Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan kimi enerji ölkəsində təbii qaza limitin qoyulmasının heç bir məntiqi yoxdur

Ümumiyyətlə, qazın istifadəsi üçün limitin qoyulmasında hədəf nə idi və nəticələr qarşıya qoyulan hədəfi doğrultdumu?

28.12.2022 12:31
6
A+
A-

Məlum olduğu kimi, Tarif Şurası ötən il təbii qazın əhali üçün limitini 2200 kubmetrdən 1200 kubmetrə endirdi. Nəzərə alsaq ki, qış aylarıdır və havalar da, təbii olaraq, soyuq keçir, əhalinin artıq böyük faizi qaza olan limiti çoxdan keçib. Limitin həcminin reallığa uyğun gəlməməsi səbəbindən xüsusilə həyət evləri və dağ kəndlərində yaşayan əhali qışda ikiqat əziyyət və xərc çəkməli olur. Hələ oktyabr ayından soyuqların düşdüyü dağ kəndlərinin əhalisi qazın pulunu çatdıra bilmədiyindən, necə deyərlər, meşələrə “qənim kəsilmək” məcburiyyətində qalır. Təbii ki, bu da meşələrdə ağacların kəsilərək azaldılmasına və nəticədə ekoloji problemə gətirib çıxarır.

O zaman sual yaranır ki, heç olmasa, dağ rayonlarında qaz limitində güzəştlər edilə bilərmi və yaxud da qaz limitinin o bölgələr üçün ləğv edilməsi mümkündürmü?

Ümumiyyətlə, qazın istifadəsi üçün limitin qoyulmasında hədəf nə idi və nəticələr qarşıya qoyulan hədəfi doğrultdumu?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxladıq. Eldəniz müəllim dedi ki, bu il əhali üzrə abonentlərin 48 faizi təbii qazın istifadəsində 1200 kubmetrlik limiti keçməyib: “2021-ci ilin oktyabrından ölkədə qaz istehlakı üzrə əhali qrupuna qaz verilişi ilə bağlı 3 müxtəlif limit tətbiq olunur. Belə ki, əhali qrupu üçün təbii qazın tarifi illik istehsal həcminə görə 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 kubmetr olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik ödənilir”. 

Eldəniz müəllim onu qeyd etdi ki, qaz limiti bu il olduğu kimi, gələn il də yanvarın ilk 10 günlüyündə sıfırlanacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli elektrik enerjisinə və təbii qaza limitin qoyulmasının doğru bir yanaşma olmadığını dedi: “Azərbaycan kimi enerji ölkəsində kommunal xidmətlərə, o cümlədən elektrik enerjisi və təbii qaza limitin qoyulmasının heç bir məntiqi yoxdur. Nazirlər Kabineti və Tarif Şurası açıqlamalarında bu limitin daha çox insanları qənaətə öyrətmək üçün tətbiq edildiyini söyləyirlər. Bu da yanlış yanaşmadır. Çünki, necə deyərlər, ağlı başında olan bir şəxs nə elektrik enerjisindən, nə də təbii qazdan lazım olmayanda istifadə etmir. Ona görə də bunun qənaətlə heç bir əlaqəsi yoxdur”.

Natiq müəllim dedi ki, limitlərin ləğvi ilə bağlı dəfələrlə təkliflərlə çıxışlarımız olub: “Hesab edirik ki, Azərbaycan vətəndaşı öz təbii sərvətlərinin bəhrəsini görməlidir. Konstitusiyaya görə də, Azərbaycan ərazisinin təbii sərvətləri Azərbaycan xalqına məxsusdur. Yəni, heç olmasa, Konstitusiyanın bu maddəsini əsas gətirərək hökumət limitləri və vətəndaşların kommunal xidmətlərin baha olması səbəbindən ciblərinə dəyən zərəri aradan qaldırarsa, düşünürəm ki, çox gözəl bir addım atmış olar”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə məsələyə fərqli aspektdən yanaşdı. Dedi ki, biz çox israfçı millətik. Limit qoyulması, düşünürəm ki, yerində verilmiş qərardır: “Hər bir sahədə müəyyən normalar, çərçivələr olmalıdır ki, insanlar buna əməl etsinlər. Mən özüm kənddə olarkən insanların qazdan istifadəsinin şahidi olmuşam. Elə evlər var ki, gün ərzində qazın söndüyünü görmək olmurdu. Bax, bu cür halların qarşısını almaq üçün qaz istifadəsində limit tətbiq olunması lazım yox, hətta deyərdim, çox vacibdir. Bu təbii ehtiyatlar bizimdir, nə üçün məqsədyönlü şəkildə istifadə etməyək? Ancaq bu o demək deyil ki, mən qaz limitinin bütün regionlar üzrə eyni tətbiq olunmasının da tərəfdarıyam. Sizin sualınızın cavabı olaraq deyə bilərəm ki, bəli, qışın sərt keçdiyi dağ rayonlarında qaz limiti üçün güzəştlər tətbiq oluna bilər, daha doğrusu, olması lazımdır. Yəni regionlarımızın yerləşdiyi coğrafi ərazilər nəzərə alınmalıdır. Hətta bu məsələyə dəfələrlə Milli Məclisin iclaslarında toxunulub. Sizin də vurğuladığınız kimi, bizim dağlıq ərazilərimiz, xüsusən də şimal rayonlarımız qışı çox erkən qarşılayırlar. Ona görə də bu ərazilərdə insanların qaza tələbatı digər yerlərə nisbətən daha çoxdur. Hətta mən deyərdim ki, bu yerlərdə insanlar qazdan, demək olar ki, istifadə etmirlər. O rayonlarımıza getsəniz görərsiniz ki, hər kəsin evində odun sobaları var, heç kəs qazdan istifadə etmir. Əhali məcbur qalır meşələrdən ağacları kəsib evini isitsin. Bu da meşələrin qırılmasına, yaşıllıqların məhv olmasına səbəb olur. Bir sözlə, ekologiyaya ciddi ziyan vurur. Mən sizə digər ölkələrdən misal çəkmək istəyirəm. Baxın, Rusiyada bu sistem çox gözəl işləyir. Orada çox soyuq olan ərazilərdə qaz limitlərində güzəştlər var. Yəni demək istədiyim odur ki, bu cür tətbiqlər dünya təcrübəsində mövcuddur. Ona görə də düşünürəm ki, aztəminatlı ailələrin, çətin şəraitdə yaşayan insanların tələbatı nəzərə alınaraq bu istiqamətdə müəyyən addım ata bilərik. Daha doğrusu, atmağımız vacibdir”.

 

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR:

Foto