Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Regionlar öz vergi gəlirləri ilə artıq özlərini tam təmin edir

Regionlarda vergi daxilolmalarının strukturunda özəl sahibkarlıq subyektlərinin xüsusi üstünlüyü müşahidə edilir.

21.12.2022 12:01
1
A+
A-

2022-ci il dekabrın 15-nə qədər olan müddətdə  dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 milyard manatı keçib. Qeyri-neft-qaz sektorundan daxilolmaların həcmi 7,9 milyard manat təşkil edir. Yəni vergilərin 60 faizi birbaşa qeyri-neft sektorunu əhatə edir. 11 aylıq vergi daxilolmalarının təhlilinə əsasən, təkcə qeyri-neft sektorundan daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 30 % artıbdır.

Vergi daxilolmalarının həcminin artmasında iqtisadi aktivliyin yüksəlməsi, yeni iş yerlərinin yaradılması, qeyri-leqal mühasibatlığın ləğvi və şəffaflığın təmin edilməsi mühüm rol oynayıb. Eyni zamanda bölgələrdə yeni müəssisə və sahibkarlıq subyektlərinin sayının artması da vergilərin həcminə təsir edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin ötən 11 ayı ərzində ölkədə 50 mindən artıq yeni iş yeri yaradılıb ki, onun təxminən 70 faizi regionların payına düşür. Bu dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı da artıb, 11 ayda muzdlu işçilərin sayı 1 milyon 730 min nəfərə çatıb.

Regionların vergi potensialını artırmaqla dövlət sosial-iqtisadi artımı stimullaşdırır, daha dəqiq desək, regionların iqtisadi müstəqilliyi və özünütəminatlılığı artır. Azərbaycan Respublikasının mövcud vergi siyasəti regional iqtisadiyyatın qeyri-neft sektorunun stimullaşdırılması və dinamik inkişafına, əvvəllər istifadə olunmamış ehtiyatların aşkarlanmasına yönəldilir. Ölkə regionlarının inkişafı hazırda öz fərqləndirici cəhətləri ilə də diqqəti cəlb edir. Belə ki, dövlətin vergi potensialının əsas hissəsi paytaxtda və onun ətrafında cəmləşməkdədir.

2022-ci ilin ötən 10 ayı ərzində regionlardan dövlət büdcəsinə daxil olan vergilərin həcmi 900 milyon manatı ötüb, ilin sonunda bu rəqəmin 1 milyard manatdan çox olacağı proqnozlaşdırılır. Ötən 10 ay ərzində regionlarda təmin edilmiş əlverişli biznes və vergi mühiti, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması, yeni vergitutma mənbələrinin yaranması, iqtisadiyyatın indiyədək vergitutma bazasına cəlb edilməmiş ayrı-ayrı sahələrindən vergilərin hesablanması iqtisadiyyatın qeyri-neft bölmələrinin bütün sahələrində vergi yığımlarının artım dinamikasına imkan verib.

Regionlarda vergi daxilolmalarının strukturunda özəl sahibkarlıq subyektlərinin xüsusi üstünlüyü müşahidə edilir. Azad biznesə dövlət dəstəyi tədbirlərinin artırılması, vergi güzəştlərinin tətbiqi, vergi inzibatçılığının sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması özəl sektorun payının həm iqtisadi layihələrdə, həm də dövlət büdcəsinə ödənilən vergilərin həcminin artmasında özünü göstərməkdədir. Regionlar üzrə dövlət büdcəsinə daxil olan vergilərin 75 faizdən çoxu qeyri-dövlət sektoruna aiddir.

Regionlarda vergi daxilolmalarının həcminin artması öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların da sayının artmasına səbəb olmaqdadır. Belə ki, mərkəzləşdirilmiş qaydada və büdcə təşkilatlarının gəlir vergisi və dövlət rüsumu üzrə daxilolmalar istisna olmaqla, real sektor üzrə vergi daxiolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə ən azı 10  faiz artıb ki, bu da rayonların büdcə dotasiyasından asılılığını daha da azaldır. 2022-ci ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayı 52-yə çatıb. Cari ildə cəmi 14 rayona büdcədən vəsait ayrılıb. Belə ki, rayon və şəhərlərdən yalnız Ağdam, Balakən, Cəbrayıl, Goranboy, Xocalı, Xocavənd, Kəlbəcər, Qax, Laçın, Lerik, Oğuz, Yardımlı, Zəngilan və Zərdab rayonları dotasiya ilə təmin edilib.

2023-cü ildə isə dotasiya alacaq rayonların sayı da azalaraq minimallaşaçaq. Belə ki, gələn il 58 rayon və şəhər yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Büdcədən cəmi 8 rayon və şəhərə dotasiya veriləcək ki, onların 6-sı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aiddir. Belə ki, növbəti ildə Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Zəngilan rayonlarına cəmi 8,1 milyon dotasiya veriləcək. Hələlik özlərini öz vergi gəlirləri hesabına təmin edə bilməyən Lerik və Yardımlı (birlikdə 3 milyon manat) rayonlarına da dövlət büdcəsindən dotasiya veriləcəkdir.

Məsələ ondadır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları iqtisadi potensialına görə daha güclü bölgə hesab edildiyindən bu əraziyə əhalinin geridönüşünün təmin edilməsi və yaxın illərdə sənaye-emal, aqrar müəssisələrin fəaliyyətə başlaması sayəsində öz gəlirləri hesabına xərclərini təmin etməyə imkan verəcək. Nəticədə bir neçə ildən sonra onların da büdcə dotasiyasından asılılığı aradan qalxmış olacaq.

Aparılan təhlillər son illərdə mərkəzləşdirilmiş xərclərdən vəsait alan rayonların sayının azalmasına, həm də bir çox təşkilatların xərclərinin yerli xərclərdən çıxarılaraq mərkəzləşdirilmiş xərclərə aid edilməsinin də təsir etdiyini deməyə əsas verir. Ümumiyyətlə, aparılan hesablamalar 2019-cu illə müqayisədə 2023-cü ildə mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılan rayonların sayının 3,6 dəfə, vəsaitin məbləğinin isə 6 dəfə azaldığını göstərir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: