Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qanunun ölkədə effektli olması üçün bütövlükdə iqtisadiyyat leqallaşmalıdır

Bəs qanunun icrası üçün hansı alternativ addımlar atılmalıdır?

14.12.2022 12:10
140
A+
A-

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanunla ölkədə 20 min manat və daha yüksək məbləğdə əməliyyatlar həyata keçirən şəxslər rəsmi şəkildə araşdırılacaq. Mütəxəssislər isə bu qanunun icrasının  elə də asan  olmayacağını vurğulayır, qeyd edirlər ki, ölkəmizdə prosesin tam təmin edilməsi üçün digər qanunvericilik aktları yoxdur.

 “Əvvəlcə gərək bütün sahələrdə çalışan və ya çalışmayan vətəndaşların gəlir və xərclərini tənzimləmək üçün mexanizmin tətbiqi mümkün olsun. Çünki bankla 20 min və artıq əməliyyat aparan müştəriyə bu məbləğin hesabı soruşulanda, “illərlə yığdığım vəsaitdir” desə, müştəriyə heç nə demək olmayacaq. Ancaq inkişaf etmiş ölkələrdə məsələni tənzimləmək üçün paralel olaraq gəlir və xərclərin bəyannaməsi haqqında qanun var, onlar hər il nə qədər gəlir və xərclərinin olduğuna dair belə bir bəyannamə verməlidir”.

Bunu maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd etdi. Dedi ki, bizdə isə belə bəyannamə yoxdur, ona görə də qanunların çoxu formallığa çevrilir. Əslində həmin qanun ölkədə 15 ilə yaxındır var və şəxslərin araşdırılması məsələsi də orada əks olunub. Sadəcə olaraq, indiyədək qanunun icrasına elə də ciddi nəzarət etməyiblər, yəqin ki, bundan sonra tətbiq etməyə başlayacaqlar. Bu, prinsipcə, bütün dünyada var. Həqiqətən də birdən-birə vətəndaş bu qədər pulu necə əldə edə bilər? Qanunda var ki, bank onu yoxlamalı və Maliyyə Monitorinq Xidmətinə məlumat verməlidir.

Bəs qanunun icrası üçün hansı alternativ addımlar atılmalıdır?

Hazırda prosesin tətbiqi vergi sisteminə müsbət təsir göstərəcəkmi? Yoxsa qeyd olunan qanun vergi mexanizminin tətbiqindəki boşluqlar həllini tapdıqdan sonra qüvvəyə minməli idi?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, qanunun ölkədə tam tətbiqi, effektli olması üçün bütövlükdə iqtisadiyyat leqallaşmalıdır, müəyyən təşviqedici Vergi Məcəlləsinin olması, dayanıqlı iqtisadiyyatın inkişafı kimi məsələlər də təsir göstərə bilər. Amma əsas faktor vergi institutunun ölkədə əhatəli olması, təşəkkül tapmasından keçir.

Bəzən hər hansı bir məmurun fəaliyyətinin araşdırılması zamanı yüz milyonlarla korrupsiya faktının aşkara çıxarılmasının şahidi oluruq. Bugünkü şərtlər daxilində 20 min manatdan artıq əməliyyatların araşdırılması nə dərəcədə mümkün olacaq?! Bu özü böyük sual yaradır. Hesab edirəm ki, ilk növbədə qanunvericilik dəstəkləyici olmalıdır. Əhalinin gəlirlərinin əhəmiyyətli hissəsi vergi yükünün azaldılması məqsədilə daha az göstərilirsə, işəgötürənlər bu istiqamətdə tam şəffaflıq yaratmırsa, biznes leqal deyilsə və yaxud da məmurların illik gəlir bəyannamələrinin təqdim edilməsi təcrübəsi inkişaf etməyibsə, bu vəsaitlərin mənbəyinin aydınlaşdırılması o qədər də asan olmayacaq.

R.Həsənov dedi ki, qanun  inkişaf etmiş ölkələrin  təcrübələrində müşahidə olunur. Amma ölkəmizdə indiki şərtlər daxilində necə tətbiq ediləcəyi məsələsi şübhə doğurur. Qanunun  effektiv şəkildə cinayətkarlıq yolu ilə əldə edilmiş vəsaitlərin axınına nəzarətin təmin edilməsi və yaxud da gizli sahibkarlıq fəaliyyətləri, qeyri-qanuni gəlirlərin əldə edilməsi təşəbbüslərini neytrallaşdırmasına ciddi təsir göstərəcəyini demək çox çətindir. Burada Vergi Məcəlləsində dəyişikliklərin edilməsi də heç nəyi dəyişməyəcək.. 

İqtisadçı qeyd etdi ki, müvafiq qərarın qəbul edilməsinin ciddi dəyişikliklərə gətirib çıxarmayacağını düşünməklə bərabər, bu qanunun tətbiqinin əhalinin müvafiq mənbənin göstərilməsi məqsədilə müəyyən mənada öz fəaliyyətlərini təkmilləşdirməsinə, şəffaflaşdırmasına gətirib çıxaracağını hesab edirəm. Bunlar da dolayısı ilə vergi yığımlarına müsbət təsir göstərə bilər. Lakin burda başqa həqiqət də var ki, bu tələblər yeni deyil, əvvəl də var idi. Mövcud şərtlər daxilində hüquqi, fiziki və biznes subyektləri müxtəlif yollar tapırlar. Məsələn, köçürülən məbləğə yığımdan formalaşmış vəsait hesabı deyilirdisə, bu, aşkara çıxarıla bilmir. Çünki əvvəlki dövrlərdə həmin şəxsin gəlirlərinin adekvatlığı, vəsaitinin nə qədərinin yığıma ayrılmasını aydınlaşdırmaq mümkün olmur. Eyni zamanda ölkədə yığımın ancaq banklar vasitəsilə edilməsi təcrübəsi də çox zəifdir. Əhalinin böyük əksəriyyəti öz yığımlarını evlərində  yastıqaltı saxlayırlar, banklara etibar etmirlər. Ona görə də bu, kifayət qədər mürəkkəb məsələdir.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: