Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in V Məclisi keçirilib

.

28.12.2022 10:46
8
A+
A-

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisi keçirilib.

Öncə Məclis iştirakçıları    Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məclisin gündəliyinə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu”, “AHİK-in Nizamnaməsinə əlavə və dəyişikliklər haqqında” və təşkilati məsələlər daxil edilib.

Gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və gündəlikdə duran digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Məclisdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib (məruzənin tam mətni  qəzetimizin 2-3-cü səhifələrində verilib).

Məclisdə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Hüseyn Kərimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov və Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışıblar.

Ardınca AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı Məclis üzvlərinə bəzi tövsiyələr verib.

S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq vaxtında həll edilməli, vətəndaş məmnunluğu tam təmin olunmalıdır: “Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmaq hamımızın müqəddəs borcudur”.

Sonda AHİK sədri Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və səadət dolu günlər arzulayıb.

Geridə qoyduğumuz 2022-ci ildə ölkəmizin qazandığı uğurlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edən S.Möhbalıyev dövlətimizin daha da inkişafı, xalqımızın firavanlığı və xoşbəxt gələcəyi naminə onlara qarşıdan gələn ildə də böyük nailiyyətlər arzulayıb.

 

ETİKETLƏR: