Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Diaspor nümayəndələrimiz də dinc aksiyalar keçirirlər

Azərbaycan Diaspor Gəncləri  də ilk gündən etibarən eko fəallara dəstək göstərir. Məsələ ilə bağlı sosial media üzərindən kampaniya aparılır.

28.12.2022 12:18
35
A+
A-

Azərbaycanın qeyri-hökumət təşkilatları, ekoloqları və vətəndaş cəmiyyəti fəalları  artıq neçə gündür ki, Şuşa-Laçın yolunda ölkəmizin təbii resurslarının, xüsusilə qızıl və mis yataqlarının qanunsuz istismarına və talan olunmasına, həmçinin həmin ərazilərdə baş verən ekoloji terrora etiraz olaraq dinc aksiya keçirirlər. Təəssüf ki, Ermənistan və erməni lobbisi bu dinc aksiyanın mahiyyətini bilərəkdən təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və Laçın yolunda baş verən hadisələrlə bağlı yalan və böhtan kampaniyası aparır. Ermənilərin bu çirkin kampaniyasına qarşı xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri aktiv mübarizə aparırlar.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalova bildirib ki, harada yaşamasından asılı olmayaraq, diaspor nümayəndələrimiz Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasətinə hər zaman ən sərt şəkildə etiraz ediblər. Ermənistanın ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə vurulmuş zərər, törədilmiş ekoloji cinayət barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə  müvafiq addımlar atıblar.

İctimai və eko fəalların Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyası da diaspor nümayəndələrinin diqqətindən kənarda qalmayıb. Ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərinə imkan verilmədiyi barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Almaniyada fəaliyyət göstərən Azərbaycan icması Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında dinc aksiya keçirib. Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayevin və  Alman-Azərbaycan Mədəniyyət Evinin sədri, Köln-Azərbaycan Evinin rəhbəri Ağa Ağayevin adından alman ictimaiyyətinə müraciət olunub. Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova ölkənin rəsmi şəxslərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı fəalların BMT-nin mənzil-qərargahı önündə dinc etiraz aksiyası keçirilib.

Azərbaycan Diaspor Gəncləri  də ilk gündən etibarən eko fəallara dəstək göstərir. Məsələ ilə bağlı sosial media üzərindən kampaniya aparılır.

Azərbaycan Diaspor Könüllüləri də ictimai və eko fəalların Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyasının iştirakçılarına dəstək nümayiş etdirmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə qruplar halında Şuşa şəhərinə yollanıblar.

Diasporla İş üzrə Dövlət Komitəsi də öz növbəsində ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün müvafiq addımlar atmaqda davam edir.

Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva bildirib ki, biz ölkəmizdə baş verən hadisələrə biganə qala bilmərik. Niderlandda yaşayan soydaşlarımız ilə birlikdə öncə Rusiya səfirliyinin qarşısında aksiya keçirdik. Səfirin adına yazılmış məktubu onun poçt qutusuna atdıq. Bundan əlavə, Haaqada etiraz aksiyası keçirdik. Havanın çox soyuq olmasına baxmayaraq, aksiyada 50-dən çox soydaşımız iştirak etdi. Həmçinin etiraz əlaməti olaraq parlamentə məktublar ünvanladıq. Parlamentin spikerinə də müraciət hazırlamışıq, onu da yaxın günlərdə göndərəcəyik. Ümid edirik, bunlar yaxşı qarşılanar. Niderland birtərəfli mövqeyindən əl çəkib ədalətin yanında olar.  

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: