Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minimum əməkhaqqının artırılması sosialyönümlü addımdır

.

11.01.2023 15:10
3
A+
A-

Ölkə başçısının sərəncamı ilə minimum əməkhaqqının artırılması avtomatik olaraq fərdi sahibkarlar tərəfindən Dövlət Sosial Sığorta Fonduna məcburi ayırmaların artmasına səbəb olacaq. Bəzi iqtisadçılara görə, qərar iqtisadiyyatın bəzi sahələrinə yük yaradacaq, çünki ölkədə gəlirlərin bölüşdürülməsində qeyri-bərabərlik mövcuddur.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov fərdi sahibkarların sosial sığorta yükünün son 2 ildə xeyli optimallaşdırıldığını bildirdi. Dedi ki, “Minimum əməkhaqqının artırılması dövlətin yürütdüyü uğurlu sosial siyasətin davamıdır, əhalinin rifah və sosial müdafiəsinin təmin olunmasıdır. Bu sosial tədbirlər sayəsində 700 min vətəndaşımızın gəlirlərində artım baş verəcək. Minimum əməkhaqqının artması özəl sektorda 300 mindən çox insanı, o cümlədən böyük bir sahibkarlar qrupunu da əhatə edəcəkdir. Bu, VÖEN-lə çalışan fərdi sahibkarların vergi öhdəliklərində də dəyişikliyə səbəb olacaq. Əsas etibarilə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin həcmində artım baş verəcək. Belə ki, fərdi sahibkarların DSMF-yə köçürmələri artacaq. Məsələn, Bakıda qeydiyyatda olan fərdi sahibkarlar 2023-cü il yanvardan 75 manat əvəzinə 86 manat, Sumqayıtda qeydiyyatda olanlar 67,5 manat əvəzinə 77,6 manat ödəyəcəklər. Bu, aylıq 8-9 manat əlavə sosial vergi olsa da, həmin sahibkarların iqtisadi fəallığının, illik 15 faizdən çox gəlirlərinin artımı müqabilində əhəmiyyətli rəqəm deyil. İkincisi, həmin ödəmələr fərdi sahibkarların gələcək sosial təminatının qarantı hesab olunur. Bundan başqa, fərdi sahibkarların icbari tibbi sığorta haqqı təxminən 1,8 manat artacaq. Ancaq bunu vergi yükü kimi səciyyələndirmək düzgün deyil, çünki DSMF-yə köçürülən vəsaitlər hər bir kəsin, o cümlədən də fərdi sahibkarların fərdi pensiya yığmı kapitalına toplanır və onların daha çox sığorta haqqı ödəməsi gələcəkdə daha çox pensiya almalarına səbəb olacaq”.

Millət vəkili qeyd etdi ki, minimum əməkhaqqının artırılmasına sahibkarların öhdəliklərinin artması kimi deyil, onların sosial müdafiəsinin təminatının yaxşılaşması və ölkəmizdə sosial rifahın yaxşılaşması, o cümlədən iqtisadi sektorda əlavə stimulların yaranması kimi yanaşmaq lazımdır. “Onu nəzərə almaq lazımdır ki, hökumət 2021-ci ildən etibarən fərdi sahibkarların sosial sığorta öhdəlikləri və sosial sığorta yükünü aşağı salıb. “Sosial sığorta haqqında” qanunda edilmiş dəyişikliklərə əsasən, fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılmaqla yanaşı, azaldılıb. Belə ki, minimum əməkhaqqının məbləği 2 il əvvəl 250 manat müəyyən edilərkən tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25 faizə, digər sahələrdə isə 25 faizdən 15 faizə endirilib. Eyni zamanda faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə diferensiallaşdırılıb. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla da həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılıb, vergi yükü, əksinə, aşağı salınıb”.

Milli Məclisin İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə bildirdi ki, minimum əməkhaqqının artırılması sosialyönümlü addımdır və cənab Prezident də bu addımı atıb: “Hamı gözləyirdi, hamı istəyirdi ki, maaşlar, müavinətlər, təqaüdlər artsın, eyni zamanda təqaüdçülərə verilən maliyyə də artsın. Bu qərar üst-üstə ən az 2 milyon insana maliyyə cəhətdən müsbət formada təsir edəcək, 700 min adamın maaşı artacaq. Minimum əməkhaqqının artması vahid tarif sistemi ilə götürəndə bütün məbləğlərə təsir edəcək, yəni bütün insanlar udacaq. Bəli, sahibkarlar, gərək, müəyyən qədər işlərini elə qursunlar ki, öz işçilərinin maaşlarını nəzərə alsınlar, minimum maaşı artırsınlar. Mən burada elə böyük bir ziddiyyət görmürəm. Belə bir məsələ var-sosial məsələlərin həllinə başqa formada necə çata bilərik? İnsanların rifahını başqa formada necə qaldıra bilərik? Başqa alət yoxdur. Əgər varsa, mən iqtisadçı aliməm, başqa formada necə ola bilər? Bazar iqtisadiyyatıdır  və buna uyğun formada işlər qurulur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dedi ki, minimum əməkhaqqının artırılmasından sonra sosial sığorta haqları mövcud minimum əməkhaqqının 25 faizi miqdarında müəyyənləşdirilib.  Nəzərə alsaq ki, minimum əməkhaqqı 345 manatadək artırılıb, bu halda, inşaat sektoru istisna olmaqla, digər sahələrdə çalışan sahibkarların ödədiyi sığorta haqlarının miqdarı 86 manat 25 qəpik olacaq. Bakı şəhərində bu 100 faiz nəzərdə tutulub. Sumqayıt, Gəncə şəhərində 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərində və qəsəbələrində 60 faiz, kənd yerlərində isə 50 faiz miqdarında müəyyənləşdirilib. Bizim təklif ondan ibarətdir ki, sığorta haqları minimum aylıq əməkhaqqının məbləği ilə bağlı olsa belə, diferensial olaraq, tətbiq edilsin. Sahibkarın gəlirindən asılı olaraq diferensial tətbiq olunması daha məqsədəuyğun sayılardı. Bu, həm də imkan verəcək ki, nisbətən az gəlir əldə edən sahibkarlar nisbətən az ödəniş etsinlər. Eyni zamanda daha çox gəlir əldə edən sahibkarlar üçün burada ödəniş məbləğinin, onun gəlirinə uyğun olaraq, artması mümkündür.

 

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: