyan edən proseslərin məntiqi nəticəsi olmuşdur. Birinci Dünya müharibəsinin nəticəsi əsasında imperiyalar dağılmış, o cümlədən Rusiya imperiyası süqut etmiş, onun xarabalıqları üzərində bir sıra müstəqil dövlətlər yaranmışdır. Bu dövlətlər arasında Azərbaycan Xalq Cümhuriyyətinin adı hökmən çəkilməlidir.  Bu baxımdan cümhuriyyətin yaranması regionda baş verən ictimai-siyasi hadisələrin inkişafı nəticəsində yaranmış şəraitin məhsuludur. İlk növbədə onu vurğulamalıyıq ki, 1918-ci ildə müstəqil dövlətin cümhuriyyət şəklində meydana gəlməsi bütövlükdə 19-cu əsrin ikinci yarısından başlayaraq 1917-ci ilə qədər Azərbaycanda vüsət almış milli-demokratik hərəkatın məntiqi nəticəsi idi. 
Bu həm də müstəqil dövlətimizin yaranması ilə bağlı ermənilərin hər yerdə apardığı əsassız təbliğata qarşı tutarlı bir cavabdır. 
1918-ci ildə AXC yaranan ərəfədə Cənubi Qafqazda çox gərgin vəziyyət hökm sürürdü. Bu gərginliyin əsas səbəblərindən biri burada erməni millətçi dairələrinin azərbaycanlı-türk  müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı idi. Bu soyqırımı hadisələri 1917-ci ilin sonlarından başlayaraq vüsət almışdı. Bunun da əsas səbəbi həmin dövrdə Rusiya imperiyasının süquta uğraması ilə əlaqədar olaraq onun bütün ərazisində, xüsusən də ucqarlarda xaotik vəziyyətin yaranması idi. Belə bir vəziyyətdən istifadə edən ermənilər böyük Ermənistan adlı sərsəm ideyasını həyata keçirməyə başladılar. Bu ideyanın həyata keçirilməsində onların qarşısında əsas maneə Azərbaycan türkləri idi. Məhz bu dövrlərdə erməni silahlı dəstələri Azərbaycanda yaşayan, dini, milli mənsubiyyətindən asılı olmayaq bütün xalqlara kütləvi divan tutmuşdu. Soyqırımı təkcə Bakı quberniyasında deyil, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan quberniyasında törədilmişdi. 
Əgər 1918-ci ildə AXC yaranmasa idi, həmin ilin iyununda türk qoşunları Azərbaycana daxil olmasa idi, Azərbaycan xalqının gələcək taleyi və tarixi çox böyük bir sual altına düşərdi.   
Tarixçi alim deyib ki, ermənilər Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrində soyqırımı törədir, beynəlxalq müstəvidə böyük dövlətlərə, Antanta Ali Şurasına müraciət edərək böyük Ermənistan dövlətinin yaradılması üçün özlərinə sadiq müttəfiqlər axtarırdılar. Ənənəvi olaraq özlərinin məzlum obrazından istifadə edərək göstərməyə çalışırdılar ki, onlar bu ərazilərdə yeganə sivil, mədəni xristian xalqıdır. Və hər tərəfdən vəhşi müsəlman xalqları ilə əhatə olunmuşdur. Buna görə də Avropa dövlətləri hökmən ermənilərə dəstək verməlidir. Əslində bu təbliğatın da müəyyən təsiri olmuşdur, Avropanın bir sıra dövlətlərində erməniləri dəstəkləyən ictimai qurumlar yaradılmışdır. Məhz belə bir dövrdə AXC-nin üzvləri çətin, tarixi missiyanı üzərlərinə götürərək dünya birliyinə Azərbaycan xalqının varlığını təsdiq etmək, onun müstəqil dövlətə malik olmaq hüququnun tanınması istiqamətində əzmli iş aparmışdılar. Və uzun müzakirələrdən sonra Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti buna nail olmuşdu. 1920-ci ilin yanvarında AXC-nin müstəqilliyi Antantanın Ali Şurası tərəfindən  tanınmışdır. 
Azərbaycan xalqı müstəqillik qazanmaqla milli dövlətçiliyin qorunması istiqamətində ciddi uğurlara imza atmışdı. Və ən əsası müsəlman şərqində ilk demokratik dövlət quruculuğuna başlamışdı.
Cümhuriyyətin müstəqilliyi dövründə ona qarşı daxili və xarici təhdidlər daim olmuşdur. Azərbaycan dövləti qonşuları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəməsinə baxmayaraq, ona qarşı olan münasibət tamam fərqli idi. Bu mənada Ermənistanı misal göstərmək olar. Vaxtilə İrəvan quberniyası onlara güzəşt olaraq dövlət qurmaları üçün verilsə də, ermənilər bunu düzgün qiymətləndirmədilər.  Və bu, gələcəkdə bir çox fəsalara yol açdı.  
Müstəqil Azərbaycan dövlətinin ərazisində yaşayan ermənilər iğtişaşlar törədir, yerli hakimiyyətə tabe olmaq istəmirdilər. Bu mənada Naxçıvanda, Zəngəzurda, Qarabağda tez-tez dinc əhaliyə qarşı hücumlar təşkil olunurdu. Lakin milli hökumətin tam qətiyyəti sayəsində Qarabağda yaşayan ermənilər müstəqilliyimizi tanımağa məcbur oldular. Bu,müstəqil dövlətimizin ən böyük uğurlarından biri idi. Zəngəzurda da milli hökumət dövlət quruculuğu istiqamətində işlərə başlasa da, buna tam nail ola bilmədi. Təəssüf ki, buna zaman çatmadı. 1920-ci ilin aprelində Azərbaycana ordu yeridilməsi, xarici müdaxilə nəticəsində müstəqil dövlətimiz süquta uğradı. 
K.İsmayılıov bildirib ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, böyük uğurlara imza atıb. Cümhuriyyət demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb. AXC az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Cümhuriyyətin qısa mövcudluğu müddətində həyata keçirilmiş tədbirlər müstəqil dövlətçiliyin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, bütün vətəndaşlara bərabər hüquqların tanınması, qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, milli silahlı qüvvələrin, təhlükəsizlik orqanlarının yaradılması və digər məsələlərin müsbət həllini tapması AXC hökumətinin həyata keçirdiyi strateji kursun miqyası və mahiyyəti haqqında aydın təsəvvür yaradır.
Müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası AXC-nin hüquqi varisi olmaqla həm də onun dəyərlərinə və ənənələrinə sadiqliyini bəyan etdi. Cümhuriyyətin atributlarını bərpa edən müasir Azərbaycan Respublikası ölkədə hüquqi və demokratik dövlət quruculuğunu həyata keçirərkən həm də milli tarixi dəyərlərə, o cümlədən cümhuriyyətin modern dövlətçilik prinsiplərinə söykənir. Bu həm də o deməkdir ki, bu gün bizim  AXC-nin sahib olduğu ərazilərə, sərhədlərə sahib olmağa həm də mənəvi, siyasi, tarixi haqqımız var.  

Müsahibəni apardı:
Azər MUSTAFAYEV