Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hansı məsələlər fərdi əmək mübahisələrinin predmeti ola bilər?

.

21.12.2022 12:46
31
A+
A-

Hansı məsələlər fərdi əmək mübahisələrinin predmeti ola bilər?

 

Fərid MUSAYEV,

Bakı şəhəri.

-Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların tətbiqi zamanı yaranan və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fikir ayrılığı fərdi əmək mübahisələrinin predmeti sayılır:

a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;

b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi;

c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi;

ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

d) əməkhaqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;

e) əməkhaqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;

ə) məzuniyyət hüququnun həyata keçirilməsi;

f) intizam tənbehi verilməsi;

g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi;

ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;

h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;

x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi;

ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması;

i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi;

j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi;

k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.     

 

Ağsu poçtunda 52 il işləmişəm, 20 il həmkarlar ittifaqı komitəsinin sədri seçilmişəm. Bu il pensiyaya çıxmışam. Pensiyaya çıxdıqdan sonra da işçinin həmkarlar  ittifaqı təşkilatı tərəfindən verilən yollayışdan istifadə etmək hüququ varmı?

Abdulali NAĞIYEV,

Ağsu rayonu.

 

-“Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu Qaydaları”na əsasən, həmkarlar ittifaqı komitələri vətəndaşlara müalicə və istirahət üçün yollayışları bir qayda olaraq iş yerində, tələbələrə və şagirdlərə isə təhsil yerində verir.

Əmək pensiyaçılarına sanatoriya-kurort müəssisələrinə yollayışların verilməsi isə həmkarlar ittifaqları respublika komitələrinin nizamnamələrində göstərilən qaydada verilir. Respublika komitələrinin nizamnamələrində bu məsələ fərqli ola bilər.

Sizin işlədiyiniz müəssisənin həmkarlar ittifaqı təşkilatı hansı Respublika Komitəsinin xidmətinə daxildirsə həmkarlar ittifaqı təşkilatı tərəfindən verilən yollayışlarla bağlı sualınızı da həmin komitəyə ünvanlaya bilərsiniz. Bu məsələ komitənin nizamnaməsində göstərilən qaydada həll ediləcək.

 

“Əmək veteranı” adı almış şəxslərə əlavə müavinət hesablanırmı?

Cavanşir MUSAYEV,

Qazax şəhəri.

 

 

- Əmək veteranlarının statusu “Veteranlar haqqında” qanunla təsbit edilir. Qanunun 5-ci maddəsinə əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş, uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılır.

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də göstərilir ki, kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda onlar uzun illər ictimai əməklə məşğul olan sayılır.

Adıçəkilən Qanunda və digər normativ-hüquqi aktlarda əmək veteranları üçün müavinət verilməsi nəzərdə tutulmur.

ETİKETLƏR: